29 İyul 2023 23:07
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı üçüncü gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

Teleqraf.com xəbər verir ki, festival çərçivəsində iyulun 29-da axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Kamera musiqisi axşamında musiqisevərlər qarşısında respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.

Solistlər Atəş Qarayev (tenor), Mahir Tağızadə (bariton), Osman Mustafazadə (skripka), Humay Hacızadə (viola), Ərol Rzayev (violonçel), Nərminə İsmayılova (piano), Əli Günəşov (faqot) , Əhməd Əhmədov (klarnet), Rebekka Maqomedova (piano), Əzizə Abdullayeva (piano) və Ləman Seyidovanın (piano) çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertdə M.Qlinkanın “Patetik trio”, F.Listin “2 nömrəli konsert etüdü”, Q.Donizzetinin “Luçiya di Lammermur” operasından Edqarın ariyası, P.İ.Çaykovskinin “Yevgeni Onegin” operasından Lenskinin ariyası, C.Puççininin “Canni Skiki” operasından Canni Skikinin ariyası, V.A.Motsartın “Hamı belə edir” operasından Qulyelmonun ariyası və digər bəstəkarların əsərləri səsləndirilib.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da açıq hava konsert səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər