Bu gün Nizami Kino Mərkəzində "Start-2023" film layihəsi müsabiqəsinin nəticələri ilə bağlı mətbuat konfransı olub.
Teleqraf.com xəbər verir ki, müsabiqəni Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası həyata keçirib.
Müsabiqənin qaliblərini Kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurası müəyyənləşdirib.
Ekspert Şurasına kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov sədrlik edir. Şuranın üzvləri filologiya üzrə fəlsəfə doktoru, dosent, ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, aktyor, ssenarist, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadədir.
"Azərbaycanfilm"in mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov bildirib ki, kinostudiyanın keçirdiyi ötən müsabiqədən fərqli olaraq bu il ilk dəfə ssenarilər Ekspert Şurasının üzvlərinə anonim formada təqdim edilib.
"Azərbaycanfilm" kinostudiyasının direktor müavini Emil Nəcəfov həyata keçirilən müsabiqələrin əhəmiyyətindən danışıb və bildirib ki, ötən ilki müsabiqənin qalibi Mirsadıq Ağazadənin ssenarisi təkmilləşmə mərhələsindədir.
Ekspert Şurasının sədri Elxan Cəfərov deyib ki, hər bir müsabiqə özü özlüyündə çox dəyərlidir:
"Oxuduğumuz 47 ssenari o deməkdir ki, 47 şəxs bu barədə düşünür, kino arzusu ilə yaşayır. Bizim qaliblər ən dəyərli ssenarilər sırasındadır. Bu gün qaliblərin təyin olunması sonradan həmin ssenarilər əsasında filmlərin çəkilməsi məsələsini gündəmə gətirir. Amma təbii ki, hazırda hüquqi tərəfdən kinoda hər şey Azərbaycan Respublikası Kino Agentliyinin açılışından asılıdır".
Əli İsa Cabbarov hesab edir ki, ssenari müsabiqələri nə qədər çox olsa, bu, bir o qədər keyfiyyətli ssenarilərin ortaya çıxmasına şərait yaradacaq: "Bütün qalibləri təbrik edirəm. Ümid edirəm ki, onlar Kino Agentliyinin və "Azərbaycanfilm" kinostudiyasının ən birinci istehsalata buraxılmış layihələri olacaq".
Vidadi Həsənov müsabiqədə diqqətini çəkən məqamları bölüşüb: "Müsabiqəyə təqdim olunmuş əsərlər müxtəlif mövzuları əhatə edirdi. Adətən biz öyrənmişik ki, konyuktura formalaşır və hamı müəyyən mövzuda yazmağa başlayır. Bu dəfə bizim oxuduğumuz ssenarilər müxtəlif mövzularda idi.
Vaxtilə yadıma gəlir ki, şəxsi münasibətlər naminə ssenari verərdilər, oxuyardıq, səriştəsiz yazılarla qarşılaşanda fikir bildirməyə də utanardıq. Sevindiricidir ki, bu müsabiqədə təqdim olunan ssenarilərin əksəriyyəti uğurludur. İnsanlar yeni düşüncəni, yeni baxışı ssenariyə, kinoya gətirirlər".
Çıxışlardan sonra qaliblərə diplomlar təqdim olunub.