16 Aprel 2014 12:12
2 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

"80-cilər ədəbi nəsli 60-cıların kölgəsində qalıb"

80-cilər ədəbi nəsilləri barəsində söz-söhbət yenidən gündəmə gəlib. Bir sıra mətbuat orqanlarında keçirilən debatlarda 80-cilərın "İtirilmiş" , "Ölü doğmuş" nəsil olması, 60-cıların kölgəsində qaldığı iddiaları səsləndirilib.

Müzakirələr zamanı şair Elxan Zal ədəbiyyatda nəsil bölgüsünü qəbul etmədiyini deyib: "Düzdü, 60-cı illər fenomeni var. Bunun üçün xüsusi situasiyalar olur. Məsələn, ikinci cahan müharibəsindən sonra dünyada böyük sosialist hərəkatı başladı. Sonra müəyyən yumşalmalar oldu. Belə bir hərəkatda yeni yazarlar nəsli ortaya çıxdı. Əslində, bütün dünyada belə oldu. Fransada Sartr, Rusiyada Yevtuşenko varıydı. Tutalım, 2000-ci ildən bu günə kimi Azərbaycanda nə dəyişib ki, yeni ədəbi nəsil formalaşsın? Heç nə! Ona görə də ədəbi nəsillər bölgüsünü qəbul etmirəm. Bir dəki mən hesab eləmirəm ki, 80-cilər dediyiniz yazıçılar itmiş ədəbi nəsildir. 80-lərdə kifayət qədər ciddi imzalar var".

"Dəqiqləşdirməyə ehtiyac var"

Mətbuatda gedən müzakirələrə münasibət öyrənmək üçün 80-cilər ədəbi nəslinin nümayəndələrinə müraciət etdik. Tənqidçi Məti Osmanoğlu 80-cilər anlayışının nisbi olduğunu dedi: "Mənə elə gəlir, məsələnin bu cür qoyuluşunda dəqiqləşdirməyə ehtiyac var: çünki 1980-ci illərdə ədəbiyyata gələn, ilk yazılarını ictimaiyyətə təqdim edən yazıçılar arasında kifayət qədər ciddi və parlaq imzalar, tanınan qələm adamları var. Məsələn, Saday Budaqlı, Səfər Alışarlı, Hüseyn Əfəndi, Akif Səməd, Vəli Xramçaylı, Elçin Hüseynbəyli, Eyvaz Əlləzoğlu, Həmid Herisçi, Əjdər Ol, Sabir Sarvan, Saday Şəkərli, Akif Əhmədgil, Murad Köhnəqala, Zahid Sarıtorpaq, Səməd Qaraçöp, Nəriman Əbdülrəhmanlı, Orxan Fikrətoğlu (siyahını xeyli davam etdirmək də mümkündür) kimi imzaları ictimaiyyət məhz 1980-ci illərdə tanıdı və bunlar ədəbiyyatda yeni hava yaratmağa qadir olan istedadlı insanlardır. Söhbət daha üzdə olan, hamının tanıdığı imzalardan gedirsə, Azərbaycan ədəbiyyatının ən populyar nümayəndəsi Çingiz Abdullayev də ədəbiyyatın qapısını 1980-ci illərdə aralayanlardan biridir. 1980-ci illərdə tənqid və ədəbiyyatşünaslıq sahəsində, publisistikada dərin yeniləşmə prosesi gedirdi. Yaddaşlarda parlaq iz buraxmış "Gənclik" - "Molodost" jurnalı da məhz "80-cilərin" tribunası idi. "İtirilmiş nəsil" ifadəsini isə ilk dəfə hələ 1988-ci ildə "Gənclik" jurnalında mən səsləndirmişdim və sonradan bu mövzuya fərqli yanaşmalar oldu, müxtəlif yozumlar verildi. Əslində, rus publisistikasından təbdil edilmiş bu ifadə o vaxt (elə indi də) öz dəyərlərinə laqeyd yanaşan Azərbaycan cəmiyyətinin diqqətini ədəbiyyata və sənətə yeni qədəm qoyan gənclərə cəlb etmək məqsədi daşıyırdı... Ancaq təəssüflər olsun ki, sonrakı onilliklərdə cəmiyyət yalnız 1980-ci illərin ədəbi nəslini deyil, digər lazımlı dəyərlərini də köklü-köməcli itirdi. Bu gün "bestselleri" 500 tirajla çap olunan, ayda bir kitabdan ən yaxşı halda 5-6 nüsxə satılan bir cəmiyyətdə 80-ci illərdən əvvəlki və sonrakı nəsilləri də, elə klassikamızı da "itkin düşənlər" sırasına aid etmək mümkündür".

"AYO-nu 80-cilər yaradıb"

Tənqidçi Tehran Əlişanoğlu isə 80-cilərin itmiş ədəbi nəsil olduğunu qəbul etmədiyini dedi: "80-cilər nəsli kifayət qədər ədəbiyyatda təmsil olunur. Şairlərdən Rasim Qaraca, Murad Köhnəqala, Həmid Herisçi, Əjdər Ol, Qəşəm Nəcəfzadə, nasirlərdən Azad Qaradərəli, Eyvaz Əlləzoğlu, Rafiq Tağının özünü də 80-cilərə aid etmək olar. Bunların hamısı yetərincə məşhur imzalardır. Bu mövzu 90-cu illərdə qabardılmışdı. Ancaq ədəbi proseslər getdikcə bu nəsil yenidən özünü göstərə bildi. Elə 2000-ci illərdə Azad Yazarlar Ocağını yaradanlar da 80-cilər oldu. AYO-nu Murad Köhnəqala, Azad Yaşar, Həmid Herisçi və Rasim Qaraca yaratdılar. Doğrudur, bu nəslin nümayəndələrinin bəziləri 60-cıların kölgəsində qaldı, onların nəsrini davam etdirdilər. Ancaq bir çoxları yeni ədəbiyyat yarada bildilər".

"Ədəbi nəslimi "ölü nəsil" adlandırırlar"

Yazıçı Zahid Sarıtorpaq da bu cür fikirlərlə razılaşmır:"Mənim haqqımda "itkin düşüb" deyirlər. Bilmirəm haqqımda harda axtarış elan olunub xəbərim yoxdur. Mənim ədəbi nəslimi "ölü nəsil" adlandırırlar. Şəxsən mən özümü canlı, diri hesab edirəm. Mən bu söhbətləri ciddi hesab etmirəm. Bizim nəsildən çox güclü imzalar yetişib. Mən hətta Ramiz Rövşəni də 80-cilər hesab edirəm. Çünki onun populyarlığı məhz bu illərə təsadüf edir. Səfər Alışarlı, Nəriman Əbdürrəhmanlı, Əlisəmid Kür kimi çox gözəl yazıçılarımız var. Əgər yeni nəsil bunları tanımırsa bu artıq onların günahıdı. 60-cıların açdığı ədəbi cığırı bizim nəsil genişləndirib, böyük bir trasa çevirdilər və 90-cılara ötürdülər. Mən bir daha deyirəm ki, 80-cilər ədəbi nəslini nə ölmüş, nə də itirilmiş hesab etmirəm"


Müəllif:

Oxşar xəbərlər