Dekabrın 22-də Heydər Əliyev Mərkəzində Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində görkəmli rus şairinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
teleqraf.com-un məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontov əvvəlcə Heydər Əliyev Mərkəzində görkəmli şairin 200 illiyi ilə bağlı təşkil edilmiş sərgi ilə tanış oluBlar.
Sərgi üç bölmədən – “Rəssam Lermontovun əsərlərinin reproduksiyası”, “Şairin bədii surəti uşaqların gözü ilə”, “Lermontov şəxsiyyətinin və onun ədəbi yaradıcılığının Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə və müəllimləri tərəfindən təqdimatı”ndan ibarətdir. 2014-cü ildə böyük rus şairi və yazıçısı Mixail Lermontovun anadan olmasının 200 illiyi bütün dünyada, o cümlədən Azərbaycanda qeyd edilir.
Tədbirin rəsmi hissəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edib. O, bildirib ki, Azərbaycanda böyük rus mədəniyyətinə və ədəbiyyatına həmişə dərin məhəbbət və ehtiramla yanaşıblar: “Bu günün özündə ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı mövcuddur. Əlbəttə, biz Lermontovun Azərbaycan dilini öyrənməsi ilə çox qürur duyuruq. Hətta onun özü qeyd edirdi ki, fransız dili Avropa üçün əhəmiyyətli olduğu qədər Azərbaycan dili də Asiya üçün əhəmiyyətlidir. Böyük maarifçi, filosof və Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə Lermontovun müəllimi olub. Onları həm mehriban və səmimi dostluq, həm də böyük Puşkinin istedadına hədsiz məhəbbət və ehtiram hissi bağlayıb. Zənnimcə, bu, Azərbaycan ilə Rusiyanı birləşdirən köklərin nə qədər qədim və dərin olduğunu bir daha vurğulayır. Həmişə olduğu kimi, bu gün də Azərbaycanda Lermontovu çox sevirlər. Bakıda mərkəzi küçələrdən biri onun adını daşıyır, Qusar şəhərində isə Lermontov muzeyi fəaliyyət göstərir. Bu, şairin qaldığı həmin evdir”.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət xor kapellasının müşayiəti ilə Azərbaycan və Rusiyanın mədəniyyət, incəsənət xadimlərinin ifasında şairin yaradıcılığı ilə bağlı əsərlər, filmlərdən fraqmentlər və şeirlər səsləndi. Tədbirin sonunda Lermontovun “Mələk” əsərinin dünya premyerası olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edən tanınmış incəsənət xadimləri Pyer Şeremetyev, Huquet Şeremetyeva və Kolett Tolstoyla görüşüb.