“Cənab prezidentdən başqa teatr sahəsinin qayğısına qalan insan, demək olar ki, yoxdur”.
Bunu Teleqraf.com-a söhbətində Xalq artisti Afaq Bəşirqızı deyib.
Onun sözlərinə görə, teatra xüsusi qayğı göstərilməsi şərtdir: “Teatr incəsənətin ağır sahəsidir. Ona görə teatra qayğı xüsusi olmalıdır. Orada canlı insanlar var, hər teatrda ən az 200 adam işləyir. Bu 200 adamın da problemləri, qayğıları, istəkləri var. Bütün istəkləri həyata keçirmək mümkün olmasa da heç olmasa kömək məqsədilə bəzilərini eləmək lazımdır".
O qeyd edib ki, teatr sahəsində çalışan insanlara qayğı maaşların artırılması, hər hansı aktyorun, aktrisanın, rejissorun, rəssamın mükafatlandırılmasıdır:
“Sosial qayğılar da var, bunları heç kəs boynuna götürmək istəmir. Biz də məcburuq yalnız cənab prezidentə müraciət edək. Aktyorlara torpaq sahəsi lazımdır, onlar üçün ev tikilməlidir. Teatrların statusları, kateqoriyaları artmalıdır. Bu artım oradakı yaradıcı insanların maaşlarına müsbət təsir göstərir.
Üzə salmırıq, demirik, amma aktyorlarımız çox iş görürlər. Onlara müraciət edən-etməyən insanlara, təşkilatlara yardımlarını əsirgəmirlər. Öz titullarından, onlara qarşı olan hörmətdən istifadə edib ehtiyacı olanlara da kömək edirlər”.
Afaq Bəşirqızı bir neçə il öncə İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünü xatırladıb:
“O vaxt görüşdə fikirlərimi demişdim və çox sevinirəm ki, dediyim fikirlər qəbul olundu, bəzi məsələlər həllini tapdı. Amma həllini gözləyən çox işlər var. Mən bilirəm və hiss edirəm ki, yaxşı olacaq. Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində belə bir forumun (“Azərbaycan teatrı -150: İnkişaf perspektivləri” –red.) keçirilməsi məni həddindən artıq sevindirdi. Səhhətimdəki problemlərə baxmayaraq getdim, ürək sözlərimi dedim. Yaxşı olacağına ümidliyəm”.