8 İyun 2023 12:17
4 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycan Respublikasının Dövlət Gerbinin qəbul edilməsindən 30 il ötür.

Teleqraf.com bu münasibətlə təqdim etdiyi araşdırmada 1991-93-cü illər hadisələrinə yenidən nəzər salacaq, gerbimizin qəbulu prosedurunu diqqətə çatdıracaq.

Qeyd edək ki, müasir Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə Aleksandr Şervaşidze tərəfindən yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklərlə təkrarıdır.

Dövlətimizin rəmzi olan gerbimiz “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilib.

Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir.

Qalxanın üstündə Dövlət bayrağımızın rəngləri fonunda səkkiz guşəli ağ ulduz, ulduzun mərkəzində alov təsviri var. Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türkçülüyü, müasirliyi və İslamı tərənnüm edir.

Qalxanın və ulduzun saрanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır. Qalxanın rəmzi mənası müdafiəni, üçrəngli dairəvi xətlər bayrağı, dairəvi xətlərin üstündəki səkkizguşəli ulduz günəşi, səkkizguşəli ulduzun ortasındakı alov dilləri Odlar Yurdunu simvolizə edir. Sünbüllər bolluq, palıd budaqları uzunömürlük rəmzidir.

“Etirazımı bildirdim, Elçibəy isə dedi ki...”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı o dövr hadisələrini belə xatırlayır:

“1991-92-ci illərdə Azərbaycan himninin yenidən yazılması, gerbin də yenilənməsi söhbəti ortaya çıxmışdı. Bununla bağlı çoxsaylı yaxşı variantlar var idi. Himnə toxunulmadı, gerblə bağlı müzakirədə ümumi fikir bu oldu ki, Azərbaycan Xalq Cümhuriyyətinə təklif olunan gerb saxlanılsın. Mən gerbə etiraz etmişəm, indi də etiraz edirəm. Düşünürəm ki, gerbimiz Azərbaycanın dövlətçilik ənənələrini, tarixini, reallıqları, millətin keçdiyi qəhrəmanlıq yolunu, ruhunu əks etdirmir. O vaxt da bununla bağlı etirazımı bildirirdim, rəhmətlik Əbülfəz Elçibəy isə deyirdi ki, indi bunların uzun müzakirəsinə vaxtımız yoxdur.

Milli Məclisdə beş-altı dəfə səsə qoyuldu, doğrusu, o səsvermələrdə çox iştirak etmədim, amma nəticə etibarı ilə gerb indiki formada qəbul olundu”.

Xalq şairinin sözlərinə görə, gerblə bağlı keçirilmiş müsabiqəyə təqdim edilən layihələr arasında diqqətçəkən nümunələr olub: “Elçin Məmmədovun, Rasim Babayevin, hətta Tahir Salahovun da variantları vardı. Amma onları geniş müzakirə etməyə imkan və vaxt olmadı”.

“Bəlkə bütöv Azərbaycanı ifadə edən gerbə ehtiyac duyulacaq”

Sabir Rüstəmxanlı müsabiqəyə təqdim olunmuş gerb nümunələrindən birini sonralar VHP-nin loqosu kimi qəbul olunduğunu etiraf edib:

“Onu müsabiqəyə Türkiyədə yaşayan azərbaycanlı rəssam dostumuz Məzahir Avşar təqdim eləmişdi. Nümunədə oğuz boylarının əfsanələrinə və mifologiyasına söykənən altı qardaş, altı ox təsvir edilib. Oradakı Orxan Yenisey yazılarını isə latın qrafikasına dəyişdirəndən və həmçinin bəzi düzəlişlər edəndən sonra partiyanın loqosu kimi təqdim etdik”.

Onu kim yazıb?

Gerbimizə kiçik dəyişiklikləri edən, həmçinin gerbin rəsmi açıqlamasında yer almayan mübahisəli Allah sözünü yazan müəllifin kimliyi hələ də müəmmadır. Bununla bağlı çox qəribə tarixçələr mövcuddur. İddialılar arasında rəssamlardan Füzuli Axundov, Eldar Mikayılzadə və mərhum rəssam Rafiq Məmmədov yer alıb.

"Çox adam iddia irəli sürə bilər..."

Xalçaçı rəssam, Azərbaycan manatının ilk eskizlərinin müəllifi Eldar Mikayılzadə saytımıza açıqlamasında bildirib ki, indiki gerbimiz 1920-ci ildə təqdim olunan gerbdir, orda heç kim yenilik etməyib, sadəcə kiçik dəyişiklik olub.

“Bu da heç bir sənətkara əsas vermir ki, müəlliflik hüququnu tələb etsin. Sadəcə tarixi hadisə idi, oldu keçdi, şahidləri də var. Əsas odur ki, gerbimiz bayrağımız, dövlətimiz kimi həmişə ucalarda olsun. Həmişə ona baxaq, sevinək, fəxr edək.

O ki qaldı Allah sözünün yazılmasına… Mən heç vaxt deyə bilmərəm ki, o sözün yazılmasını iddia edən adamlar yalan danışır. O dövrdə hamımızda olan həvəs, həyəcan birdən-birə iki, yaxud üç adamın beyninə bu fikri gətirə bilərdi. Bu, çox normal haldır. Dünya təcrübəsində də var: yaradıcılıqda, elmdə, ixtiralarda bu kimi mistik faktlarla qarşılaşmaq mümkündür.

Düşünürəm ki, o dövrdə geniş müzakirə olunan gerb bir neçə adamın əlindən də keçə bilərdi. Hətta Füzuli Axundovdan savayı, başqaları da mənə Allah sözünün ora əlavə edilməsinin müəllifi olduğunu deyib. Məsələn, Rafiq Məmmədov… Yenə deyirəm, o həvəs, o sevgi çox sənətkarda vardı və hamının iddia irəli sürmək haqqını tanıya bilərik”.

“Yüksək vəzifəli şəxs dedi ki, səsə salma”

Eldar Mikayılzadə 1991-1992-ci illərdə gerblə bağlı keçirilən müsabiqədə iştirak etmədiyini deyir:

“Çox qəribədir ki, gerbi mənə Müdafiə Nazirliyinin bir işçisi gətirmişdi. Dedi, ideya budur, sadəcə çapa vermək üçün səliqəyə salmaq lazımdır. Onda mən Allah sözünü əlavə edib, göndərdim. Bir gün sonra çox yüksək vəzifədə olan adama dedim ki, dünən belə bir şey elədim. Dedi, səsə salma. Çünki o vaxt parlamentdə kommunist partiyasının nümayəndələri çoxluqda idilər.

Dedi ki, onlar bunu bilsələr həm sənin başın ağrıyar, həm də qəbul etməzlər. Səsə salmadıq gerb o cür də qəbul olundu.

Bu hadisənin üzərindən beş-altı ilə keçəndən sonra bir türk jurnalist Bakıya gəldi, o elə bilirdi ki, gerbin üzərindəki Allah sözü Cümhuriyyət dönəmindən qalmadır. Buna şahid olan şəxs məsələni həmin jurnalistə danışadan sonra o adam mənimlə əlaqə saxladı, məndən geniş müsahibə aldı. Məqalə türk qəzetində çap olundu”.

“Ən gözəli məhz indiki gerbimizdir”

Xalçaçı rəssam gerblə bağlı müsabiqə ərzində hazırlanan bəzi işləri gördüyünü bildirib: “Onda mən milli valyutamızın üzərində işləyirdim. Ali Sovetdən gerbin bəzi eskizlərini mən işlədiyim otağa gətirmişdilər. Onların içərisində Azərbaycan xalça naxışlarına, həmçinin quşa oxşayan eskizlər də vardı.

Fikrimcə, o variantların arasında ən gözəli, dövlətimizin siyasətinə uyğun olan da məhz indiki gerbimizdir. Bu işdə əməyi olan hər kəsə Allah ömür versin”.

“Alovu Allah sözü ilə təqdim etdim”

Bir neçə il öncə dünyasını dəyişən qrafik-rəssam Rafiq Məmmədov isə 2019-cu ildə “Azərtac”-a verdiyi son müsahibəsində bunları deyib:

“1991-ci ildə elan edilən ilk müsabiqəyə 100-dən artıq gerb eskizi təqdim edilmişdi. Mən də öz versiyamla çıxış edirdim. Mən gerbi Azərbaycan xalçasından istifadə edərək yaratmışdım. Gerblərin üzərində geniş yayılmış rəmz quşdur. Xalçadan götürdüyüm quşlarla gerbi hazırladım. Müsabiqədə birinci yeri tutdum. Xalçalarda bir-biri ilə üzbəüz dayanan quşlar birlik, bərabərlik rəmzi kimi təcəssüm olunur. 1992-ci ildə müsabiqənin nəticələri ləğv edildi. Yenidən müsabiqə keçirdilər. Milli Məclisə bir rəmz çıxarmışdılar. Amma o peşəkar rəmzə oxşamırdı. Savadlı adamlar onu qəbul etmədilər. Bir nəfər mənə zəng edib dedi ki, xahiş edirik, bu gerbi yenidən işləyin.

Şirşavidzenin eskizində qrafik göstəricilər yaxşı deyildi. Təsvir olunan simvollar aydın görünmürdü. Amma qrafika aydınlığı sevir.

Ən böyük problem də məşəldə idi. İlkin versiyada alov süpürgənin dillərinə bənzəyirdi. Çox fikirləşdim, axırda alovu Allah sözü ilə təqdim etdim. Gerbdə belə də qaldı”.

“Elçibəy dedi ki, onu açıqlasaq, üstümüzə hücum çəkəcəklər”

Keçmiş Ali Sovetin deputatı, rəssam, 1992-99-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsində çalışmış, özünü gerbin həmmüəllifi hesab edən Füzuli Axundov saytımıza açıqlamasında qeyd edib ki, gerbə ərəbcə Allah sözünün oxunuşunu bildirən təsviri məhz o əlavə edib və Ali Sovetdə bu əlavənin müdafiəsində durub:

“1991-ci ilin 18 oktyabrında Müstəqillik aktı qəbul olunanda prezident Ayaz Mütəllibov, Ali Sovetin sədri Elmira Qafarova idi. Səhv etmirəmsə, Elmira Qafarova rəssam Rafiq Məmmədova gerb sifariş etmişdi. Doğrusu, şəxsən mən o dövrdə gerblə bağlı hər hansı müsabiqənin keçirilməsini eşitməmişəm.

Əbülfəz Elçibəy hakimiyyətə gələndən sonra Azərbaycanın bayrağı, himni və gerbinin qəbulu məsələsi yenidən aktuallıq qazandı. Mərhum Elçibəy təklif etdi ki, Azərbaycan gerbi Cümhuriyyət üçün hazırlanmış, ancaq təqdim və qəbul olunmamış gerbin əsasında hazırlansın. Çünki biz həmin cümhuriyyətin varisiyik.

O vaxt gerblə bağlı müsabiqə elan etdik və müvafiq komissiya yaratdıq. Müsabiqədə ölkənin bir çox tanınmış rəssamları iştirak etdi. Onu da deyim ki, müsabiqəyə təqdim olunan bütün eskizlər mətbuatda çap olunmadı. Buna gərək də yox idi. Bəziləri isə mətbuata çıxarıldı.

İndiki mövcud gerbdə yalnız Allah sözü dəyişib. Çünki Azərbaycan Xalq Cümhuriyyəti dövründə təqdim olunan gerbi gürcü knyazı Aleksandr Şirvaşidze hazırlamışdı. Onun versiyasında qalxanın ortasında tonqal şəkli var idi. Bu isə gerbə uyğun deyildi. Ağlıma gəldi ki, gerbə Allah kəlməsinin təsvirini verək. Fars-ərəb əlifbasının qrafikası ilə məşğul olduğuma görə gerbdə butanın içərisində ərəb əlifası ilə Allah kəlməsi yazdım.

Tam hazır versiyanı Elçibəyə göstərəndə Allah kəlməsini görüb çox təəccübləndi. Ərəbşünas olduğuna görə bunu çox tez sezdi. Dedim, bəy, əgər bu söz burda qalacaqsa, mən onu Məclisdə müdafiə edəcəm. Əks təqdirdə, mən bu işdən uzaqlaşacam, kim istəyir gerbi elə də dəyişdirsin.

Artıq müsabiqə bitmişdi, işlər təqdim olunmuşdu, təxminən 80-ə yaxın işin içərisindən geniş müzakirəyə çıxarılması üçün seçilən 3 gerb var idi, onlardan biri də bu idi.

Səhv etmirəmsə, müzakirəyə təqdim olunanlardan biri də rəssam Rafiq Məmmədova məxsus idi. O, xalça elementi olan zümrüd quşunu üz-üzə qoyaraq ortasında bayraq şəkli asmışdı. Mən hesab edirdim ki, bu, gerbimizə uyğun deyil. İki zümrüd quşunu üzə-üzə qoymaq mənə qəribə göründü. Əgər bu cənublu-şimallı Azərbaycandırsa, onları niyə üz-üzə qoymalıyıq?

Digər gerb variantı qədim türk tayfalarına məxsus işarəyə əsaslanaraq yaradılmış nümunə idi, çox dəqiq yadımda qalmayıb. Üçü də müzakirəyə çıxarıldı, amma əsas müzakirə və mübahisə obyekti indiki gerbimiz oldu.

Alov dilləri ilə əslində Allah kəlməsi yazıldığını Elçibəyin məsləhəti Ali Sovetdə ortaya çıxarmadım. Heç kim də bundan şübhələnmədi. Elçibəy dedi ki, orda 360 kommunist oturub, sən onlarla nə danışacaqsan? Get, gerbi müdafiə elə, bu gerb keçsin, kommunistlər bunu buraxmasalar, mən prezidentlik səlahiyyətimdən istifadə edib onu bir də müzakirəyə qaytaracam.

Uzun söz-söhbət, müzakirə, mübahisədən sonra, nəhayət, bu versiyanın üzərində dayandılar. Ali Sovetdə dedim ki, bir halda ki biz Azərbaycan Xalq Cümhuriyyətinin varisi və davamçısıyıq, o zaman bu gerb də Cümhuriyyət gerbinin bir az dəyişdirilmiş forması kimi qəbul olunmalıdır. Əslində mən bu məsələdə özümü tək müəllif də saymıram, mən həmmüəllifəm. Amma gerbdəki Allah kəlməsi tamamilə mənim ideyamdır.

Gerb haqqında qanun qəbul olunanda Elçibəyə dedim ki, biz orada alov dillərinin Allah kəlməsini ifadə etdiyini, həmmüəlliflik hüququnun kimə məxsus olmasını da qeyd etməliyik. Dedi, Füzuli, əgər onu yazsaq, bizə daha çox hücum edəcəklər. Belədə ola bilsin, bu gerbi müdafiə etməyə gücümüz çatmasın. Yazmayaq, kim başa düşsə nə gözəl, başa düşməyənlər də illər sonra həqiqəti biləcəklər”.

“Bu gerbin əleyhinəydi”

“Rafiq Məmmədov niyə gerbə iddialı idi? Bununla bağlı bir məsələni demək istəyirəm. Ayaz Mütəllibovun dövründə rəsmi qurumlar bir çox sifarişləri ona verirdi. Elçibəyin zamanında mən Bakı Şəhər İcra Hakimiyyətində müavin işləyən zaman Rafiq Məmmədov yanıma gəldi və dedi ki, gerbin işlənməsi ilə bağlı sifariş alıb. Rafiqin onda kompüteri var idi. Onda kompüter nadir adamlarda olurdu.

Mən əlimdəki eskizi götürüb onun emalatxanasına getdim və kompüterdə eskizi açdıq. Ola bilsin, gerbin üzərində o da bəzi qrafik işlər görüb. Bu məsələdən çıxış edərək Rafiq Məmmədov belə bir iddia irəli sürüb. Əslində o, gerbin bu versiyasının qəbulunun əleyhinə idi. Deyirdi ki, bu, bir-birinin üzərinə yerləşdirilmiş iki xaç şəklidir.

Rəssam Eldar Mikayılzadənin isə bu işə heç bir aidiyyəti yoxdur. Uzun illər bundan öncə telekanalların birində bir veriliş yayımlanırdı. Ərəb-fars sözlərindən qurulmuş kompozisiyalardan bəhs edən verilişin aparıcısı İlhamiyyə Rza idi. Mənim tələbə yoldaşlarım, ərəb-fars qrafikası ilə maraqlı işlər ortaya qoyan xəttat Yavər Əsədov, xalçaçı rəssam Eldar Mikayılzadə də o verilişdə iştirak edirdi.

Verilişin aparıcısı İlhamiyyə xanım Yavərə sual verdi ki, mən heç bilməzdim, gerbi siz işləmisiniz... Yavər də cavab verdi ki, gerbi mən işləməmişəm, bəlkə Eldar Mikayılzadə işləyib. Aparıcı üzünü Eldara çevirib, eyni sualla ona müraciət edəndə Eldar nə hə dedi, nə də yox.

O verilişin səhəri “Yeni Müsavat” qəzetində Eldar Mikayılzadəyə müraciət etdim. Qeyd etdim ki, həmin sualın qarşısında sən gərək aparıcıya gerb məsələsinin sənə aidiyyətinin olmadığını deyərdin. Bir müddət keçəndən sonra mənim Əbülfəz Elçibəylə bağlı danışdığım hadisəni o Allahşükür Paşazadə ilə bağlı dilə gətirməyə başladı. Dediyinə görə, guya özünün hazırladığı Allah sözünün əlavə edilmiş gerb variantını Paşazadəyə göstərib və o da bunun qabardılmasını istəməyib.

Doğrusu, mən heç gözləməzdim ki, elə yüksək səviyyədə olan rəssam belə bir iddiaya düşsün.

Həmişə demişəm və deyəcəm: rəssam kimi xeyli əsərlər yaratmışam, amma hesab edirəm ki, mənim ən böyük əsərim gerbin ortasında yazılan Allah kəlməsidir”.

"Etiraz edəndən sonra dəyişdilər"

Sabir Rüstəmxanlı isə deyir ki, gerbin üzərində alov dilləri ilə yazılmış Allah sözü gerbə etiraz edəndən sonra əlavə edilib. “İçəridəki alovu ərəb əlifbası ilə Allah sözünə çevirdilər. Allah sözünü kimin əlavə etməsi isə yadımda deyil. Çünki redaktə işi bir neçə adama tapşırılmışdı.

Düzü, mən bunu o qədər də uğurlu variant hesab etmirəm. Artıq bu gerb qəbul olunub və indiki vəziyyətdə onun dəyişdirilməsinə ehtiyac duymuram. Bu, rəmzdir.

Gələcəkdə nə vaxtsa yenidən bu məsələyə qayıtmaq olar. Bəlkə də gün gələcək bütöv Azərbaycanı ifadə edən gerbə ehtiyac duyulacaq”.

Gerbin müəllifi gürcü knyaz kimdir?

Bəs Azərbaycan gerbinin müəllifi 1867-1968-ci illərdə yaşamış knyaz Aleksandr Şervaşidze kimdir? Milli Arxiv İdarəsinin Sənədlərin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun vaxtilə mətbuatda yer alan məqaləsinə istinadən bildirək ki, Aleksandr Şervaşidze öz dövrünün tanınmış rəssamı və mədəniyyət xadimi olub.

Məqalədən çıxarış: “Tanınmış rəssam və incəsənət xadimi Аlеksаndr Коnstаntinоviç Çаçbаnın (Şеrvаşidzеnin) irsi və estetik baxışları incəsənət tarixi üçün böyük maraq doğurur. İlk növbədə qeyd etmək lazımdır ki, Şеrvаşidzе - Çaçba, hakim abxaz knyazlarının soyadının gürcü formasıdır.

Rəssam öz əsərlərini Şеrvаşidzе və yaxud Çaçba soyadı ilə imzalayıb. O, 1907-1918-illərdə Peterburq İmperator teatrında, 1929-1948-ci illərdə isə xaricdə - S.P.Dyagilev adına Rus baletində səhnə quruluşçusu vəzifəsində işləyib və həyatını humanist ideallara həsr edib. Yaratdığı rəsmlər, qrafik vərəqlər, çoxsaylı dekorasiya eskizləri, teatr səhnələri üçün kostyumlar, incəsənət əsərləri A.K.Çаçbаnı (Şеrvаşidzеni) XX əsrin görkəmli mədəniyyət xadimi kimi xarakterizə edib.

Arxiv sənədləri təsdiq edir ki, A.Şervaşidze 1919-cu ildə Bakıda yaşayaraq uğurla fəaliyyət göstərib. Məsələn, Azərbaycan Respublikası Xalq Maarif Naziri N.Yusifbəyli knyaz A.K Şervaşidzenin mənzillə təmin edilməsi haqqında Bakı Qubernatoruna göndərdiyi 3 dekabr 1919-cu il tarixli 13980 №-li məktubda qeyd edirdi: “Knyaz Aleksandr Konstantinoviç Şervaşidze mənim tapşırığımla artıq iki aya yaxındır ki, mənə həvalə edilmiş Nazirlik üçün Azərbaycan Respublikasında İncəsənət İnstitutunun yaradılmasının layihəsi üzərində işləyir.

Adı çəkilən Şervaşidze yuxarıda geyd edilən İnstitutun direktoru vəzifəsinə dəvət edilir və ona görə də o, həmin İnstitutun yaradılması işində və bu məsələ ilə bağlı keçirilən iclaslarda uzun müddətdir ki, iştirak edir.

Knyaz Şervaşidzenin “Birjevaya” (indiki Üzeyir Hacıbəyov) küçəsindəki ev 19-da tutduğu iki otaqlı yaşayış mənzili Sizin sərəncamınızla Dövlət qulluqçusunun xeyrinə müsadirə edildikdən sonra Şervaşidze tamamilə mənzilsiz qalmışdır.

Yuxarıda qeyd olunanları və mənə həvalə edilmiş Nazirliyin artıq iki aya yaxındır ki, onun əməyindən istifadə etdiyini, eləcə də onun bundan sonra Xalq Maarif Nazirliyi üzrə qulluqçuların siyahısına daxil ediləcəyini və Bakı şəhərində milli bədii qüvvələrin yoxluğu ucbatından Şervaşidzenin icra etdiyi işlərin başqa şəxsə tapşırılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq knyaz Şervaşidzeyə lazım olan yaşayış yerinin ayrılması haqqında sərəncam verməyinizi və nəticəsi haqqında məni məlumatlandırmağınızı xahiş edirəm”.

Sənədlər araşdırılarkən digər maraqlı məlumat da aşkar edildi. Azərbaycan Respublikasının Daxili İşlər Naziri əvəzinə imza etmiş general-mayor Haşımbəyov 31 may 1919-cu il tarixdə Bakı Qubernatoruna ünvanladığı 4034 №-li məktubda xahiş edirdi ki, Daxili İşlər Nazirinin Dəftərxana şöbəsinin rəisi Vladimir Konstantinoviç Çacba – Şirvaşidzeyə üç otaqlı mənzilin ayrılması haqqında müvafiq sərəncamı versin.

Bakı şəhər İdarəsinin rəisi Q.A.Qudiyevin 5 iyul 1919-cu il tarixdə təqdim etdiyi orderlə knyaz Şervaşidze Bakı şəhərində Kamenistoy (indiki Məmməd Rahim) küçəsində mənzillə təmin edilib və bu haqda ona order təqdim olunub. Sənədlərdəki məlumatlara əsaslanaraq qeyd edirik ki, həmin illərdə Bakıda təkcə kn. A.Şervaşidze deyil, kn. V.Şervaşidze də yaşayaraq fəaliyyət göstərib.

Cümhuriyyət hökuməti hərbi ordenlərin, milli himn, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması haqqında 1920-ci il yanvarın 30-da qərar qəbul etdi. Həmin qərarın 1-ci bəndində qeyd edilirdi ki, 25 min rubl mükafatla ordenlərin layihələrinin hazırlanması üzrə müsabiqənin elan edilməsi Hərbi nazirə tapşırılsın. Layihələrin əsas vəzifəsi Azərbaycanın müstəqillik simvoluna xidmət etmək idi.

Qərarın 2-ci bəndində isə 50 min rubl mükafatla milli himnin, 25 min rubl mükafatla isə dövlət gerbinin və möhürünün layihələrinin hazırlanması üzrə müsabiqənin elan edilməsi Xalq Maarif Nazirinə tapşırıldı.

Qalib gəlmiş layihələr Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalının II ildönümünədək təsdiq olunması müəyyənləşdirilmişdi... Lakin 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsi bunu mümkün etmədi. Həmin tarixi hadisələrin üzərindən 71 il keçdikdən sonra Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqənin elan olunması haqqında” xüsusi qərar qəbul etdi.

Həmin qərara əsasən Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat məbləğində mükafat təsis edildi. Xatırladırıq ki, həmin dövrlərdə müxtəlif mətbuat orqanlarında kifayət qədər yeni gerb layihələri dərc olundu.

1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələr, o cümlədən kn. A.Şervaşidze tərəfindən 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. 1919-1920-ci illərdə A. Şervaşidze tərəfindən işlənib hazırlanmış gerb layihəsinə rəssam-dizayner Rafiq Məmmədov tərəfindən müəyyən düzəlişlər və təkmilləşdirmələr edildikdən sonra Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiq edildi”.

Şervaşidze, yoxsa erməni əsilli Şirvanzadə?

Yuxarıda bəhs etdiyimiz məqalənin müəllifi Rafiq Səfərov Teleqraf.com-a açıqlamasında bildirib ki, məqsədi ictimaiyyəti Şervaşidze haqqında ətraflı məlumatlandırmaq olub:

“Təəssüf ki, çox adam Şervaşidzeni erməni əsilli Aleksandr Şirvanzadə ilə səhv salır. Şervaşidze öz dövrünün tanınmış rəssamı olub. Azərbaycandan kənarda da tanınan rəssamdır, abxazdır, kökü türk əsillidir. Mən onu göstərmək istəyirdim ki, Azərbaycanın o zaman mövqeyi, təsir qüvvəsi necə böyük olub ki, Məmməd Əmin Rəsulzadə Azərbaycan gerbinin hazırlanmasını Şervaşidzeyə tapşırıb. Şervaşidze məhz Məmməd Əminin namizədi idi".

Rafiq Səfərov həmçinin əlavə etdi ki, məqalədə yer alan bütün məlumatları, o cümlədən gerbin yenidən rəssam-dizayner Rafiq Məmmədov tərəfindən işlənməsi kimi faktını o zamanın dövrü mətbuatında dərc olunan materiallardan götürüb.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər