1 Noyabr 2023 18:06
1 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan teatrlarının iştirakı ilə keçirilən Türksoy Beynəlxalq Teatr Festivalına həsr edilmiş mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, mətbuat konfransında TÜRKSOY-un baş katibi Sultan Raev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru İsrafil İsrafilov, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı iştirak ediblər.

TÜRKSOY-un baş katibi Sultan Raev çıxışı zamanı festivalın əhəmiyyətindən danışıb. O deyib ki, bu festivalın keçirilməsində məqsəd türk dünyası teatrşünaslarını bir araya gətirməkdir: “TÜRKSOY Beynəlxalq Teatr Festivalı türkdilli ölkələrin teatrlarının inteqrasiyası üçün çox önəmlidir. Türk dünyasında ilk teatr festivalı - TÜRKSOY Beynəlxalq Teatr Festivalı keçirilib və həmin festivala Azərbaycan ev sahibliyi edib. Bu günə qədər türk dünyasında teatr platforması yox idi. Ona görə sözügedən festival türkdilli ölkələrin teatrlarının bir-birinə inteqrasiyasına mühüm töhfə verəcək”.

Sultan Raev vurğulayıb ki, bu günə qədər Bakıya 6 ölkədən teatrlar gəlib: “Festival teatr adamlarının münasibətlərinin genişləndirilməsi baxımından da əhəmiyyətlidir”.

Sənətşünas, rejissor İsrafil İsrafilov bildirib ki, bu, 30 illik tarixi boyu TÜRKSOY ilk dəfədir ki, festival keçirir: “Türk dünyası bədii və zəngin intellektuala malikdir. Bu festival bir ilk olaraq fəaliyyətə başlayır və zəngin irsin nümayiş etdirilməsi, həmçinin yeni istedadların kəşfi üçün olduqca önəmlidir. Bu festival həm də irili-xırdalı bir sıra problemləri də ortaya çıxaracaq. Sözügedən festivalın münsiflər heyəti tanınmış və təcrübəli insanlardır. Hesab edirəm ki, görülən işlərə kifayət qədər peşəkar dəyərləndirmələr edəcəyik. Fikrimcə, bu əsl sənət bayramı olacaq”.

Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxışı zamanı bildirib ki, bu festivala daxil olan 6 ölkədən seçilmiş teatr tamaşaları öz ölkələrinin ən yaxşı tamaşası olaraq seçilib: "Buna görə hesab edirəm ki, bizi maraqlı bir festival gözləyir".

Diqqətə çatdırılıb ki, teatr festivalının Bakıda keçirilməsi heç də təsadüfi deyil. Belə ki, bu il Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyidir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər