Türk filosof, siyasətçi, şair Rza Tofiq Azərbaycan ədəbiyyatında daha çox Hüseyn Cavid və Abdulla Surun İstanbuldakı müəllimi, ustadı olaraq tanınmaqdadır. İttihad və Tərəqqinin əsas simalarından olan Rza Tofiq Osmanlıda ilk mason lojasının da qurucularından hesab edilir. 1906-cı ildə İstanbula gələn Hüseyn Cavid və Abdulla Sur ondan fərdi dərs alıblar, qara qırğız Əbdüləziz, krımlı Bəkir Çobanzadə ilə birlikdə ustadları ilə fotoşəkil də çəkdiriblər. Hüseyn Cavid Qurbanəli Şərifzadəyə yazdığı məktubunda Rza Tofiqdən bəhs edib, onunla bağlı bilgilər verib.
Ötənlərdə ədəbiyyatşünas alim Azər Turanın “Ədəbiyyat” qəzetində “Bəktaşi dərvişi, filosof, professor, nazir, millət vəkili - Kədər şairi Rza Tofiq” adlı məqaləsini oxumuşdum. Müəllif bu yazısında Hüseyn Cavidlə Abdulla Surun Rza Tofiqlə tanışlığından bəhs edib, Cavidin istintaq zamanı məşhur filosofu Surun vasitəsi ilə tanıdığını dediyini bildirib.
Sitat:
“Hüseyn Cavid Rza Tofiq məsələsinə bir də 1938-ci ilin 10 noyabr tarixli istintaq dindirilməsində müstəntiqin sualını cavablandırarkən qayıdır: “Türkiyəyə təhsil almaq üçün getmişdim. Görkəmli şair Rza Tofiqin yanında oxudum... Bir ildən sonra isə ədəbiyyat fakültəsinə qəbul olundum.
- Necə oldu ki, sizi fakültəyə qəbul etdilər?
- Həmin il Rza Tofiq özü həmin fakültədə dərs deyirdi. Universitetə onun təqdimatıyla qəbul edildim.
- Rza Tofiq sizi hardan tanıyırdı?
- Mən İstanbulda olarkən Rza Tofiqin yanında oxuyan Abdulla Məmmədzadə adlı bir kirovabadlıyla tanış olmuşdum. Məni ona Abdulla təqdim etdi...”.
Azər Turan haqlı olaraq bu məsələyə cavab axtarır və belə bir sual ortaya qoyur:
“Qəribədir, niyə Cavid Rza Tofiqlə tanışlığının səbəbi kimi Abdulla Suru nişan verirdi? Müstəntiq bunun belə olduğunu hardan bilsin, yaxud necə araşdırsın? Axı yeganə şahid kirovabadlı Abdulla Məmmədzadə - Abdulla Sur dünyasını çoxdan dəyişmişdi... Və doğrudanmı, onu Rza Tofiqə gəncəli Abdulla Sur təqdim edib? Axı İstanbula ikisi də eyni vaxtda gəlmişdi... Cavidin 24, Abdulla Surun 23 yaşı vardı. Rza Tofiqin də, Hüseyn Cavidin də, Abdulla Surun da, bəlkə hətta ötən yüzilin əvvəllərində Azərbaycan-Türkiyə münasibətlərinin də sirli qalan, araşdırılmayan tərəfi budur. Bu faktın gerçək mahiyyətinin aşkarlanması Azərbaycan fikir tarixinin daha dərindən bilinməsinə təkan verir”.
Daha sonra Azər Turan 1927-ci ilin sentyabrında Rza Tofiqin Ammandan dostu Rza Turquta yazdığı məktubun mətnini təqdim edir və əslində, Rza Tofiqdən dərs alan dörd tələbənin xüsusi bir layihə olduğunu isbatlayır. Həmin məktubun mətni bu şəkildədir:
“...Məşrutiyyətin elanından xeyli zaman əvvəl (1908) Feyləsof Rza Tofiq bütün türk aləmini oyandırmaq fikir və himmətində bulunmuş. Sultan Hamidin ən vahiməli zamanlarında Rusiyadan məşhur milliyyətpərvər yazıçı İsmayıl Qaspirinski üç digər arkadaşıyla bərabər tanınmamaq üçün qiyafəsini dəyişərək İstanbula gəlmiş və öncə Feyləsuf Rzayı sormuş və onun əski məktəb arkadaşı və dostu olan kafkasyalı doktor Hüseynzadə Əli bəy vasitəsiylə Rza Tofiqlə görüşmüş və Kadıköyündə Cevizlikdəki köşkündə üç gecə müsafir qalaraq türklərin oyandırılması haqqında bu adamlar o Feyləsofdan rəy və məlumat almışlar... Hətta - söyləməyi unutdum! - məşrutiyyətdən çox əvvəl Qasprinskinin rica və iltiması üzərinə Rusiyadan göndəriləcək tatar-türk gənclərinə rızaən göndərilən on bir türk və tatar və azərbaycanlı gənclərə, Feyləsof kimsəyə sezdirmədən, kəndi evində... büsbütün xüsusi və sırf yeni mədəniyyətə yönəli və zehinlərini açmaq üçün dərs vermiş. Sonra bunların hər biri kəndi məmləkətlərinə gedərək böyük adamlar olmuşlar, bir qismi də Feyləsofdan ayrılmayaraq İstanbulda qalmış və elani-məşrutiyyətdə (1908-də) onun yanında bulunmuşlar... Demək oluyor ki, Məşrutiyyətdən çox əvvəl... turançılığın əsasını yenə Feyləsof qurmuş və... Türk aləmində bir cərəyan açmış... sonra on dörd kişini iki sənə tərbiyə edib məmləkətlərinə mürşid olaraq göndərmişdir”.
Azər Turanın gəldiyi bu nəticələri təsdiq etməklə birlikdə Rza Tofiqin öz dilindən bütün bu prosesi izah edən xatirə məqaləsini əldə etmişik. 11 iyun 1948-ci ildə “Tasvir” qəzetində Rıza Tevfik Bölükbaşı imzası ilə dərc etdirdiyi xatirə məqaləsində İsmayıl Qaspıralı, Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşovla olan gizli görüşündən, ondan xahiş edilən istəkdən və həmin dörd tələbədən bəhs edib. Rza Tofiqin naxçıvanlı Rəfizadə Hüseyn Xuda olaraq qeyd etdiyi şəxs, şübhəsiz ki, kiçik bir hərf xətası ilə Rəsizadə Hüseyndir. Yelizavetpoldan olduğunu qeyd etdiyi Abdullah Mehmedzadə isə məhz gəncəli Abdulla Sur Məhəmmədzadədir. Xatirədən aydın olur ki, Rza Tofiq tələbələrindən ikisinin vəfatı xəbərini eşidib, kədərlənib. Onlardan biri 1912-ci ildə vəfat edən Abdulla Surdur. Digəri də böyük ehtimal ki, qırğız Əbdüləziz olacaq. Çünki digər iki tələbə daha sonrakı dövrdə repressiyanın qurbanı olublar.
Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinə faydalı olacaq Rza Tofiqin ölümündən bir il əvvəl yazdığı bu xatirəsini dilimizə uyğunlaşdıraraq təqdim edirik:
***
Rza Tofiq
Xatirə dəftərimdən bir yarpaq
Türklük aləmində turançılıq fikrinin ilk adamları
Sultan Həmid idarəçiliyinin son zamanlarında İstanbulda “Tərcüman” namı ilə kiçik bir qəzet dolaşmağa başlamışdı. Dörd səhifəcikdən ibarət olan bu cəridəyi xalq arasında maraqla oxuyanlar az deyildi. Mən də maraq göstərib bir-iki nüsxəsini oxumuşdum. Tatar ləhcəsi və Krım şivəsi ilə açıq bir lisan və bəsit bir üslub ilə yazılırdı. Müəssisi, sahibi, mühərriri İsmayıl Qasprinski namında zehni açıq bir krımlı müsəlman imiş. Mən o vaxtlar Tibbiyyeyi-Mülkiyyə Cəmiyyəti azasının ən gənci idim. Qalata gömrüyündə də müfəttiş təbiblər zümrəsində idim. Mətbuatda da şöhrətim vardı. Tələbəlik zamanımdan bəri də əsgəri tibbiyyəsi tələbələrindən bir xeyli dostlar qazanmışdım: Azərbaycanlı Əli bəy Hüseynzadə, Arapkirli Abdullah Cövdət, arnavut İbrahim Temo (yəni Ethem!), İshaq Sükuti başlıca qafadarlarımdan idilər. Bir gün Əli bəy Hüseynzadə ilə görüşərkən Qasprinskinin kim olduğunu soruşdum. Verdiyi məlumatdan çox xoşnud olmuşdum. Nəhayət, bir gün (zənn edirəm, 1907-ci ilin baharında idi!) Doktor Əli bəylə Qasprinski və hər ikisinin də dostu, “Kaspi” namıyla rusca nəşr olunan qəzetin mühərriri Mərdan bəy Topçubaşov axşamüstü məni evimdə ziyarət etdilər, müsafir qaldılar. İsmayıl Qasprinski bir mühüm məsələ üçün rəyimi soruşmağa gəldiklərini dedi və uzun-uzun izah etdi: Türk irqinə mənsub olaraq Asiyada yaşayan milyonlarla müsəlmanın digər irqdaşlarından hallıca olmalarına rəğmən kültür etibarilə çox geri qaldıqları məlumdur. Onların oyandırılmaları üçün konfranslar vermək fikrindəyik. İndilik iki milyon rubləlik bir kreditimiz də vardır. Bu xüsusda sizin xidmət və hümmətinizi istəyirik.
Məsələnin künhü (əsli, mahiyyəti) budur dedi. Çox danışdıq. Qurultayın İstanbuldan başqa bir yerdə təsisi qərarlaşdırıldı. İlk oxunacaq raportu uzun bir məktub şəklində mən yazdım. Rusiyadan İstanbula təhsilə göndərilmək üçün seçəcəkləri tələbə əfəndilərə də bəzi dərslər verməyi fəxri olaraq mənə təklif etdilər. Qəbul etdim. O əfəndilərdən dördü qurultay ərkanı ilə aramızda vasitə olmaq üzərə seçildi. Xatirat dəftərimdə məzbut isimləri və ünvanları belədir:
1) Əbdürrəhman əfəndi – Rusiya. U. Orenburq. Bu gənc qara qırğızlardan ağıllı bir adamdı.
2) Abdullah əfəndi - Abdullah Məhəmmədzadə. Qafqaz, Yelizavetpol
3) Əbdüləziz əfəndi – İstanbulda Mercanda Rüştü paşa xanında. Darülfünun Ədəbiyyat şöbəsi birinci sinif müdavimlərindən.
4) Naxçıvanlı Rəfizadə Hüseyn Xuda. Mahmud paşada Suhulet hoteli, nömrə 5. Ədəbiyyat şöbəsi, birinci sinif müdavimlərindən.
Bu əfəndilər məşrutiyyətin elanında da mənimlə birgə idilər və bir il dərsimdə olduqdan sonra mənimlə bərabər iki qrup olaraq fotoşəkil çəkdirdilər, getdilər. Azərbaycandan da imtahan proqramlarını və mənim dərc edilməmiş şeirlərimi orada əfəndilərin isimlərini də bildirdilər.
Mən İsmayıl bəylə görüşdükdən bir həftə sonra məşrutiyyət elan edilmişdi. O zaman ondan aldığım mühüm məktubun bəzi hissələrini ərz edirəm:
“Möhtərəm və qəyyur (qeyrətli) qardaşımız Rza Tofiq bəy əfəndi.
Yazdığınız müfəssəl məktubunuza tezcə cavab verə bilmədim. Çünkü Asyayi-Vüstaya ikinci səyahətə getmişdim. On beş il müqəddəm gəzmiş görmüş idim. İndi bir daha görüb bu on beş ildən bəri vaqi olmuş təğəyyüratı (dəyişiklikləri) gözdən keçirmək müqtəzi (lazım) idi. Yazdığınız məktubun altına mən də imzamı qoyuram. Bundan belə işin və məsələnin irəlisi üçün uzunca bəhs və müzakirə lazım olduğundan məxsus siz və rəfiqlərinizlə görüşməyə varacağam. Əgər vaxt taparsam, bu Ramazana qədər.
Müsəlman qurultayını İstanbulu kənar tutub başlamağa məcbur idim. İndi iş çevrildi, artıq iş daha gözəl gedər. Qurultay ləfzini ortaya atdığım ilə ən ziyadə çalışdığım iki maddə olmuşdur: Biri Avropanı hürkütməmək, digəri Şərq mütəəssiblərinə məsələni tamamən açmamaq. Buna bir dərəcə müvəffəq oldum kimi görünür. Qərb və Şərq pək o qədər qurultay fikrindən qorxmur. Zatən qorxacaq və hürkəcək bir şey yoxdur.
Bugünkü məqami-siyasiyənizi təbrik edirəm. Təbrikimin səbəbi aşinalıq və dostluq deyil. Bu mühüm və nazik hallar içində göstərdiyiniz məharətdir. Bizlər Rusiyada belə edə bilmədik, işləri bərbad etdik, indi sizlərə əl çalırıq. Rəfiqlərinizi təbrik edirəm. Mənim əski və xroniki dəvasız bir dərdim vardır ki, türklükdür. Türk gözü ilə baxdığım halda dəxi məmnun qalıram. Davam, etidal üzərə davam! Yazı və məktub ilə baş olacaq şey deyil. Görüşərik, doya-doya söyləşərik. Sağ olun, öz bəradərim.
Sizin İsmayıl Qasprinski”
Bu məktubu aldıqdan bir ay sonra Yusuf Akçura bəydən də uzun və pək mühüm məktub aldım ki, o da Baxçasaraydan yazılmışdı. 14-27 sentyabr 1908-ci il tarixiylə müqəyyətdi. (aiddi).
Bu məktub üç qismə ayrılmışdır. Dörd səhifəlik məktubun buraya təkmilini dərc etmək lazım deyil. Yalnız bəzi parçalarını ərz edəcəyəm, çünki mühümdür:
“Möhtərəm Rza Tofiq bəy əfəndi həzrətləri:
Əbdürrəhman əfəndi vasitəsi ilə İsmayıl bəy Qasprinskiyə göndərdiyiniz uzun faydalı məktub “Tərcüman” heyəti-təhririyyəsinə çatdı. Yalnız bizim heyəti-təhririyyəmiz üçün deyil, bütün Rusiyadakı müsəlman həmyerlilərimiz üçün pək faydalı hesab etdik. İstəyərdik ki, bir vasitə ilə gərək bu məktubunuz və gərəksə məktubunuzdakı əfkarınızın nəşrinə xidmət edəcək digər təhriratınız bizim müsəlmanlar arasında yaxşıca intişar etsin. Bəzi həmyerlilərimizin dərslərinizdə olaraq istifadə eyləmələrindən şübhəsiz, pək məmnun oluruq. Lakin təkcə bu kafi də deyil. Oraya gedib halqayi-tədrisiyyənizdə olmaq təbii ki hər kəsə müyəssər olmur. Bizim rus mətbuatını sizin və sizə müməsil ülum ilə mücəhhəz hürr dimağların səməratına xadim qılmaq əcəba mümkün ola bilməzmi?
Əgər mümkünsə, müsaidə buyurun da sizdən başlayaq”.
Mərhum Yusuf Akçura bəy bu uzun məktubun üçüncü qismində bu mühüm sözləri söyləyir:
“Məktubunuzda yazdıqlarınız gənclərimizin digər bir qismini girdikləri dalandan geriyə döndərməyə xidmət edə biləcəkdir. Anlaya bildiyimə görə siz individualistsiniz. İngilis hakim müqtəsidlərini dəstəkləyirsiniz. Bizim gənclərimizin bir qismi isə ruslar vasitəsilə aldıqları alman əfkarıyla sosializm və baxüsus K. Marksın əfkarına pək ziyadə təmayül edirlər. Bəndəniz İstanbul, Paris və xüsusə Parisin də anqloman bir məktəbinin təsiri ilə heç cür almanlaşa bilmirəm. Xocalarım Leroibeainhien (hər iki bəradər!), Levasseur, A. Sarel idi. Hər şeydən ziyadə şəxsin iqtidar və ixtiyarını tanımaqdan özümü ala bilmirəm. Əksəriyyət rus məktəbləri məhsulatı, cəmiyyətçi və dövlətçidirlər. Sizi individualist bir qüvvət görəcək, həmən ona sarılıb və belə bir müavinəti xariciyyə ilə mövzumuzu qüvvətləndirmək arzusu məndə necə şiddətli oyandı. Şayəd bu müavənəti dəriğ etməzsiniz. (əsirgəməzsiniz)
Yusuf Akçuraoğlu”
İstər İsmayıl bəy Qaspırinski, istərsə Yusuf bəy Akçura məndən Asiyanın çox bixəbər və geridə qalmış türklərini cəhalət və qəflətdən oyandırmaq üçün həmiyyətpərvəranə bir xidmət istəyirdilər. Mən o xidməti əlimdən gəldiyi qədər ifa etməyə çalışdım. Burada da on asiyalı türk gəncinə evimdə fəxri olaraq dərs dedim. O əsnada misirli şahzadə Səid Halim paşa mərhuma da xüsusi dərs verməkdə olduğum üçün Bebekdə Halim paşa köşkündə qalırdım. O əsnada məşrutiyyət elan olundu. Təqribən bir il idi ki İttihad və Tərəqqi Cəmiyyətinə mənsub idim və bu cəmiyyətin pək də sevimlisi idim. Asiyalı türk şagirdlərimə məşrutiyyət elanından sonra xüsusi dərslər verməyə vaxtım olmadı. Bununla bərabər o vəfakar gənclər məmləkətlərinə övdət edincəyə (qayıdana) qədər məndən ayrılmadılar. Məmləkətlərinə övdət etdikdən sonra da hamısı işə yararlı adamlar oldular. Yalnız ikisinin vəfat xəbərini alıb mütəəllim oldum.
Bu cərəyan öz-özünə nüfuzunu artıra biləcək bir yola çıxmışdı. Burada təvəttün edən (yurd salan) türk və tatarların ən rabitəlisi və həmiyyət etibarilə doğru hiss edən, makul düşünən və xeyirli iş görəni mərhum Akçura idi. Nəşr etməkdə olduğu “Türk ocağı” məcmuəsi də filoloji bir şəkil və mahiyyəti ilə mümtaz idi. Bütün məsrəflərini Sultan Həmidin böyük oğlu mərhum şahzadə Səlim əfəndi ehsan edirdi. Nəhayət, Ziya Gökalp ortaya çıxdı, almanları təqlid edərək milliyyət prinsipinin (irq-race) təmizliyi davası üzərinə bina etmək istədi.
Bu iddia bizim haqqımızda pək yanlış və pək təhlükəli bir fərziyyə idi. Təbiidir ki, o vaxt Osmanlı dövləti təbəəsindən olub da yad irqə mənsub olan bir çox camaatların bu irq iddiasında bizdən pək haqlı olaraq ayrılacaqları zəruri və bədihi (apaçıq) idi. Türkçülük politikasının bu mənada tərviç edilməsinə alət ola bilməyəcəyim üçün qətiyyən münasibətimi kəsdim. Bu fodulluğun (üstün görmə) nə nəticə verdiyini, məttəəssüf, hər kəs gördü və bu təcrübə Türkiyəyə çox baha başa gəldi. Məşhur şair Şeyx Qalibin başqa bir məsələ və vəsilə iləd ediyi kimi:
İştə bu qədərdir ol hekayət,
Baqisi durug-i binəhayət
Lakin mən əvvəlki ilin yaz mövsümünü Erenköydə keçirmək üzərə Haydarpaşa xəstəxanasından çıxıb əziz dostlarımdan Fevzinin köşkündə müsafir olmuşdum. Xatirimi xoş tutmaq üçün məni ziyarətə gələn bir çox zəvat arasında mərhum Qasprinskinin oğlu və möhtərəm xanımı da vardı. Onlarla bərabər əsgəri mütəqaidlərdən bir əfəndi də vardı ki, Ankarada xocalıqla məşğul imiş. Bu əfəndi zəki və münəvvər bir krımlı idi.
Krımın münəvvər müsəlmanlarından xəbər aldım. “Bugünkü bolşevik hökuməti onların birini də buraxmadı, Sibirə nəfi edərkən yolda tələf etdi!” dedi. Təkrar xəstəxanaya girdim, ondan sonra da Rusiya müsəlmanlarından heç xəbər ala bilmədim.