8 Yanvar 2015 12:07
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qara Bağ” filminin çəkilişləri yekunlaşıb. Bu barədə qəzetimizə filmin istehsalçı şirkəti “Azərbaycanfilm”dən məlumat verilib. Qeyd olunub ki, dram janrında olan qısametrajlı filmin çəkilişləri Bakı şəhərində və Hacıqabul rayonunun Qızıl Burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.

“Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi - Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilən ekran əsərinin quruluşçu rejissoru elə Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyevdir. Filmin prodüseri Müşfiq Hətəmovdur. Filmdə rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfərov, Ayşad Məmmədov, Məzahir Həşimov, Svetlana Əliyeva, Səbinə Məmmədzadə və Soltan Əhməd canlandırırlar.

Filmin adı ilə bağlı qəzetimizə açıqlama verən rejissor Amil Məmiyev bildirib ki, “Qara Bağ” adının seçilməsi heç də təsadüfi deyil: “Qara Bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzlərini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir".

Nərmin


Müəllif:

Oxşar xəbərlər