15 Aprel 2023 22:49
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün çəkilən “Mən burdayam, ilahi!” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşmaq üzrədir.

Azərbaycan Kinematoqrafçılar İttifaqından Teleqraf.com-a verilən məlumata görə, filmin çəkilişləri Bakı şəhəri və ətraf qəsəbələrdə aparılıb. Film sentyabr ayında, anım günündən sonra bütün kinoteatrlarda yayımlanacaq.

Filmin yaradıcı heyətindən quruluşçu rejissor Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, operator Vasif Vəlizadə, baş rol ifaçısı Rasim Cəfər Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləridir.

Filmin ssenari müəllifi Nicat Dadaşov bildirib ki, müharibədə yaralanan qazinin öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib.

Filmdə digər rollarda Aygün Əlipənahova, Günay Həsən, Ayşad Məmmədov və Leyli Vəliyeva kimi tanınmış simalar yer alır.

Qeyd edək ki, filmin yaradıcı heyətinin bundan əvvəl istehsal etdiyi “Hasar” filmi 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında “Ən yaxşı bədii film” nominasiyasına layiq görülüb.


Müəllif: Nərmin

Oxşar xəbərlər