“Özümlə bağlı heç bir fikir bildirmək istəmirəm”.
Bunu Teleqraf.com-a açıqlamasında əməkdar artist, rejissor, aktyor Nicat Kazımov Mehriban Ələkbərzadənin Akademik Milli Dram Teatrına gedişindən sonra Gənc Tamaşaçılar Teatrının boş qalan baş rejissor postuna bir qrup aktyor və aktrisaların onun namizədliyini irəli sürməsinə münasibət bildirərkən deyib.
O daha sonra əlavə edib:
“Mehriban xanım sənətinə hörmət etdiyim çox gözəl sənətkarlarımızdan biridir. Rejissorlarımızın sayı bəlkə də kağız üzərində çoxdur, amma həqiqi rejissor sözünü doğruldan barmaqsayı qədər rejissorlarımız var. Onlardan biri də Mehriban Ələkbərzadədir. Onun sənətinə və şəxsiyyətinə böyük hörmətim var. Akademik Milli Dram Teatrının bəxti gətirib, ən layiqli namizəd elə Mehriban xanım idi”.
Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Yasin Qarayev Mədəniyyət Nazirliyinə ünvanladığı müraciətdə teatrın baş rejissor postuna Nicat Kazımovun gətirməsini təklif edib.
Sosial şəbəkələrdə maraqla qarşılanan təklifə teatrın digər aktyor və aktrisaları da qoşulub.