31 May 2023 14:27
2 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qızım Qönçə bir neçə il əvvəl universitetdə Nofəlin hazırladığı (Əməkdar artist Nofəl Vəliyev-red.) tamaşasında Şərəfnisəni oynadı. Hərçənd Nofəl bunu istəmirdi. Qönçənin aktrisa olmasına razı deyildi. Qönçənin isə çox həvəsi və gözəl aktrisalıq bacarığı var. Bizə dedi, bir dəfə tamaşada oynayıb gözümün qurdunu öldürmək istəyirəm. Onda Nofəl Qönçəni mənə tapşırdı ki, onu rola hazırlayım. Qönçə ilə məşğul olduqca pedoqoq kimi bacarığımı kəşf etdim. Ötən il də universitetdən təklif gəlincə razılığımı verdim”.

Bunu Teleqraf.com-a söhbətində Əməkdar artist Leyli Vəliyeva Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışmasının maraqlı tarixçəsinə diqqət çəkən zaman deyib.

Pedoqoq kimi bir ili arxada qoyduğunu bildirən aktrisa tələbələri öyrətdikcə özünün də çox şeylər öyrəndiyini bildirib: “Bir sözlə gözəl və keyfli işdir”.

“Qızınızın aktrisa olmasını niyə istəmədiniz?” sualına aktrisa özünəməxsus cavab verib: “Azərbaycan mədəniyyətində Vəliyevalar bəsdir. Bu, çox çətin işdir. Daha rahat bir işlə məşğul olmasını istədik. Hazırda filoloq kimi fəaliyyət göstərir.

Nofəl də, mən də bu sənətin çətinliyini bilirik. Mən hökmran görünsəm də, ürəyim yumşaqdır. Bəlkə də Qönçənin istəyini və əzmkarlığını görüb razılıq verə bilərdim, amma Nofəl qətiyyətlə yox dedi.

Doğrudur, vaxtilə mənim valideynlərim də aktrisa olmağımı istəmirdilər. Bu yolu mənə Nofəl açdı. Nofəl olmasaydı bəlkə mən də səhnədə olmazdım. Amma görünür ikimiz də qızımızı sənətin keşməkeşlərindən qorumaq istədik”.


Müəllif: Nərmin

Oxşar xəbərlər