22 Fevral 2023 09:18
2 940
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yüz ilin adamları” layihəsinin rəhbəri, “Rəsulzadə - Ən səmimi sevgi ilə” filminin müəllifi, prodüser, rejissor Hüseyn Cavadzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Hüseyn bəy, sizin prodüseri və müəllifi olduğunuz “Yüz ilin adamları” layihəsi böyük maraqla qarşılandı. Format çox fərqli, özü də həqiqətən əziyyətli işdir. Layihə çərçivəsində Məmməd Əmin Rəsulzadə ilə bağlı hazırlanan verilişin efirdə yayımlanmaması böyük ajiotaj yaratmışdı. Səbəbinə bir azdan toxunarıq. Maraqlıdır, layihədə Rəsulzadə ilə bağlı veriliş hazırlamaq ideyası öncədən mövcud idi, yoxsa daha sonra bu qərara gəldiniz?

- Bizdə məşhur bir atalar sözü var: “Bir əldə iki qarpız tutmaq olmaz”. Mən buna zidd yaşayan adamam. Və təcrübədə, bizim reallığımızda bunun faydalı olduğunu bilirəm. Bakıda işlərim çox olduğu üçün layihəni başlayanda özümə və komandama bir plan müəyyənləşdirmişdim. Amma bəzən plandan kənara da çıxırdım.

Yadımdadır, Rəsulzadə barədə əvvəlcə Avropa səyahətində axtarış etməyə başladıq, nəticə olmadı. Ötən il Türkiyədə rəsmi addım atdım, Ankara, İzmir, Balıkesiri bir-bir gəzdim. Mənə deyirdilər ki, filan yerdə bir alim var, hərçənd nə danışacağı barədə məlumatım yox idi, amma bir kiçicik işığın ardınca da gedirdim. Bilirdim ki, o işıqdan nəsə çıxacaq.

Belə məqamlarda düşünmürəm ki, buna filan qədər xərcim çıxacaq. “Yüz ilin adamları”nda heç nəyə qənaət etmirəm. Öncədən müəyyənləşdirdiyim şəxslərin siyahısı var və ona uyğun hərəkət edirəm.

- “Yüz ilin adamları”nda kamera arxası ilə yanaşı, həm də kamera önündəsiniz.

- Bu da mənim arzu etmədiyim haldır. Bilirsiniz ki, mənim piar imkanlarım çoxdur, amma heç vaxt özümü göstərməyin marağında olmamışam. Hətta sizə deyim ki, veriliş çəkiləndən sonra ilyarım montaj mərhələsində dayandı. Hər dəfə gəlirdim, baxırdım və deyirdim ki, ekranda görünmək istəmirəm.

“Yüz ilin adamları” pandemiya müddətində yaranan boşluq sayəsində üzə çıxdı. Komandam məni yola gətirəndən sonra verilişin tizerini nazirliyə, televiziya kanallarına göndərdim. Çox böyük maraqla qarşılandı. Hətta eyni vaxtda dörd televiziya layihəni yayımlamaq istədiyini bildirdi.

“Yüz ilin adamları” sifariş deyil, tamamilə şəxsi vəsaitim hesabına ərsəyə gəlib. Layihənin bu qədər gözəl qarşılanıb, seviləcəyini düşünmürdüm. Gözlədiyimdən də böyük auditoriya formalaşdı.

- Xarici ölkəyə müəyyən bir məqsədlə, axtarış dalınca gedirdiniz?

- Yox. Təsəvvür edin ki, günorta Əmircanovdan danışıram, axşam Banindən süjet edirəm, səhər yeməyində Rober Osseynlə müsahibəni çəkirəm.

"Sevmədiyim adam haqqında veriliş hazırlamıram"

- Bu, çox çətin iş prosesi deyil? Gərək mətnə tam hakim olasınız...

- Gecə saat 3-də də məni oyatsanız, verilişdə səslənən bütün faktları əzbər deyə bilərəm. Çünki o mətnləri üzündən oxumuram. Bildiyim informasiyalardır.

Əgər verilişin aparıcısı agentlikdən seçdiyim model olsaydı, bunların heç birini edə bilməyəcəkdi. Bəlkə məndən səlis danışacaq, ekranda daha yaxşı görünəcəkdi, amma bu qədər məlumatı ona ötürmək olduqca çətin bir iş olacaqdı. Mən verilişimdə səsləndirdiyim bütün mətnləri özüm yazıram.

- Sifarişlə veriliş çəkmisinizmi?

- Qətiyyən, sevmədiyim adam haqqında veriliş hazırlamıram. Filankəs haqda niyə veriliş hazırlamırsınız, deyə soruşurlar, sifariş verirlər, xahiş edirlər, amma razı olmuram. Çünki içimdən gəlmir. Nəsə bir qığılcım olmalıdır...

"Demişdim, əgər Rəsulzadəni yayımlamasam..."

- Niyə məhz AzTV-ni seçdiniz?

- Bu sözüm bəlkə təkəbbürlü səslənəcək. Televiziya rəhbərləri arasında dostlarım çoxdur. Hətta özəl kanallardan birində yaxın dostlarımızdan biri dedi ki, gəlin, sizə yaxşı şərait yaradacağıq. Mən onun efirinə baxdım və dedim: “Filankəslə bir efirdə olmaq istəmirəm”

AzTV-də özümü daha rahat hiss edirdim. Çünki zər qədrini zərgər bilər. Çox məmnunam ki, Rövşən Məmmədov bizim zəhmətimizi və layihənin tam dəyərini anlayıb qiymətləndirir. Məni AzTV-yə bağlayan birinci məqam budur. Həqiqətən o bizim zəhmətimizi gördü, işimizin nə qədər faydalı olduğunu anladı.

Biz “Google”dan nəsə axtarıb, beş şəkili ard-arda qoyub veriliş hazırlamırıq. “Yüz ilin adamları” əziyyətlə deməzdim, zəhmətlə ərsəyə gəlir. Mən bu işdən böyük zövq alıram və heç vaxt onun iş prosesindən yorulmamışam. Bu, Azərbaycan tarixinə xidmətdir.

Təsəvvür edin, Məmməd Əmin Rəsulzadəni son görən adamla söhbət etmişik. Rusiya mediasına belə heç vaxt müsahibə verməyən Fərman Salmanovun həyat yoldaşının və oğlunun qonağı olub, onların xatirələrini dinləmişik. Topçubaşovun nəvəsindən ekskluziv müsahibə almışıq.

Rober Osseynin Azərbaycan televiziyasında geniş müsahibəsi yayımlanıb. Orada 10 dəqiqə Azərbaycan əsilli olmasından danışır. Bu, faktdır. Bu kimi onlarla faktlar, detallar var. Və mən bunların faydalılığının fərqindəyəm. Bu işdə məni motivasiyadan salmağa cəhdlər çox olub.

Amma demişəm ki, əgər Rəsulzadəni yayımlamasam, Eyyub Tağıyev haqda veriliş çəkməsəm, sanki borcumu ödəməmişəm. Siyahımdakı şəxsiyyətlər haqda mütləq veriliş çəkməliyəm, bu mənə neçəyə və nəyin bahasına başa gəlir-gəlsin.

Elə bilirsiniz, yalnız Rəsulzadəyə həsr olunan verilişlə bağlı problem yaşamışıq? Bir çox verilişlərdə belə olub. "Əli və Nino" romanının müəllifi Qurban Səidi Rəsulzadə qədər sevirəm. Onunla bağlı veriliş də qalmaqalsız ötüşmədi. Məncə, çox müəmmaları aça bildim və bu, fikirlərdə ciddi dəyişkənliyə səbəb oldu. Çəmənzəminli mövzusu rəsmən bitdi. Mən orda sübut etmişəm ki, Qurban Səid Çəmənzəminli deyil (söhbət "Əli və Nino" romanını kimin yazması mübahisəsindən gedir - red.). Bunu AzTV-nin efirində deyəndən sonra çox təzyiqlərlə qarşılaşdım.

"Deputatlardan biri deyib ki, kitabı sən yazacaqsan, mənim adıma çap olunacaq"

- Xarici müsahibləriniz çətinlik yaratmırlar ki?

- Əlbəttə, olur. Adamları çox küsdürüblər. Topçubaşovun nəvəsindən müsahibə almaq üçün bir həftə İstanbulda gözlədim. O, Cümhuriyyət günü ilə bağlı səfirliyimizin təşkil etdiyi tədbirə çağırılmadığına görə bərk incimişdi.

Yaxud Baninin ədəbi varisi Rolf... Uşaqlar ona dəfələrlə yazmışdılar, amma razılıq vermirdi, deyirdi, Berlinə gələrsiniz, baxarıq.

Parisdə Baninlə bağlı verilişin çəkilişlərini bitirdim, Stanislavskinin nəvəsi Maksim Marduxayev dedi ki, Baninin arxivləri Fransanın cənubunda - Herbernakda yaşayan bir ingilis zadəgan ailəsindədir. Oktyabrın 16-sıdır, sabah mənim doğum günümdür, uşaqlara istirahət verib, parti edəcəyimi söz vermişəm. Növbəti gün isə Almaniyaya getməliyik.

Marduxayev bu informasiyanı mənə verəndən sonra Herbernaka getmək üçün səfirliyə müraciət etdim. Onlar kömək edə bilməyəcəklərini dedilər və mən avtomobil kirayə götürüb, komandamla birbaşa Herbernaka yollandım. Ora çatanda səhər saat 6-da idi. Əvvəlcə razılaşmırdılar, amma uzun söhbətdən sonra başa düşdülər ki, mən Baninə necə böyük sevgi ilə yanaşıram.

Bir də gördüm otağa içində arxiv sənədləri olan qutular gətirirlər. Yəni birə-beş informasiyanı paylaşırdılar və hətta mənə Baninin imzası olan açıqca da bağışladılar. Görünür, Banin bu açıqcanı kiminsə doğum gününə yazıb, çünki ünvansız idi. Elə sevinirdim ki... Açıqcanı sosial şəbəkədə paylaşdım və dərhal Rolf mənə yazdı. Dedi, mən sizin bu qədər ciddi olduğunuzu bilmirdim, bu mənim nömrəmdir, Almaniyaya gələndə mənimlə əlaqə saxlayın.

Rolf niyə incimişdi? Deyir sizdən jurnalist zəng edib soruşur ki, Baninin neçə sevgilisi olub? Siz onun sevgilisi olmusunuz? Biz tanış olanda onun 80 yaşı var idi, mən onun mənəvi övladı olmuşam. Azərbaycanlı deputatlardan biri Rolfu Avropada bir tədbirdə görüb və Banin haqqında kitab yazmağı təklif edib. Rolf biletini alıb Naxçıvana gəlib. Həmin deputat Rolfa deyib ki, kitabı sən yazacaqsan, amma mənim adıma çap olunacaq. O da razılaşmayıb. Rolfu küçənin ortasında qoyub gedib.

Siz indi bilsəniz ki, o adam kimdir, nə işlə məşğul olur və camaata nə danışır, təəccüblənərsiniz.

Ankarada Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Rəsulzadəni gənckən görənlərdən biridir. Deyir ki, bilirəm siz danışdıqlarımı efirdə yayımlamayacaqsınız. Axı, o nə bilir ki, mən bir il Rəsulzadəyə görə dirəndim. Nəticələrdən qorxmadan, çəkinmədən bunu etdim. Arxasında da dayandım. Çünki bu, mənim ən səmimi sevgi ilə hazırladığım filmdir.

- Hüseyn bəy, nə baş vermişdi? Niyə öncədən anonsu verilmiş Rəsulzadəyə həsr olunan veriliş AzTV-nin efirində yayımlanmadı?

- Bəli, mən bu barədə elan vermişdim. Çünki razılaşdırılmışdı. Deməliyəm ki, dövlət televiziyası Rəsulzadə irsinə böyük maraq göstərən bir qurumdur. “Rəsulzadə - Ən səmimi sevgi ilə” filminin ötən ay keçirilən təqdimatında “AzTV”nin də əməkdaşları gəldilər, işıqlandırdılar. Keçən il də Rais Rəsulzadəni canlı yayıma dəvət etmişdilər.

Sualınıza cavab olaraq deyim ki, mən verilişi onlara təqdim etmişdim, onlar belə hesab etdilər. Bu qədər...

- Və bununla layihə də dayandı...

- Keçən ilki olaydan sonra bir il ekrana çıxmadım. Bu da mənim şəxsi qərarım idi. Amma bildirim ki, fevral ayında layihənin AzTV-də yayımı bərpa olunacaq.

"Rəsulzadənin yoldaşının məzarı baxımsız vəziyyətdəydi"

- Maraqlı və gözlənilməz xəbər... Hüseyn bəy, filmdə Rəsulzadə ilə bağlı çəkə bilmədiyiniz nələrsə oldu?

- Bəli, oldu. Onun Türkiyədə, Polşada yaşadığı binanı təəssüflər olsun ki, söküblər. Rəsulzadənin həyat yoldaşı Leyla xanımla bağlı ümumiyyətlə heç bir faktımız yox idi. Biz onun məzarını çəkdik, Rəsulzadə ilə eyni məzarlıqda yerləşir, sadəcə uzun müddət onu tapa bilmirdik. Çox baxımsız vəziyyətdəydi, səliqə-sahmana saldıq və film üçün müəyyən çəkilişlər etdik.

Fikir verdinizsə, mən Rəsulzadənin məzarına düzdüyüm güllərdən birini aparıb Leyla xanımın məzarına qoydum.

Etiraf edim ki, Rəsulzadənin məzarına ilk dəfəydi gedirdim. Ora çatanda sözlə ifadə edə bilməyəcəyim hislər keçirdim. Uşaqlara dedim ki, kameranı söndürün, öncə özüm ziyarət etmək istəyirəm. Məzarına getdim, ona sonsuz təşəkkürlərimi bildirdim.

Bu gün qürur hissi keçirirəm ki, ona həsr etdiyim filmi, nəhayət, təqdim etdim.

- Təqdim etməklə kifayətlənmirsiniz, festivallara da göndərirsiniz. Bu yaxınlarda film Amsterdam Dünya Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub. Təbrik edirik. Üstəlik hələ də kinoteatrda nümayişdədir. Nəticələr sizi qane edirmi?

- Filmi kinoteatra verəndə xahiş etmişdim ki, yanvarın 31-i və 1-i yayımlansın. Ən azından məndən bilet istəyən insanlar gedib baxa bilsinlər. Burda heç bir kommersiya maraqlarımız yoxdur. Amma həqiqətən insanlar filmə böyük maraq göstərdilər, sahib çıxdılar.

Bu maraq, sevgi göstərir ki, Məmməd Əmin Rəsulzadə Azərbaycan xalqının ən səmimi sevgisidir.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər