6 Sentyabr 2023 15:51
2 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Adil Kərimli Çində keçirilən forumda çıxış edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti sentyabrın 6-da Çinin Qansu əyalətinin Dunhuan şəhərində təşkil olunan 6-cı Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisinin açılış mərasiminə qatılıb.

Tədbir çərçivəsində mədəniyyət naziri Adil Kərimli 6-cı Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisi çərçivəsində təşkil edilən Ipək yolu mədəni irsi və yeni sivilizasiya formasının qurulmasına dair Forumda çıxış edib.

Bu mötəbər tədbirə dəvətə və yüksək qonaqpərvərliyə görə təşkilat komitəsinə təşəkkürünü bildirən nazir Çinə səfərinin çox məhsuldar və yaddaqalan olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, “İpək Yolu boyu xalqların milli mədəni dəyərlərinin qorunub saxlanılması, ənənələrə və birgə məqsədlərə sadiqlik xüsusilə qloballaşma dövründə dünya sivilizasiyasının sabitliyi və tərəqqisinə böyük töhfə verir.

Vurğulanıb ki, tarixən İpək Yolu boyunca əlaqənin təmin edilməsinə mühüm töhfələr verən Azərbaycan keçmişdəki missiyasını bu gün də davam etdirir: “Azərbaycan Böyük İpək Yolu ilə bağlı çoxsaylı beynəlxalq konfranslara ev sahibliyi edib və iri regional infrastruktur layihələrinin təşəbbüskarı olub. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çindən Qərbə daşımalar üçün əlverişli marşrut təklif edir. Eyni zamanda, Azərbaycanda İpək Yolu mədəni irsinin qorunub saxlanılmasına böyük əhəmiyyət verilir. Milli səviyyədə tarixi abidələrin qorunmasını təmin etmək üçün müvafiq qanunvericilik və institusional addımlar atılıb. Azərbaycan həm də UNESCO-nun İpək Yolu Proqramının fəal üzvüdür”.

Azərbaycanın mədəniyyətlər arasında dialoqa da xüsusi önəm verdiyini diqqətə çatdıran nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” haqqında məlumat verib. Hazırda BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İCESCO-nun tərəfdaş olduğu Bakı Prosesi qlobal mədəniyyıtləarası dialoq platformasına çevrilib.

Nazir çıxışının sonunda Forumun işinə uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər