13 Avqust 2023 18:10
3 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 avqustda Türkiyə prezidenti R.T. Ərdoğanın sərəncamı ilə məşhur aktyor Tamer Karadağlı dövlət teatrlarının müdiri təyin edildi.

T. Karadağlı 24 may 1967-ci ildə Ankarada doğulub. Dədələri İrəvandan Qarsa köçüb. Ailəsi Qarsın Sarıqamış rayonunda yaşayıb.

Tamer bəy ibtidai sinfə başlamadan ailəsi ilə birgə Amerikaya gedib, qısa müddət sonra Ankaraya qayıdıblar. Karadağlı Ankarada TED kollecində təhsil alıb, ilk rolunu da bu dövrdə oynayıb. Bir müsahibəsində bu barədə belə danışıb: “Pilot, astronavt, polis, vəkil olmaq istəyirdim. Sonra baxdım ki, eyni zamanda hamısı ola bilmərəm. Amma aktyor olaramsa, hamısını oynaya bilərəm. Məktəbdə ikən teatr qrupuna daxil oldum. Müəllimim Sevgi Ünalın rejissorluğundakı “Kral və mən” adlı oyunda səhnəyə çıxdım”.

Daha sonra Çankaya liseyində təhsil alan Karadağlı Bilkent Universitetinin musiqi və səhnə sənətləri fakultəsinin teatr bölümündən məzun olub. “Ferhunda Hanımlar” serialı ilə tanınmağa başlayan Karadağlı “Çocuklar Duymasın” serialı ilə geniş şöhrət qazanıb. O həmçinin bir çox məşhur xarici aktyorun türkcə səsləndirməsini həyata keçirib.

T. Karadağlı 2002-ci ildə “Çocuklar Duymasın” serialındakı roluna görə ən yaxşı kişi oyunçu nominasiyasında “30. Altın Kelebek Ödülü”nə, 2023-cü ildə isə “Serhat” serialındakı roluna görə “3. Uluslararası Zirve Ödülü”nə layiq görülüb.

2019-cu ildə “İctimai” TV-yə verdiyi bir müshaibəsində dədəsinin və nənəsinin 1916-cı ildə Azərbaycandan Türkiyəyə köçdüyünü, ata nənəsinin Gəncədən olduğunu bildirib. Amma aşağıda təqdim edəcəyimiz bir müsahibəsində bu tarixi 1921-ci il olaraq qeyd edib.

***

Tamer Karadağlı təxminən iyirmi il öncə həmyerlisi Erol Özaydına verdiyi müsahibəsində babalarının köçü və Qars mühiti ilə bağlı maraqlı hadisələr danışıb. Müsahibədən çıxarışı təqdim edirik:

“Babalarım 1921-ci ildə İrəvan şəhərindən köç edib Qarsa yerləşiblər. Orada manifaktura sahibi olublar. 1948-ci ildən etibarən podratçılığa başlayıblar. Babamın Qarsın ilk podratçısı olduğu da deyilir. Həmin tarixdə Qars-Kağızman arasındakı körpünü inşa edib.

Qarslılar Qarsda çox böyük sosial təhsil alıblar. Sərhəd qapısı olması etibarilə tarix boyunca minlərlə qövm Qarsa yerləşmiş, müxtəlif mədəniyyətlər yaratmışlar. 1921-ci ildən etibarən İrəvan və Gümrü şəhərlərindən Qarsa gəlib yerləşən türklər təhsil və mədəniyyəti də özləri ilə gətirmişlər. Həmin dövrdə Qars səhnələrində opera və operettalar oynanılırmış. Toyda, maskalı balolarda kişilər smokin, frak geyinirmişlər, qadınlar da bugünkü modern əlbisələr. Ailəmin fotoalbomlarına baxarkən babamın smokin, nənəmin isə müasir qiyafətlə çəkilmiş şəkillərini gördüm. Fotoşəklin arxasına baxdım, 1923-cü il yazılmışdı. Gözlərimə inanmadım. O illər Türkiyədə hərəm-səlamlığın hökm sürdüyü illərdi. İrəvan və gümrülü mühacirlər bu modanı da Qarsa gətirmişlər. Düşünün ki, o illərdə Türkiyədə buz konkisi idmanının adı belə eşidilməzkən, Qarsda “Buz konkisi” müsabiqələri keçirilirmiş... Atam Məhərrəm Karadağlı 1956-1957-ci illərdə qardaşı Məhəmməd Karadağlı ilə birgə Ankaraya köçməyə qərar verib. Babamın beş uşağı olub. Mən ən kiçik oğlu Turqayın oğluyam. Ailənin də ən kiçik nəvəsiyəm. Yəni atam və mən sonbeşikik. Məni ata nənəm dizlərinin dibində böyütmüş, anama icazə verməmiş. Beşikdə yatızdıranda bir nəğmə oxuyurmuş. Adı “Beşik mahnısı – Lay lay” imiş:

Lay-lay dedim yatasan
Qızılgülə batasan
Qızılgülün içində
Şirin yuxu tapasan.
Lay-lay balam
Lay-lay quzum
İki gözüm
A lay-lay.
Lay-lay dedim gündə mən
Kölgədə sən, gündə mən
İldə bir qurban olar
Sənə qurban gündə mən.

Baxçamızda gilənar
Gül bülbülə dayanar.
Oxu bülbülüm, oxu.
Bəlkə, balam oyanar.

Ata nənəmin səsi çox gözəldi, hətta mənə danışardı ki, Tamer balam! Bizim zamanımızda Qarsda bütün gənclərin dilində bir nəğmə vardı:

Gecə uzun, ay dolanır batmağa,
Elə şirin yuxum gəlir yatmağa
Az qalıbdı mətləbinə çatmağa
Get ay batandan sonra gəl, ay oğlan,
Anam yatandan sonra gəl, ay oğlan.
Bizim elin bağçası var, bağı var
Elə şirin heyvası var, narı var
Hər gözəlin bir alagöz yarı var
Get ay batandan sonra gəl, ay oğlan
Anam yatandan sonra gəl, ay oğlan.

... Nənəm hörrə, xəngəl, xəşil, piti və zəfəranlı, kişmişli, vişnəli piloy (plov – D.Ə) bişirərdi. O yeməklərin dadını heç bir restoranda, lokantada, beş ulduzlu hotellərdə tapmadım. Bibilərim xanımıma da bu yeməklərin necə bişirildiyini öyrədiblər. Məcbur olmadıqca çöldə yemək yemirəm. Novruz gəlmədən öncə bizim eldə buğda və mərcimək qablara qoyulur, Novruz gələnə qədər o yaşıllanır, böyüyür. Yəni səməni baharın gəlişinin işarətidir. Səməniyə nəğmələr də qoşulub:

Bu bayramda hər il məclis düzəldən
Əl çəkmərəm sənin kimi gözəldən
Süfrələrin bəzəyisən əzəldən
Səməni, ay səməni, saxla məni
Düzərəm dörd yanına nərgizi, yasəməni
Səməni, ay səməni, saxla məni

Bibilərim Ankarada elektrikli sobalarda fətir, kətə, fəsəli, qalın, lavaş, yuxa bişirərdilər. Nənəm “uşaqlar, təndirdə bişən heç bir şeyin dadını bu sobalar verməz” deyə min ah çəkərdi... Əvəlik, əriştə aşını çox sevirəm.
Qarsda yaylar quraq keçdiyində uşaqlar parça qumaş və çuval yırtıqlarından bir insan maketi düzəldər, yağış yağsın deyə qapı-qapı dolaşar, dua edərlərmiş:

Qodu qoduyu gördünmü?
Qoduya salam verdinmi?
Bir sürü yağmur gördünmü?
Ver Allahım, ver
Bir sürü yağmur.

1949-cu ildə Qarsa 2-3 metr qar yağmış. 39 dərəcə soyuq. Ac qurdlar axşamlar Qarsı istila edirlərmiş. Ölən bir insanı gömmək çətinləşmiş, çünki torpaq beton yığınını andırırmış. Qurdlar gecələr yeni gömülən ölüləri yeyərlərmiş. Xalq şikayət edərmiş, amma nə xeyri, heç cür bu heyvanları öldürə bilmirlərmiş. Xalq dilində bu xəyalət heyvana “kaftar küsgü” deyirlərmiş.

Mərhum babam əmilərimə “mənim nəvələrimə Qarsdakı uşaqların oynadıqları bütün oyunları öyrədəcəksiniz” demişdi. 5-6 yaşlarında idim, mərhum Aydın əmim Qarsdan xınalı aşıqlar gətirtmişdi, bizi başına yığdı. Aşığı tanıtdı, oyun növlərini öyrətdi. “Mat”, “Toxanqırdı”, “Sultan”, “Alçı”, “Toxan”, “Cik, bök” və “Qombayı” anlatdı...”


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər