Teleqraf.com şair Mətləb Ağanın tərcüməsində Vilyam F.Holanın “Mənasız görüş” adlı elmi-fantastik hekayəsini təqdim edir.
Vilyam F. Nolanın (onun “Loqanın qaçışı” adlı kitabı barədə yazım 2020-ci ildə elə “Teleqraf.com”da da gedib) ABŞ-ın “İnfinity” dərgisinin 1958-ci ilin avqust sayında dərc olunmuş bu hekayəsini oxuyanda qərara aldım ki, işin-gücün “razqar” vaxtı olsa da, (rəhmətlik Səyavuş Aslanın“Yol əhvalatında”kı məşhur personajı Qurban demişkən) bu hekayəni öz dilimizə tərcümə edib, oxumaq istəyən Azərbaycan oxucusuna çatdırım. Bir məsələni də deyim ki, hekayənin adını ingiliscədə olduğutək (“Yatmazdan əvvəl getmək üçün millər”) tərcümə etmədim, həm uzundu, həm də, fikrimcə hekayə başlığı kimi uğursuzdu...
Mətləb Ağa
***
Robert Merdok aramsız uğuldayan kosmik gəminin arı pətəyinə bənzər metal hücrələrinin dərinliklərində bir azdan tək-tənha ölümünü qarşılayacaqdı. Gəmi ətrafdakı qaranlığı nəhəng gümüş iynə kimi qarşısıalınmaz şəkildə yarıb Yerə doğru cumarkən Merdok yoluxduğu amansız xəstəliyin onu məhkum etdiyi ölüm hökmünün qaçılmazlığını və vəziyyətin ümidsiziyini bilə-bilə son dəqiqəsini sakitcə gözləyirdi.
Gəmi öz işini mükəmməl icra edirdi, o, elə bu mükəmməllik üçün də düzəldilmişdi. Və həyatının iyirmi ilini uzaq dünyalarda xərcləyən Merdokun Gəmisi indi Evə doğru tələsirdi.
***
Ev. Yer. Fayervil. Kanzas ştatındakı kiçik doğma şəhər. Təmiz hava, kölgəli küçə və məhəllənin sonundakı ağ rəngli iki mərtəbəli ev. Ulduzlar arasındakı iki onillik və Ev...
Dairəvi qapının önündə səssiscə əyləşib, bayırdakı sonsuz qaranlığı görməzdən gələn Merdok indi keçmişini düşünürdü.
O, iyirmi il əvvəli, bu Gəmiyə minərkən anasının əndişəli sifətini, oğlunun gələcək təhlükəsizliyindən ötrü pıçıldadığı dualarını xatırlayırdı; Gəminin xarici kilidi bağlananadək atasının onun əlini sonuncu dəfə necə möhkəm sıxmasını canında hələ də hiss eləyirdi. Həmin vaxt anasının 55, atasınınsa 63 yaşı vardı. İndi onların qoca və ağsaçlı olduqlarına necə inanmaq olardı?
Bəs özü?
Merdok indi 41 yaşındaydı və Kanzas düzənliklərinin havası atasının rəngini necə soldurmuşdusa, kainat da Merdokun rəngini o cür boğmuşdu. O da bu illər ərzində atası kimi hədsiz əziyyətlərə qatlaşmışdı - lakin qəribə və yad dünyalarda, Günəşdən də qaynar ulduzların altında. Merdokun üzü dörkünc və sərtdi, sümükləri çıxmışdı, gözlərisə qaraydı və dərinlikdən baxırdı. Beləcə, valideynləri kimi o da dəyişmişdi. Bir sözlə, o, ilk baxışda, ögeyləşmiş əzizlərinin yanına dönən yad bir adam təsiri bağışlayırdı.
Merdok Yerə doğru uçuşdan azacıq əvvəl aldığı, anasının köhnə tərzdə, təmtəraqlı dəst-xəttlə yazdığı sonuncu məktubunu ehtiyatla açdı:
“Əziz Bob,
Biz çox həyəcanlıyıq! Atanla mən sənin səs yazını dönə-dönə dinlədik, şükür ki, nəhayət evimizə qayıdırsan. İkimiz də səni səbrlə gözləyirik, oğlum. Bilirsən ki, son vaxtlar səhhətimiz qaydasında deyil. Atanın ürəyi onu daha çox incidir və mən də son bir ay ərzində bir neçə dəfə huşunu itirmişəm. Ancaq həkimimiz Tom deyir ki, biz yaxşıyıq və buna görə də, sən heç narahat olma. Sadəcə evə tələs, oğlum. İkimiz də sağ-salamat evə dönməyin üçün Allaha dua edirik.
Bütün sevgimizlə, Anan”
***
Merdok məktubu bir tərəfə qoyub yumruqlarını sıxdı. Onu ölümündən ayıran qısa vaxt sürətlə tükənməkdəydi. Kanzasdakı kiçik və doğma Fayervil şəhəri çox-çox uzaqlarda, ağlasığmaz bir məsafədəydi və bilirdi ki, doğma şəhərini bir də heç zaman görməyəcək.
Sövq-təbii Robert Frostun köhnə bir şeirinin sətirlərini öz-özünə pıçıldamağa başladı:
“...Amma sadiq qalacağım vədlər var,
Və yatmamışdan əvvəl getməli olduğum millər qalıb hələ...”
O, əziz ata-anasına söz vermişdi ki, evlərinə qayıdacaq və nə olur-olsun, vədini yerinə yetirməliydi.
Həkimlər demişdilər ki, yad dünyada yoluxduğu amansız xəstəlik ona sağ-salamat evə çatmağa imkan verməyəcək, bu, mümkünsüz bir işdir və Merdokun ölüm cədvəlini də tutmuşdular; ürəyi nə vaxt duracaq, nəfəsi nə vaxt kəsiləcək. Beləliklə, Merdok artıq ölümünün saniyəsini də dəqiq bilirdi.
Lakin Merdokun da öz planı vardı. Və həkimlər Merdoku dinləyib, onun son arzusunu həyata keçirməyə razılaşdılar.
İndi, yarım saatdan da az ömrü qalmış Merdok, Gəminin uzun dəhlizlərindən keçib gedir, çəkmələrinin dabanları ensiz metal keçidlərdə cingildəyirdi.
O, axır ki, son vədinə əməl etməyə hazırdı.
***
Merdok divara quraşdırılmış dəmir şkafın kilidinin qarşında dərindən nəfəs alıb kiçicik düyməni sıxdı. Qapı astaca geri sürüşdü. Merdok qaranlıqda hərəkətsiz dayanmış ucaboylu şəxsi diqqətlə süzdü. İrəli addımlayan Merdok vəzyyətə çox tez uyğunlaşdı.
Ucaboylu şəxs dəhlizə düşdü, onun dərində yerləşmiş, demək olar ki, sümük çıxıntılarının arxasında gizlənmiş gözlərində işıq parıldadı, onun da üzü sərt və dördgüncdü.
Səliqəli zabit geyimindəki həmin ucaboylu:
"Mənim adım Robert Merdokdur" dedi, sonra sözünün davamını gətirdi: “41 yaşım var, Yerə, evə uçan bu Gəminin pilotuyam”.
Sözünə ara verib yenidən başladı: "Və mən ruhi və fiziki cəhətdən tamamilə sağlamam".
Merdok astaca başını tərpətdi: "Doğrudan da indi Merdok sənsən" dedi.
“Nə qədər vaxtınız qalıb, cənab?”- robot Merdok əsl Merdokdan soruşdu.
"On dəqiqə. Bəlkə bir neçə saniyə də çox", - Merdok sualı cavablandırdı.
"Halınıza çox acıyıram,” - robot yenidən dilləndi.
Merdok gülümsədi, o, bilirdi ki, android hər nə qədər mükəmməl olsa da, insani duyğulardan məhrumdur, lakin bu sözləri eşitmək onun sonuncu acısını bir az yüngülləşdirdi.
“Sən vəzifəni qüsursuz icra edəcəksən - deyə düşündü Merdok: - Sən məni əvəz edəcəksən və qoca ata-anam heç bir vaxt yeganə oğullarının evə qayıtmadığından şübhələnməyəcəklər”.
Merdok: "Hər şey yerli-yerində olmalıdır", - deyə vurğuladı.
"Əlbəttə, - dedi robot: - Mən ancaq bir ay onların yanında qalacağam, sonra yenidən Gəmiyə minib uzaq ulduzlara uçaçağam, ata-anan anlayacaqlar ki, mən yenə bir iyirmi il də onların yanına dönə bilməyəcəyəm. Sözsüz ki, qocalar bir astronavtın yerinin uzaq ulduzlar olduğu faktını qəbullanacaqlar, çünki astronavt 60 yaşınadək xidmət etməlidir. Arxayın olun, cənab, hər şey qaydasında gedəcək...”
“Bəli,- Merdok da öz-özünə təkrarladı. - Hər şey qaydasında olacaq, çünki hər bir sey əvvəlcədən xırda incəliyinə qədər ölçülüb-biçilib. Android mənim səsimlə danışır, vərdişlərimə də tamamilə sahiblənib. Bir ay sonrasa əvvəlcədən yazdırdığım səs yazıları qocalara son günlərinədək göndərilməyə başlayacaq və onlar heç vaxt bilməyəcək ki, mən artıq çoxdan ölmüşəm...”
“Hazırsınız, cənab?” – robot nəzakətlə soruşdu.
Merdok dərindən nəfəs aldı: “Bəli,- dedi, - hazıram”. Və insanla android uzun dəhlizlə addımlamağa başladılar...
***
Bu arada Merdok onu da xatırladı ki, kiçik Fayervildən “Kosmik Təlim Proqramı”na qəbul edilən yeganə oğlandı, bu da onun ata-anasının qəlbini qürurla doldurmuşdu. Ancaq o bu seçimi alın təriylə qazanmışdı, həm də imtahanlardan kəsilən oğlanlar heç vaxt astronavt olmağı Merdok qədər ürəkdən arzulamamışdılar.
İlk dəfə Ay Gəmisinin enişini izlədiyi andan Merdokun Gəmi pilotu olacağına heç kim şübhə etməyə bilərdi. O, 12 yaşlı oğlan uşağı, 1980-ci ilin o soyuq dekabrında oradaydı, səfərdən qayıdan nəhəng Gəmiyə, Gəminin motorlarından çıxan isti havanın donmuş torpağın buzunu necə əritməsinə və yer səthini necə qaraltmasına dörd gözlə baxırdı. Hənin andan da dərk etmişdi ki, bir gün o da həmin Gəminin iziylə uzaq ulduzlara, geniş və yad üfüqlərə, xəyalların belə canlandırmağa gücü çatmayacağı uzaq dünyalara yollanacaq.
***
Merdok artıq uzaqlarda qalmış o iyirmi il əvvəli - yerdəki son gecəsini - çarpayısında uzanıb, onu əhatələyən geniş və möhtəşəm kainatın sonsuzluğunun onu necə sıxmasını da xatırladı. O, dan yeri sökülənədək keçirdiyi yuxusuz saatları, otaqdakı təkliyini, kiçik, ağ evin məhrəm səssizliyində içindəki gərginliyin neçə artdığını hiss etməyini də, səhərə yaxın damı döyəcləməyə başlayan yağışı və Kanzas səmasındakı güclü göy gurultusunu da xatırladı. Və sonra ildırım gurultusu bir kosmik Gəminin dərinliklərdən qopan motor gurultusuna qarışdı və onu Yerdən uzaqlarda sayrışan ulduzlara apardı... Uzaqlara... Uzaqlara...
***
...Səliqəli zabit geyimli ucaboylu xarici hava kilidini bağladı və sonra Merdokun cəsədinin qaranlığın qoynunda necə sürüklənməsini izlədi. Gəmi və zahirən insandan fərqlənməyən robot vəhdətdə çalışırdı; iki mürəkkəb maşın öz işlərini mükəmməl icra etməkdəydilər. Merdok üçünsə səyahət bitmişdi, onun uzun yolu sona çatmışdı..
İndi o, sonsuz kainatda əbədi uyuyacaqdı.
***
...Gəmi artıq enmişdi və onu qarşılayan izdihamdakı insanlar əllərini yelləyərək Robert Merdokun adını qışqırırdılar. Günəşin şüaları altında dim-dik dayanmış Merdok gülümsədi və o da öz növbəsində əlini yelləyib izdihamı salamladı, işıq onun əzəmətli rəsmi uniformasının üzərində minlərlə parlaq naxış şəklində bərq vurmaqdaydı.
Sözsüz ki, eniş nərdivanının lap yanında Merdoku iki nəfər də gözləyirdi; əsasından zorla tutub əyilən, titrəyən qoca və saçları ağarmış, gözləri parıldayan, damarları çıxmış, üzü qırışlı qarı.
Merdok qocayla qarıya çatdı və onlar oğullarını hərarətlə qucaqlayıb qollarından bərk-bərk yapışdılar, oğulları nəhayət ki, uzaq səfərdən qayıtmışdı, uzaq ulduzlardan evə dönməyi bacarmışdı.
***
– Yaxşı, – izdihamın lap kənarından baş verənləri müşahidə edən bir nəfər dilləndi: - Bax, gedirlər.
Onun yanındakı şəxs dərindən ah çəkib başını yellədi:
–Mən hələ də nəsə bunun düzgün çıxış yolu olduğunu düşünmürəm. Bu baş verənlər, nəsə mənə ədalətli və insani görünmür...
– Ancaq axı, qocaların arzusu bu idi, elə deyil?! – digəri soruşdu. – Onlar vəsiyyətlərində axı belə yazmışdılar, əhd etmişdilər ki, oğulları onların ölümünü heç vaxt bilməsin. Onsuz da Merdok bir aydan sonra təzədən ulduzlara, iyirmi illik yeni səfərə yollanacaq. Niyə hər şeyi korlayaq?
Adam sözlərinə ara verdi, əlləri ilə gözlərinə düşən günəş işığının qarşısını çəpərlədi..
–Bu qoca-qarı olduqca mükəmməldirlər. Merdok heç vaxt duyuq düşməyəcək ki, onlar əsl ata-anası deyil, sadəcə android robotlarıdır.
–Düşünürəm ki, sən haqlısan – digəri başıyla təsdiqlədi: –Merdok, heç vaxt həqiqəti öyrənməyəcək.
Və o, qocayla qarı ucaboy oğlanları ilə birlikdə gözdən itənədək onların arxasınca baxdı, baxdı...
Qeydlər:
Title: And miles to go before I sleep.
Author: William F. Nolan.
Language: English.
Original publication: New York, NY: Royal Publications, Inc, 1958
Tərcüməçi: Mətləb Ağa