7 Fevral 2023 14:46
2 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəlzələnin səhəri günü telefonu açanda gördüm ki, atamgildən mesaj gəlib. Yazmışdılar ki, bizə heç nə olmayıb. Hələ hadisədən xəbərim yox idi. Tez zəng elədim. Şükür ki, sağ-salamatdılar”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Adanada yaşayan Xalq artisti Cahangir Novruzovun qızı Nəsibə Zeylanova deyib.

O bildirib ki, zəlzələ nəticəsində valideynlərinin yaşadığı evə ziyan dəyib:

“Bilirsiniz ki, orda iki dəfə güclü zəlzələ oldu. Bir səhər, bir də günorta saatlarında... Günorta olan zəlzələdə atamgilin evinə az da olsa ziyan dəydi. Evin içində və bayırda divarlar çat verdiyinə görə hündürmərtəbəli binalarda insanların qalmasına qadağa qoyulub. Demək olar ki, şəhərin bütün sakinləri küçələrdədir. Binaların arasında qalmaq təhlükəli olduğuna görə atam, anam, nəvəsi şəhəri tərk ediblər.

Şəhərə yaxın bir kənddə tanış bir adamın evində qalırlar. Orda da adam çox olduğuna görə bir hissəsi maşında, bir hissəsi evdə yatır. Səhərə kimi də zəlzələ hiss olunub”.

Nəsibə Zeylanovanın sözlərinə görə, valideynləri bu gün şəhərə qayıdacaq:

“Artıq şəhərə qayıtmaq fikrindədirlər. Hətta ola bilsin, yola çıxıblar. Bundan sonra vəziyyət necə olacaq, evlərinə qayıda biləcəklərmi – bunu demək çətindir. Orda tək mənim valideynlərim deyil, çoxlu sayda azərbaycanlılar yaşayır. İçərilərində xəsarət alanlar da var, evlərini tərk edənlər də. Ölənlərə Allahdan rəhmət, qalanlara can sağlığı, yaralılara şəfa diləyirəm”.


Müəllif: Nərmin