“START-2023” film layihəsinin qalibləri bəll olub.
“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a bildirilib ki, müsabiqə müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub.
Müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunub. 45 layihə dəyərləndirilmək üçün kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurasının ixtiyarına verilib.
Ekspert Şurasına kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov sədrlik edib. Şuranın üzvləri filologiya üzrə fəlsəfə doktoru, dosent, ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, aktyor, ssenarist, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadədir.
Ekspert Şurasının sonuncu iclasında qaliblər müəyyənləşib.
“Tammetrajlı bədii film layihəsi” kateqoriyasında “Özgə ağrı” (Rövşən İsgəndərov), “Qısametrajlı bədii film layihəsi” kateqoriyasında “Erkən hisslər” (Nurlan Həsənli) və “Neytral zonanın sonuncu sakini” (Tahir Tahiroviç), “Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında “Balıq” (Fuad Quliyev) və “Sonuncu lələk” (Firəngiz Bağırova) layihələri qalib elan olunub.
Növbəti mərhələdə qalib gələn layihələrin istehsal olunması nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, müsabiqənin keçirilməsində məqsəd milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaqdır.