“Azərbaycan dili və ədəbiyyatı forumu” aktual bir məsələyə güzgü tuturdu: qloballaşan dünyada ana dilimizi qorumaq, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafı istiqamətində addımlar atmaq. Azərbaycan ictimaiyyətinin diqqətini özünə cəlb edən bu tədbirlə bağlı müsbət fikirlərlə yanaşı, birmənalı olmayan rəylərə də rast gəldik.
Forum ətrafında yaranmış suallara cavab tapmaq üçün tədbir iştirakçısı, AYB katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli ilə həmsöhbət olduq.
- Elçin müəllim, Azərbaycan dili və ədəbiyyatı forumu başa çatdı. Üç gün davam edən çıxışlar, müzakirələr, sizcə, daha çox hansı cəhətdən faydalı oldu?
- Forum öz əhatililiyi baxımdan çox vacib bir mədəni hadisə idi. Ən azından ona görə ki, burda mədəniyyət sahəsinun müxtəlif adamları - “obrazları” çıxış edirdi: yazıçı, dramaturq, naşir, kitabxanaçı, oxucu, prodüser, rejissor, ssenarist. Forumun ən böyük əhəmiyyəti burda qaldırılan problemlər və onların müzakirəsindən çox insanlar arasında münasibətlərin yaranması, birləşdirici missiyanın yerinə yetirilməsi oldu.
90-cı illərin axırlarında mən "Eqo" yaradıcılıq birliyi yaratmısdım. Birliyin məqsədi Azərbaycan mədəniyyətində üzdə olan istedadları bir yerə toplamaq idi. İstəyirdik ki, sənət adamları bir-birindən uzaq düşməsin, məsələn, bəstəkar yaxşı şeir dalınca, rejissor pyes dalınca kənara qaçmasın, axtarışda olmasın, yəni bunlar hamısı bir yerdə olsunlar və bir-birilərindən bəhrələnsinlər. Təəssüf ki, onun təyinatını o vaxt dostlarımız başa düşmədi və birlik cəmi 4 ay fəaliyyət göstərdi. Bu forumda da həmin missiyanın daha geniş, daha qlobal inkişafını görürəm.
- Bu inkişaf üçün hansı qərarların veriləcəyi gözlənilir? Forum hansı layihələr üçün körpü rolunu oynadı?
- Bu tədbirlərdə çox fikirlər səsləndi. Bəzi fikirlər də üst- üstə düşür. Çox güman ki, mədəniyyət konsepsiyası hazırlananda üst-üstə düşən fikirlər nəzərə alınacaq. Forumdan qabaq Mədəniyyət naziri Adil Kərimli ilə moderator və məruzəçilərin yığcam görüşü oldu. Orda da bu fikir səsləndi ki, forumun məqsədlərindən biri orda səslənəcək fikirlərin, təkliflərin gələcəkdə hazırlanacaq mədəniyyət konsepsiyasında nəzərə alınmasıdır.
- Hansı təkliflər sizin daha çox diqqətinizi çəkdi? Sirr deyilsə, bir neçəsini nümunə göstərərsinizmi?
- Məsələn, naşirlərin qaldırdığı problemlər, hansısa formada şəbəkələrin tənzimlənməsi, kitabların seçilməsi, çeşidlənməsi. Mən yazıçıların o fikirlərilə razıyam ki, naşirlər insanların düşüncəsinə yaxşı təsir göstərən ədəbiyyatla bazara işləyən ədəbiyyatı bir-birindən seçib ayırmalıdır.
Başa düşürəm, naşirlər də pul qazanmalıdır. Rejissor Hüseynağa Atakişiyev bir dəfə dedi ki, mən zəif əsəri də repertuara salmağa məcburam, çünki onun sponsoru var. Sənin kimi dramaturqların əsərlərini həmin sponsorlu əsərlərin hesabına səhnəyə qoyuram.
Digər tərəfdən, məni narahat edən dramaturqlarla rejissorların münasibətlərinin soyuq olmasıdır. Rejissorlar daim şikayətlənirlər ki, yaxşı əsər yazılmır, dramaturq yoxdur. Mən bu fikirdəyəm ki, rejissor mütləq dramaturqun qapısını döyməlidir. Rejissor düşünməli deyil ki, dramaturq gəlib ondan xahiş etsin, mənim əsərimi səhnəyə qoy, mən də nə mümkünsə edərəm.
Məsələn, rejissor Hüseynağa Atakişiyev özü mənə sifarişlər verirdi ki, bu sahədə yaza bilərsənmi?Bacarırdımsa, edirdim. O da adətən bəyənirdi və səhnəyə qoyurdu.
İkinci məsələ gənc dramaturqların həvəsləndirilməsidir. Ola bilər ki, əsər zəifdir. Ancaq rejissor onun dramaturgiyaya bələd olduğunu görürsə, onunla işləməli, ona şans verməlidir. Məsələn, dramaturq bilməlidir ki, pyes dialoqlardan ibarət deyil. Dialoq səhnəni hərəkətə gətirmək üçün bir vasitədir.
İndi Azərbaycanda barmaqla sayılası dramaturq var. Biz fikirləşirik, bəlkə bir sayt yaradaq, mövzu üzrə pyesləri orda yerləşdirək ki, rejissorlar üçün də asan olsun.
- Dramaturqların sayının azlığı bəlkə uyğun mühitin olmaması ilə bağlıdır?
- Forumda mənə belə bir sual verdilər ki, son vaxtlar niyə az yazırsız? Dedim, çünki mən də məyusam. Birincisi, Azərbaycanda elə barmaqla da sayılası rejissor var. Digər tərəfdən, teatrlar (bir neçəsini çıxmaq şərtilə) tamaşanı elə bir gün premyera üçün qoyurlar və götürürlər. Bizdə tamaşaçı və oxucu qıtlığı var. Mən bunu nə ilə izah edirəm.
Düzdür, hamı deyir ki, uşaqlıqdan oxu vərdişi, tamaşaya baxmaq vərdişi yaranmalıdır. Bu öz yerində. Bir məqamı da nəzərə almaq lazımdır ki, teatrlara ən yaxşı halda bir dövlət sifarişi verilir. Əgər teatr altı tamaşa qoymalıdırsa, onun beşini öz hesabına etməlidir. Bəs tamaşanın pulunu hardan çıxarmalıdır? Bunun dekorasiyası var, səhnə, geyim tərtibatı var.
Teatr öz xərclərini bilet satışından çıxarmalıdır. Amma gəlin görək bizim tamaşaçı teatrı sevirmi? Bizim teatr üç min il geri qalır. Oxu mədəniyyətimiz Avropadan 400 il geri qalır. Əgər 15-ci əsrdə Avropada universitetlər vardısa, qəzetlər, jurnallar vardısa, bizdə hələ hüsn xətlə yazırdılar. Bu da öz təsirini göstərir.
Teatrlara dəstək lazımdır. Forumda təklif verildi ki, özəl teatrlara dövlət statusu verilsin. Düşünürəm ki, buna ehtiyac yoxdur. Özəl teatrlara layihələr, qrantlar verilsin ki, öz əsərlərini səhnələşdirə bilsinlər, onları gözləyən tamaşaçıları sevindirə bilsinlər. Bu vacibdir.
Dövlət statusu olan teatrlara isə bir yox, iki yox, üç dövlət sifarişi verilsin. Azərbaycan tamaşaçısının real düşüncəsinin, real həvəsinin, istəyinin imkan verdiyi qədər bu problemləri həll etmək lazımdır.
- Elçin müəllim, gənc dramaturqların fikrincə, uyğun mühitin yaradılmamasında AYB də məsuliyyət daşıyır. Bu fikrə münasibətiniz.
- AYB-nin axı elə bir mexanizmi yoxdur. AYB teatr deyil axı. AYB-də teatr seksiyası var, o da ictimai əsaslarla işləyir.
- Əsərlərin təbliğatı baxımından...
- Əsərləri biz başqa necə təbliğ edək? "Azərbaycan" jurnalı var, ildə 6-7 pyes çap edir. Cavan dramaturqlardan da orda çap olunanlar var. "Ulduz"un həcmi kiçikdir, amma hətta orda da kiçik pyeslərə yer verilir. "Ədəbiyyat qəzeti"ndə də kiçik həcmli pyeslər dərc edilir. Yəni Yazıçılar Birliyinin elə bir mexanizmi yoxdur, studiyası yoxdur.
Mən çox istəyirəm ki, eksperimental studiyalar artsın. Yenə də deyirəm, hansı tərəfdən baxsan, bunun mənbəyində maliyyə məsələsi dayanır. Həm eksperimental teatr studiyaları, həm eksperimental kino studiyaları olmalıdır.
- Əsərlərin xaricə çıxarılması, Avropada nəşr edilmək xüsusilə gəncləri düşündürən problemdir. Forumda bu məsələlərlə bağlı hansı layihə təklifləri verildi?
- Xaricdə təbliğ olunmaq, çap olunmaq məsələsi həm nazirlə görüşdə, həm də forumda müzakirə edildi. Ancaq bilirsiz, istedad yaşa baxmır. Sən gəncsən deyə mən səni Avropaya çıxarmalı, təbliğ etməli deyiləm. Mən yaxşı əsəri Avropaya çıxarmalıyam. Yaxşı əsəri 80 yaşında da yazmaq olar, 25 yaşında da. Söhbət yaşdan yox, əsərin təqdimatından gedir.
Amma mənə elə gəlir ki, birinci biz özümüzün öz ölkəmizdə təqdimatına nail olmalıyıq. Bizi əvvəlcə öz ölkəmizdə tanımalıdırlar, sonra Avropa haqqında düşünməliyik. Bunun üçün maddi vəsait lazımdır. 300 tirajla tanınmaqmı olar?
Forumdakı fikirlərə baxsaq, mənə elə gəlir ki, bizim insanların leksikonundan qınaq kəlmələri çıxmalıdır. Biz məsələlərə daha tolerant yanaşmağı öyrənməliyik. Yəni “sən yalan danışırsan, səhv düşünürsən” ritorikasından uzaq olmalıyıq. "Mən də varam", təkcə "mən varam yox". Bu ritorikalardan, bu fəlsəfədən çıxış etmək lazımdır.
Amma görürsən ki, müzakirələrdə biri bir söz deyir, o biri başlayır onu top atəşinə tutmağa. Buna ehtiyac yoxdur. Mənə elə gəlir ki, burda hər kəs öz fikrini doğru-dürüst deməlidir.
Forumda kitabxanaların vəziyyətindən də danışdılar. Yadımdadır ki, mən "Ulduz" jurnalına baş redaktor vəzifəsinə gələndə təklif elədim ki, yaxşı olar bizim jurnallardan bircə nüsxə məktəb kitabxanasına alsınlar. O vaxt 4500 məktəb kitabxanası vardı, bu da 4500 tiraj edir. Alınmadı.
Adi milli kitabxana bizim jurnallarımızı pul verib almır. Deyir, sizin borcunuzdur ki, bizə pulsuz verəsiz. Bu məsələ də tənzimlənməlidir. Milli kitabxana, ümumiyyətlə kitabxanalarımız nəşriyyatlardan pulla kitab almalıdır. Bəs nəşriyyatlarımız necə dolansınlar?
- Şairlərdən biri belə bir fikir söylədi: "Forum göstərdi ki, köhnə nəsillərlə yeni nəslin dialoqu mümkün deyil, çünki məqsədləri bir birinə ziddir". Fərqli nəsillər arasında qarşıdurma həmişə olur, çünki nəsillərin dünyagörüşü, dəyərlərə baxışı müxtəlifdir. Ədəbiyyatda nəsillərin qarşıdurması nədən qaynaqlanır?
- Mühafizəkarlığın bəzən səhv izahatını verirlər. Mühafizəkarlıq geridəqalmışlıq deyil. Mühafizəkar - yeniliyə qarşı olmayan, amma dəyərləri də qorumaq istəyən adamdır. Bizim bəzi cavanlar heç bir dəyər yaratmadığına görə qiyam, inqilab etmək istəyirlər. Dəyər yaradan insan - tutaq ki, elmi əsər yazan, romanlar, pyeslər yazan - həm o dəyərləri qorumaq istəyir, həm də yenilik istəyir. Yəqin ki, ziddiyyət burda yaranıb.
Ancaq biz ədəbiyyatdan, bədii əsərdən danışırıqsa, hər kəsin öz fərqli fikri olması normaldır. Səhv etmirəmsə, Fransa parlamentində vaxtilə belə ənənə olub ki, əgər bir qanun yekdillikcə keçirsə, o qəbul olunmasın, çünki hamı eyni cür düşünə bilməz. Ona görə də mən bu mübahisələri ziddiyyət adlandırmazdım. Bu dünyagörüşlərin toqquşması, mübahisələrinin həllinin müxtəlif cür görülməsi ola bilər. Ortaq məxrəcə gəlmək üçün mütləq müxtəlif fikirlərin dialoqu olmalıdır. Cəmiyyətdə məsələlər bu cür həll olunur.
- Dillə bağlı məsələlərdə yazarlarla dilçilərin də dil tapmadığının şahidi olduq…
- Forum dil tapmaq üçün deyildi, forum müzakirə üçün idi. Kim nə düşünür, necə düşünür, cəmiyyətdə hansı ab hava var - bu ətrafda məsələlərə işıq salmaq idi.
Ədəbiyyatımız, mədəniyyətimiz üçün son dərəcə vacib olan bu polemikaya, müzakirələrə ehtiyacımız vardı. Həm də tədbir yaxşı hazırlanmışdı, yaxşı təşkil edilmişdi. Nəticəsi necə olacaq, onu zaman göstərəcək.
- Bəzi fikirlərə görə, forum məhz kütləvi olduğundan fayda gətirməsi ehtimalı çox deyil, belə ki, 400 adamın yığışdığı bir zalda təkliflər paketi necə işləyə bilər?
- Razıyam ki, orda qoyulan məsələlərin hər biri üç konfransın mövzusu idi. Ona görə də məruzələrin əhatəli dinlənilməsi mümkün deyildi. Fundamental yox, daha çevik mexanizmlərə uyğun mövzular qoyula bilərdi. Açığı, mən də bilmirəm onu necə etmək olar. Məsələn, deyim ki, AYB-nin qurultay qabağı məruzələri vardı, hər məruzəyə üç ay vaxt verilirdi ki, tamamilə araşdırsın və məruzə etsin. Ona görə də insanların çox cəlb olunduğu forumlarda fundamentallığı o səviyyədə gözləmək və buna nail olmaq çox çətindir.
- Forumun nəticələrinə inamsızlıqla yanaşanlar da var. Sizcə, onların münasibətini yaxın vaxtlarda dəyişmək mümkün olacaqmı?
- Heç bir iş nəticəsiz ötüşmür. Biz istəyirik dərhal nəticəni görək, bu da mümkün deyil. İstənilən nazirlik - nə qədər yenilikçi olsa, orijinal görünməyə çalışsa da - bürokratik bir yerdir. Orda oturanlar da məmurlardır. Məmurlar da bizim kimi hövsələsiz və çevik deyil. Fikirləşirlər ki, hara tələsirik, yavaş-yavaş bu məsələləri həll edərik.
Mən də istəyirəm nəticələr tez bir zamanda görünsün, düşünürəm ki, nələrsə olacaq, amma böyük inqilabi dəyişiklikləri tez bir zamanda gözləmək lazım deyil.