28 Yanvar 2023 20:19
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında “Nəğməmə inan” tamaşasının premyerası olacaq.

Teatrdan Teleqraf.com-a bildirilib ki, rus bölməsində hazırlanan bu musiqili komediyanın ilk təqdimatı bəstəkarın doğum günündə fevralın 4-də saat 19:00-da onu sevənlərə təqdim olunacaq və bu tamaşa həmçinin fevralın 5-də də oynanılacaq.

Libretto müəllifi və mahnılarının mətni Mixail Şerbaçenkoya məxsus olan bu səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edəcək.
Xatırladaq ki, Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.

Tamaşanın nümayişində Xalq artisti Polad Bülbüloğlunun iştirakı nəzərdə tutulur.


Müəllif: Nərmin Muradova