12 May 2014 12:15
5 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünya mayın 10-da Kopenhagendə keçirilən 59-cu “Eurovision” yarışmasının transseksual qalibi Konçita Vurstdan danışır.

Teleqraf.com xəbər verir ki, Danimarkada keçirilən bu dəfəki yarışmada 26 ölkə təmsilçisini geridə qoyan K.Vurst oxuduğu “Rise like a phoenix” ( “Simurq quşu kimi yüksəl”) mahnısı ilə 290 xal toplayaraq birinci oldu. Yarışma bitsə də, görünür, müsabiqə ətrafında müzakirələr hələ uzun müddət davam edəcək. Bir çoxları isə bu yarışmanın “mavilərin qələbəsi” kimi tarixə düşdüyünü iddia edir...

Onu da deyək ki, Konçita Vurst bu yarışmaya qatıldığı gündən bir sıra ölkələr tərəfindən qınaq obyektinə tuş gəlib. Hətta belaruslu Artyom Kiraşev adlı bir şəxs yarışmanın ölkədə yayımlanmasının qadağan edilməsinə nail olmaq məqsədilə, onlayn-petisiya əsasında imzaların toplanması işinə başlamışdı. Sözügedən sənədin müəllifi müsabiqədə Avstriyadan olan transvestit-ifaçı Konçita Vurstun iştirakından hiddətlənmişdi. Həmçinin Rusiya ilə Ermənistan təmsilçiləri də avstriyalı təmsilçiyə qarşı kampaniyaya başlamışdılar.

Bütün bunlara baxmayaraq, Konçita Vurst yarışmanın birincisi oldu və “Eurovision-2015” müsabiqəsini öz ölkəsinə apardı.

Azərbaycanda da Konçita Vurstun yarışmanın birincisi olması sərt təpki ilə qarşılanıb. Bir çox sənətçilərimiz yarışma gedən zaman sosial şəbəkələrdə Konçita ilə bağlı fikirlərini yazıblar.

“Saqqallı xanım” kimi tanınan müğənni Konçita Vurst əslində kimdir? Çoxlarının dünyanın sonu əlaməti kimi qəbul etdiyi Konçita (Conchita Wurst) bundan əvvəl kişi musiqi qrupunun lideri Tom Noyvirt (Tom Neuwirth) kimi tanınıb. Sonralar isə özünə Konçita Vurst səhnə adını götürüb.

Maraqlıdır ki, bukmeykerlər avstriyalı ifaçını müsabiqənin favoriti hesab etmirdilər. Amma o, təkcə fanatlarının yox, həm də Avropa KİV-lərinin diqqət mərkəzindədir. İnternet axtarış sistemlərində ən məşhur axtarış sözlərindən biri də “Konçita Vurst əvvəl və indidir”.

Məlumat üçün bildirək ki, Tom Noyvirt 6 noyabr 1988-ci ildə Avstriyanın Qmunden şəhərində doğulub. Hazırda Venada yaşayan 26 yaşlı Konçita, yəni Tom uşaq yaşlarından “Eurovision”un fanatı olduğunu deyib.

2006-cı ildə pop ifaçıların yarışlarına qatılıb və ikinci yeri tutub. 2007-ci ildə pop-rok “Jetzt anders” kişi qrupunu yaradıb. Bu qrupun fəaliyyəti bir neçə ay davam edib. 2011-ci ildə Moda məktəbini bitirib.

Vurğulamaq yerinə düşər ki, ümumilikdə bu il keçirilən yarışma öncəkilərlə müqayisədə zəif keçib. Yarışma texniki baxımdan yüksək təşkil edilsə də, müsabiqəyə qatılan ölkə ifaçıları arasında favorit mahnılar azlıq təşkil edib.

Azərbaycanı müsabiqədə təmsil edən Dilarə Kazımova isə “Start a Fire” mahnısını yüksək peşəkarlıqla ifa etsə də, yarışmada 22-ci sırada yer alıb…

Teleqraf.com oxucularına ifaçı Tomas Hoyvirtin Konçita Vursta çevrilənədək olan foto və videosunun təqdim edir.

Aytən Həsənova


Müəllif: