Hollivud aktrisası Marqo Robbi "Barbi" filminin pitçinqində prodüserlərlərə 1 milyard dollar qonorar vəd edib.
Teleqraf.com xəbər verir ki, aktrisa bu barədə “Collider” nəşrinə müsahibəsində deyib.
Robbinin sözlərinə görə, pitçində "Barbi"nin ssenari müəllifi və rejissoru Qreta Qerviqlə yanaşı, o da iştirak edib.
Aktrisanın layihəyə inamı elə yüksək olub ki, prodüserlərə də super-yüksək gəlir vəd edib.
“Mən onlara ideyanı satmalı idim. Çıxışımda prodüserlərin diqqətini "studiyalar çox vaxt risk etməkdən qorxmayanda qalib gəlirlər" fikrinə yönəltdim. Onlara Stiven Spilberqin “Yura dövrünün parkı” (Jurassic Park) filmini misal çəkdim. O zaman kimin ağlına gələrdi ki, dinozavrların canlanması haqqında film beynəlxalq hitə çevriləcək? Çox istəyirəm ki, bizim "Barbi" də eyni taleyi təkrarlasın. Bəli, mən studiyaya 1 milyard dollar söz vermişdim və ola bilsin ki, bu rəqəmi artıqlaması əldə edək”, - deyə Robbi bildirib.