9 İyun 09:05
2 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com gerbimizin ərsəyə gətirilməsi ilə bağlı təqdim etdiyi araşdırmanın davamı olaraq daha bir yazını oxucuların ixtiyarına verir.

Xatırladaq ki, dövlətimizin rəmzi olan gerbimiz “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilib.

Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir.

Qalxanın üstündə Dövlət bayrağımızın rəngləri fonunda səkkiz guşəli ağ ulduz, ulduzun mərkəzində alov təsviri var. Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türkçülüyü, müasirliyi və İslamı tərənnüm edir.

Qalxanın və ulduzun saрanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır. Qalxanın rəmzi mənası müdafiəni, üçrəngli dairəvi xətlər bayrağı, dairəvi xətlərin üstündəki səkkizguşəli ulduz günəşi, səkkizguşəli ulduzun ortasındakı alov dilləri Odlar Yurdunu simvolizə edir. Sünbüllər bolluq, palıd budaqları uzunömürlük rəmzidir.

“Etirazımı bildirdim, Elçibəy isə dedi ki...”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı o dövr hadisələrini belə xatırlayır:

“1991-92-ci illərdə Azərbaycan himninin yenidən yazılması, gerbin də yenilənməsi söhbəti ortaya çıxmışdı. Bununla bağlı çoxsaylı yaxşı variantlar var idi. Himnə toxunulmadı, gerblə bağlı müzakirədə ümumi fikir bu oldu ki, Azərbaycan Xalq Cümhuriyyətinə təklif olunan gerb saxlanılsın. Mən gerbə etiraz etmişəm, indi də etiraz edirəm. Düşünürəm ki, gerbimiz Azərbaycanın dövlətçilik ənənələrini, tarixini, reallıqları, millətin keçdiyi qəhrəmanlıq yolunu, ruhunu əks etdirmir. O vaxt da bununla bağlı etirazımı bildirirdim, rəhmətlik Əbülfəz Elçibəy isə deyirdi ki, indi bunların uzun müzakirəsinə vaxtımız yoxdur.

Milli Məclisdə beş-altı dəfə səsə qoyuldu, doğrusu, o səsvermələrdə çox iştirak etmədim, amma nəticə etibarı ilə gerb indiki formada qəbul olundu”.

Xalq şairinin sözlərinə görə, gerblə bağlı keçirilmiş müsabiqəyə təqdim edilən layihələr arasında diqqətçəkən nümunələr olub: “Elçin Məmmədovun, Rasim Babayevin, hətta Tahir Salahovun da variantları vardı. Amma onları geniş müzakirə etməyə imkan və vaxt olmadı”.

“Bəlkə bütöv Azərbaycanı ifadə edən gerbə ehtiyac duyulacaq”

Sabir Rüstəmxanlı müsabiqəyə təqdim olunmuş gerb nümunələrindən birini sonralar VHP-nin loqosu kimi qəbul olunduğunu etiraf edib:

“Onu müsabiqəyə Türkiyədə yaşayan azərbaycanlı rəssam dostumuz Məzahir Avşar təqdim eləmişdi. Nümunədə oğuz boylarının əfsanələrinə və mifologiyasına söykənən altı qardaş, altı ox təsvir edilib. Oradakı Orxan Yenisey yazılarını isə latın qrafikasına dəyişdirəndən və həmçinin bəzi düzəlişlər edəndən sonra partiyanın loqosu kimi təqdim etdik”.

Sabir Rüstəmxanlının sözlərinə görə, gerbin üzərində alov dilləri ilə yazılmış Allah sözü gerbə etiraz edəndən sonra əlavə edilib. “İçəridəki alovu ərəb əlifbası ilə Allah sözünə çevirdilər. Mən bunu o qədər də uğurlu variant hesab etmirəm. Allah sözünü kimin əlavə etməsi isə yadımda deyil. Çünki redaktə işi bir neçə adama tapşırılmışdı. Artıq bu gerb qəbul olunub və indiki vəziyyətdə onun dəyişdirilməsinə ehtiyac duymuram. Bu, rəmzdir.

Gələcəkdə nə vaxtsa yenidən bu məsələyə qayıtmaq olar. Bəlkə də bütöv Azərbaycanı ifadə edən gerbə ehtiyac duyulacaq”.

"Çox adam iddia irəli sürə bilər..."

Xalçaçı rəssam, Azərbaycan manatının ilk eskizlərinin müəllifi Eldar Mikayılzadə saytımıza açıqlamasında bildirib ki, indiki gerbimiz 1920-ci ildə təqdim olunan gerbdir, orda heç kim yenilik etməyib, sadəcə kiçik dəyişiklik olub.

“Bu da heç bir sənətkara əsas vermir ki, müəlliflik hüququnu tələb etsin. Sadəcə tarixi hadisə idi, oldu keçdi, şahidləri də var. Əsas odur ki, gerbimiz bayrağımız, dövlətimiz kimi həmişə ucalarda olsun. Həmişə ona baxaq, sevinək, fəxr edək.

O ki qaldı Allah sözünün yazılmasına… Mən heç vaxt deyə bilmərəm ki, o sözün yazılmasını iddia edən adamlar yalan danışır. O dövrdə hamımızda olan həvəs, həyəcan birdən-birə iki, yaxud üç adamın beyninə bu fikri gətirə bilərdi. Bu, çox normal haldır. Dünya təcrübəsində də var: yaradıcılıqda, elmdə, ixtiralarda bu kimi mistik faktlarla qarşılaşmaq mümkündür.

Düşünürəm ki, o dövrdə geniş müzakirə olunan gerb bir neçə adamın əlindən də keçə bilərdi. Hətta Füzuli Axundovdan savayı, başqaları da mənə Allah sözünün ora əlavə edilməsinin müəllifi olduğunu deyib. Məsələn, Rafiq Məmmədov… Yenə deyirəm, o həvəs, o sevgi çox sənətkarda vardı və hamının iddia irəli sürmək haqqını tanıya bilərik”.

“Yüksək vəzifəli şəxs dedi ki, səsə salma”

Eldar Mikayılzadə 1991-1992-ci illərdə gerblə bağlı keçirilən müsabiqədə iştirak etmədiyini deyir:

“Çox qəribədir ki, gerbi mənə Müdafiə Nazirliyinin bir işçisi gətirmişdi. Dedi, ideya budur, sadəcə çapa vermək üçün səliqəyə salmaq lazımdır. Onda mən Allah sözünü əlavə edib, göndərdim. Bir gün sonra çox yüksək vəzifədə olan adama dedim ki, dünən belə bir şey elədim. Dedi, səsə salma. Çünki o vaxt parlamentdə kommunist partiyasının nümayəndələri çoxluqda idilər.

Dedi ki, onlar bunu bilsələr həm sənin başın ağrıyar, həm də qəbul etməzlər. Səsə salmadıq gerb o cür də qəbul olundu.

Bu hadisənin üzərindən beş-altı ilə keçəndən sonra bir türk jurnalist Bakıya gəldi, o elə bilirdi ki, gerbin üzərindəki Allah sözü Cümhuriyyət dönəmindən qalmadır. Buna şahid olan şəxs məsələni həmin jurnalistə danışadan sonra o adam mənimlə əlaqə saxladı, məndən geniş müsahibə aldı. Məqalə türk qəzetində çap olundu”.

“Ən gözəli məhz indiki gerbimizdir”

Xalçaçı rəssam gerblə bağlı müsabiqə ərzində hazırlanan bəzi işləri gördüyünü bildirib: “Onda mən milli valyutamızın üzərində işləyirdim. Ali Sovetdən gerbin bəzi eskizlərini mən işlədiyim otağa gətirmişdilər. Onların içərisində Azərbaycan xalça naxışlarına, həmçinin quşa oxşayan eskizlər də vardı.

Fikrimcə, o variantların arasında ən gözəli, dövlətimizin siyasətinə uyğun olan da məhz indiki gerbimizdir. Bu işdə əməyi olan hər kəsə Allah ömür versin”.

“Alovu Allah sözü ilə təqdim etdim”

Bir neçə il öncə dünyasını dəyişən qrafik-rəssam Rafiq Məmmədov isə 2019-cu ildə “Azərtac”-a verdiyi son müsahibəsində bunları deyib:

“1991-ci ildə elan edilən ilk müsabiqəyə 100-dən artıq gerb eskizi təqdim edilmişdi. Mən də öz versiyamla çıxış edirdim. Mən gerbi Azərbaycan xalçasından istifadə edərək yaratmışdım. Gerblərin üzərində geniş yayılmış rəmz quşdur. Xalçadan götürdüyüm quşlarla gerbi hazırladım. Müsabiqədə birinci yeri tutdum. Xalçalarda bir-biri ilə üzbəüz dayanan quşlar birlik, bərabərlik rəmzi kimi təcəssüm olunur. 1992-ci ildə müsabiqənin nəticələri ləğv edildi. Yenidən müsabiqə keçirdilər. Milli Məclisə bir rəmz çıxarmışdılar. Amma o peşəkar rəmzə oxşamırdı. Savadlı adamlar onu qəbul etmədilər. Bir nəfər mənə zəng edib dedi ki, xahiş edirik, bu gerbi yenidən işləyin.

Şirşavidzenin eskizində qrafik göstəricilər yaxşı deyildi. Təsvir olunan simvollar aydın görünmürdü. Amma qrafika aydınlığı sevir.

Ən böyük problem də məşəldə idi. İlkin versiyada alov süpürgənin dillərinə bənzəyirdi. Çox fikirləşdim, axırda alovu Allah sözü ilə təqdim etdim. Gerbdə belə də qaldı”.


Müəllif: Nərmin Muradova