“Addım” Gənclər Təşkilatının nümayəndələri “Mənim 25 yaşım var” layihəsi çərçivəsində Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
Ziyarətdə “ADDIM”-ın sədri Hüseyn Cavadzadə başda olmaqla bütün işçi heyəti, üzvlər və könüllü gənclər iştirak edib. Təşkilatın sədr müavini Aynur Salmanovanın Teleqraf.com-a verdiyi məlumata görə, ziyarət zamanı ADDIM-çılar şəhidlərin məzarlarına qərənfillər qoyub, 1 dəqiqəlik sükutla onların xatirəsini anıblar.
Sonda isə tədbirə qoşulan Abdulla Şaiq adına Dövlət Kukla Teatrının azyaşlı üzvləri şəhidlərin xatirəsinə ithaf olaraq 131 qara şarı havaya uçurublar.
Qeyd edək ki, “Mənim 25 yaşım var!” şüarı ilə həyata keçirilən layihənin əsas hissəsi 20 Yanvar tarixində sosial media üzərində həyata keçiriləcək. Belə ki, təşkilat üzvləri əsasən dünya KİV-ləri və sosial mediada 20 Yanvar faciəsinin tarixi ilə bağlı müxtəlif dillərdə elektron broşürlar paylaşacaqlar. Təşkilat rəhbərliyi məhz bu tarixdə gənclərimizi səfərbər olub, müstəqilliyimiz yolunda xalqımızın keçdiyi ləyaqətli tarixi bütün dünya ictimaiyyətinə tanıtmağa çağırıb.
Nərmin