Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO (“United Nations Educational, Scientific and Cultural Organization”- red) “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın milli rəqsi olan “Yallı” ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, UNESCO paylaşımda “Yallı”nın qorunmasına çağırış edib.
“Yallı” rəqsi ritmik addımları və rəngarəng kostyumları ilə Azərbaycan canlı irsinin mahiyyətini təcəssüm etdirir. “Yallı” 2018-ci ildə Təcili Qorunma Siyahısına daxil olunub. Biz bu ənənəni birlikdə qorumalıyıq”, - UNESCO-nun paylaşımında deyilir.
Qeyd edək ki, “Yallı” Azərbaycanın ən qədim rəqs növlərindən biridir. "Yallı (“Köçəri”, “Tənzərə”), “Naxçıvanın ənənəvi qrup rəqsləri" 2018-ci ilin 26 noyabr – 1 dekabrında Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla Təcili Qorunma Siyahısına salınıb.