“Bu struktur Azərbaycanda tam formalaşmayıb”
Dünya teatrlarında teatr prodüserləri deyə bir anlayış var. O şəxslər teatr tamaşasının hazırlanmasını, nümayişini təşkil edən, maliyyələşdirən hüquqi və ya fiziki şəxslərdir. Bəzən bu şəxslər müxtəlif adlarda teatr yaradır və özəl fəaliyyət göstərirlər, bəzən isə vaxtaşırı aktyorları toplayaraq tamaşalar hazırlayıb təqdim edirlər.
Azərbaycanda teatr haqda qanunda teatrlarımızda prodüser işi ilə məşğul olacaq şəxslərin vəzifələri yer alır. 2006-cı ildə qəbul olunan qanundakı bu bənd illər sonra həyata keçirilməyə başladı. Amma bəzi teatrlarımızda hələ də prodüser şöbələri və bu işlə məşğul olacaq şəxslər yoxdur. Şöbənin yaradılmasımı önəmlidir, yoxsa başqa ad altında fəaliyyət göstərib prodüser işi ilə məşğul olan şəxslər? Araşdırmamız bizim, eləcə də hər zaman bu sualla müraciət edən oxucularımız üçün maraqlı məqamlara aydınlıq gətirdi.
Akademik Milli Dram Teatrının mətbuat əlaqələndiricisi Elçin Cəfərov: “Akademik Milli Dram Teatrında prodüser şöbəsi fəaliyyət göstərir. Amma prodüserlik işi şöbə, yaxud o şöbədə işləyən işçilər deyil. Teatrda prodüser strukturu böyük bir strukturdur və tamam başqa idarəetmə sistemidir. Məsələn, Gürcüstanda prodüser strukturuna əsaslanan teatrlar var. Teatrı əsas idarə edən adam prodüserdir. Repertuarı da, tamaşa biletlərinin satışını da, bir sözlə, hər bir xırdalığı o müəyyən edir. Bir vaxtlar Azərbaycanda ”Procent" prodüser mərkəzi iki tamaşa: “Afinalı Timon”, “Kaktus çiçəyi”ni hazırlayıb tamaşaçılara təqdim etdilər. O tamaşalar heç bir teatrın tamaşaları deyil, sadəcə, müxtəlif teatrlardan toplanan aktyor heyətinin təqdimatında nümayiş olunan tamaşalar idi. Bu gün dövlət teatrlarında prodüser vəzifələrinin bir qismini direktor həyata keçirir. O mənada dünya təcrübəsində olan prodüser strukturu Azərbaycanda tam formalaşmayıb. Hazırda “Azdrama”da fəaliyyət göstərən prodüser şöbəsi beynəlxalq əlaqələrin qurulması, qastrolların təşkili, teatrın bəzi reklam məsələləri ilə məşğul olur (afişaların hazırlanmasından tutmuş bukletlər, xüsusi banerlərə qədər), eləcə də bir sıra layihələr həyata keçirir. Azərbaycan teatr prodüserləri barmaqla sayılacaq qədər azdır".
Şöbə də var, işçilər də
Musiqili Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov: “Azərbaycanda ilk dəfə olaraq məhz Musiqili Teatrda ”Prodüser fəaliyyəti və analitik informasiya şöbəsi"ni yaranıb. Yeni ştat cədvəli yeni qanuna əsasən rəsmi olaraq təsdiq olunub. Bu şöbədə prodüserlər, menecerlər fəaliyyət göstərir".
Yuğ Teatrının direktoru Tərlan Rəsulov: “Bizim teatrda prodüser və menecer ştatları yoxdur. Onların görəcəkləri işləri teatr özü həyata keçirir”. Teatrın bədii hissə müdiri Elçin Cəfərov bildirib ki, teatrda əcnəbilərlə birgə prodüser layihəsi - “Sərhəddə” tamaşası təqdim edilib: “Bəli, o tamaşa sırf prodüser tamaşası idi və hazırda da bizim teatrda nümayiş olunur. Bu tamaşa Polşa Respublikasının Azərbaycandakı Səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, AR Production, A.Mitskeviç İnstitutu və prodüser Səbuhi Məmmədovun təşəbbüsü ilə həyata keçirildi. Rejissor polşalı Tomaş Leşçinski idi. Tamaşada Yuğ teatrının aktyorları yer alırdı”.
“Ştat cədvəlimiz nazirlikdə təsdiq olunur”
Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Mirzəyeva: “Bizim teatrda prodüser və menecer ştatları yoxdur. Bizim ştat cədvəlimiz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunur. Hazırda bu ştatlar olmasa belə mətbuat xidməti, teatrın truppası, ayrı-ayrı bədii quruluş hissə müdirləri vasitəsilə teatrın fəaliyyəti barədə geniş məlumat verilir. Əlbəttə, o ştatlar olsaydı, yaxşı olardı. Amma bununla belə prodüserin əsas vəzifələrindən biri tamaşaların yayımı ilə bağlı teatr televiziya və radio reklamından daha çox digər yazılı media orqanlarına üstünlük verir. Bilirsiniz, illərin təcrübəsinə əsaslanaraq deyirəm ki, televiziya reklamı olmadan da teatrımıza kifayət qədər tamaşaçı gəlir. Gündəlik saytlara müntəzəm olaraq informasiyalar göndəririk. Şəhərin mərkəzində afişalar vurulur. Televiziyalarda reklam verməsək də tamaşaların premyeralarına kanal nümayəndələrini dəvət edirik, onlar çəkirlər, süjetlər hazırlayırlar. Eləcə də bizim bütün tamaşalarımız Mədəniyyət kanalı vasitəsilə çəkilir, vaxtaşırı nümayiş olunur. Ondan başqa Lider, İTV, Space kanalları da tamaşalarımızı lentə almaqda maraqlıdırlar. Tamaşalara musiqişünaslar rəy verirlər və bu rəylər müxtəlif saytlarda yayımlanır”.
“Çox güman ki, o da olar”
Pantomima Teatrının direktoru Elman Rəfiyev: “Bizim teatrda belə bir ştat yoxdur. Teatr aləmində yeniliklər ildən-ilə artır. Çox güman ki, gələcəkdə bu ştatlar da ayrılacaq. Prodüser və menecer anlayışı dünyada qəbul olunan anlayışdır. Teatrın reklamı, biletlərin satılmasını onlar həyata keçirməlidirlər. İndi onların bütün işləri ilə teatrın direktoru olaraq mən məşğul oluram. Bir sözlə teatrın prodüseri, meneceri də özüməm. Müxtəlif şirkətlərlə danışıqlar aparıram, onlarla tamaşalar təşkil edirik. Əsasən yazılı media orqanları ilə daimi əlaqələr qururuq. Aylıq afişalarımız həm mətbuatda, həm də Mədəniyyət və Turizm Nazirliyinin saytında işıqlanır. Bundan əlavə bütün tamaşaçılarımızın xəbərdar olduqları saytımız fəaliyyət göstərir. Saytımız müntəzəm yenilənir. Sosial şəbəkələrdə, xüsusilə ”Facebook"da rəsmi səhifəmiz var, oranın üzvləri xəbərlərimizi, afişalarımızı yaymaqda bizə yardımçı olurlar. Ondan başqa yeni tamaşalarımız təqdim olunan zaman telekanallarımızın nümayəndələri süjetlər hazırlayıb müxtəlif verilişlərində təqdim edirlər".
Gənc Tamaşaçılar Teatrının mətbuat əlaqələndiricisi Hüsniyyə Mürsəquliyeva bizimlə söhbətində teatrda prodüser və menecer ştatlarının olmadığını bildirdi.
“Heç menecmentlik işi istənilən səviyyədə qurulmayıb”
Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova : “Ümumən Azərbaycanda teatr prodüserlərinin işi özünü doğrultmur deyə Kukla Teatrında belə bir şöbə fəaliyyət göstərmir. Əlbəttə, ölkəmizdə teatr prodüserlərinə ehtiyac var, sadəcə, hazırkı durumda bu, o qədər də real görünmür. Bu gün teatrlarda menecmentlik işi istənilən səviyyədə qurulmayıb. Amma müasir dövr və ümumən sənət prosesindəki iqtisadi münasibətlər zəminində lazımdır”.
Nərmin