23 Yanvar 09:05
26 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Emil Əfrasiyab Azərbaycanın ən istedadlı cazmenlərindəndir. Bir çox nüfuzlu müsabiqələrin, o cümlədən 45-ci Möntre Caz Festivalının “Ən yaxşı pianoçu” nominasiyası üzrə qalibidir. 2011-ci ildə, hələ 29 yaşında ikən Azərbaycanın Əməkdar artisti adına layiq görülüb. Ən böyük məqsədi gələcəyin Vaqif Mustafazadələrini yetişdirməkdir.

Onunla müsahibəni təqdim edirik.

- Deyirlər, siz 3 yaşından pianoda ifa etməyə başlamısız, doğrudur?..

- Mən iki yaş yarımdan musiqiyə meyil göstərmişəm. Evimizdə müxtəlif janrlarda musiqilər səslənirdi, üstünlük isə muğama verilirdi.

Böyük bacım Səbinə Əfrasiyab musiqi məktəbində oxuyurdu. Bir dəfə imtahana hazırlaşırdı. Sebastyan Baxın invensiyalarını ifa edirdi. Anam mətbəxdən bacıma səsləndi ki, gecikərsən, məşqləri dərhal bitirib məktəbə getməlisən.

Bir neçə dəqiqədən sonra anam həmin invensiyaları eşidərək elə düşünür ki, bacım hələ də evdədir. Mətbəxdən gələndə görür ki, mən həmin invensiyanı bir barmaqla təkrar edirəm.

Atam işdən gələndə anam bu məsələni ona danışır. Təbii ki, atam inanmır; iki yaş yarımlıq uşaq invensiyanı necə təkrar edə bilər? Sonra özləri məni "iş başında tutdular" və qərara gəldilər ki, məni musiqiyə yönəltsinlər.

Məni əvvəl skripka dərslərinə qoydular. Amma mən skripkada özümü görmədim, bütün simlərini qırmışdım. Və evdə düşündülər ki, mənə balaca bir akkardion alsınlar. Akkardiondan mütəmadi şəkildə keçdim pianoya.

- Skripka, mənimsəmək baxımından, məşəqqətli bir alətdir, ona görə skripkadan vaz keçdiniz?

-Yox, bilirsiz, fortepiano mənim üçün başqa bir dünyadır. Bütün alətlər var burda. Hər bir alətin özünəməxsus diapozonu, çalğı açarı var. Amma təsəvvür edin ki, pianoa bütün açarlar, bütün diapozonlar yerləşib. Kontrabas da var, violençel də var, alt da var, skripka da var. Tam komplekti mən pianoda görürdüm.

Bundan başqa, uşaqlar dərs vaxtı skripkanın simini dartıb əcaib səslər çıxaranda mənim ərim ürpəşirdi. Dedim, yox, skripkada ifa edə bilmərəm.

- Dünyanın ən böyük musiqi məktəblərindən sayılan Berkli Musiqi Kollecində təhsil almısız...

- Ondan əvvəl Bülbül adına orta ixtisas məktəbində təhsil almışam, sonra Bakı Musiqi Akademiyasında çox hörmətli Fərhad Bədəlbəylinin sinfində oxumuşam. 2006-cı ildə magistr pilləsini bitirərək Azərbaycanımızın mədəniyyətinin təbliğatıyla məşğul olmuşam. Festivallarda, müsabiqələrdə iştirak etmişəm.

Vaxt məhdud olduğuna görə heç vaxt düşünmürdüm ki, Berkli Universitetinə gedə bilərəm. Sadəcə 2013-cü ildə bu qərara gəldim. Ora gedəndə artıq formalaşmış musiqiçi, əməkdar artist idim.

Məsələ ondadır ki, Berklidə təhsil almaq həm də mədəniyyətimizi və insanlarımızı tanıtmaq demək idi. Bu, təbliğat xarakterli bir addım idi. Mən ilk və yeganə azərbaycanlı olmuşam ki, təhsilimi qırmızı diplomla bitirib Azərbaycana qayıtmışam.

- Yəqin Berklidə təhsil almaq çoxlarının arzusudur. Hələ ki orda oxuyan yeganə azərbaycanlı olaraq bu məktəbdəki təhsilin çətinliyini nədə görürsüz?

- Heç bir çətinlik yoxdur. Mən Berklini keçmiş sovet dövründəki məktəblərlə müqayisə edə bilərəm. Hətta məncə, Berklinin səviyyəsi sovet vaxtının musiqi məktəblərindən aşağıdır. Orda yeni, qeyri-adi məsələlər görmədim.

- Hazırda Milli Konservatoriyada "Populyar musiqi və caz ifaçılığı" kafedrasına rəhbərlik edirsiz. Cazın tədrisində nə kimi yeniliklər var?

- "Populyar musiqi və caz ifaçılığı" kafedrasını yaratmaq çox dəyərli işdir. Bu kafedranı hörmətli rektorumuz Səyavuş Kərimi yaradıb. Hər il iki semestrin arasında dörd konsert olur. Tələbələr fərqli proqramlarla hesabat konserti verir. Yalnız ən yaxşılar və ilboyu tədris olaraq hazırlıq görən tələbələr öz əsərlərini nümayiş etdirirlər.

Əsas məqsədimiz Azərbaycan mədəniyyətini təbliğ etməkdir. Azərbaycanda indiyə kimi caz məktəbi olmayıb. Baxmayaraq ki, bizim böyük sənətkarlarımız caz musiqisi janrında dəyərli əsərlər yaradıblar.

Niyazi və Tofiq Quliyev cazdan alınan akkord sıralarını simfonik musiqi ilə birləşdirə bildilər.

Rafiq Babayev və Vaqif Mustafazadə Azərbaycan muğamını caz musiqisi ilə sintez edib, yeni janr yaratdılar.

Əslində siyahını Üzeyir Hacıbəylidən başlamalıydım, sadəcə çox dərinə getmək istəmirəm.

Azərbaycan xalqı çox istedadlıdır, çox hissiyyatlıdır. Mən bunu azərbaycanlı olduğum üçün demirəm. Bildiyiniz kimi, mən on il Amerikada yaşamışam. Orda müxtəlif ölkələrdən gəlib təhsil alanlar var. Mən Azərbaycan xalqının musiqi istedadını başqa xalqlarla müqayisə edərək hiss etmişəm.

-"Biz istedadlı xalqıq" kəlməsini həmişə eşidirik və bəlkə də bu sözlər bizi arxayın salır. İstedadliyıq, bəs niyə cazmenlərimiz, ümumilikdə musiqiçilərimiz dünya miqyasında tanına bilmir?

- Əlbəttə, hər bir musiqiçi aktiv şəkildə öz üzərində işləməlidir. Demirəm ki, siz yanılırsız. Amma, məsələn, klassik musiqi janrında dünya səviyyəsində tanınan musiqiçilərimiz var. Sərvər Qəniyev, Elvin Qəniyev kimi skripka ifaçılarımız var. Fərhad Xudiyev və Eldar Xudiyev qardaşları var: biri skripkaçı, digəri dirijor. Düzdür, onlar Azərbaycandan tez köçüblər və başqa ölkələrdə yaşayıblar.

Dünya miqyasında tanınan musiqiçilərimiz var, sadəcə çox deyil. Və müəyyən sektorlarda, siz demiş, ümumiyyətlə yoxdur.

Amma yenə də deyirəm, insan nə qədər öz üzərində çalışsa, bunun nəticəsini görəcək. Bir də ki çalışmaq hər şey demək deyil. Çalışmaq işin 50 faizini görməkdir.

Bu işin digər tərəfi marketinqlə bağlıdır. "Musiqi promoşnı" başqa bir sahədir. “Promoşn” xüsusi təşkilati məqsədlərə yönəlmiş fəaliyyətdir. Azərbaycanda ilk növbədə prodüser məktəbi yaranmalıdır. Musiqiçinin prodüseri olmalıdır. Hazırda prodüser yoxdur. "Prodüser" deyəndə hamının gözünün qabağına telefonlara cavab verən, sosial platformalarda iş aparan, şənliklərdə disk daşıyan, maliyyə problemlərini həll edən adam gəlir. Prodüser bu deyil.

Prodüser odur ki, hansısa materialı, məlumatı düzgün təbliğ etsin. Baxın, tutaq ki, biz o vaxtkı simfonik orkestrin ifasında Qara Qarayevin "Yeddi gözəl" əsərini dinləmək istəyirik. Harda dinləyə bilərik? Yutub, Amazon, Şazam, Sauntklaut? Heç birində yoxdur.

Məncə, mədəniyyətlə məşğul olan qurumlar bunun üstünə düşməlidir, bu əsərlərin səs yazılarını ödənişli şəkildə populyar saytlara yükləmək lazımdır. Azərbaycanın böyük bir musiqi xəzinəsi var. Bunu ölkə daxilində saxlamaqla dünyada tanıtmaq mümkün deyil.

Musiqiçilər də var, yaxşı əsərlər də. Yenə bütün sualların cavabı prodüserə bağlanır. Musiqiçi əsəri yaradır, prodüser isə bunun üzərində işləyir. Bu çox önəmli məsələdir.

Məsələn, prodüser baxır ki, Vyanada 2025-ci ildə bu əsərin yazıldığı janrda bir müsabiqə keçiriləcək. Dərhal oraya məlumat göndərir. Musiqiçinin buna vaxtı yoxdur. Musiqiçi istəyir ki, onun əsəri dinlənilsin, amma o bunu təbliğ etməyi bacarmır, o bu məktəbi keçməyib. İş "promoşn" məsələsinə qalır.

Ona görə biz beynəlxalq səviyyəli tədbirlərdə öz adlarımıza nadir hallarda rast gəlirik. Düzdür, bizim gənc musiqiçilərimiz dünyada keçirilən festivallarda iştirak edir, amma prodüser məktəbi olmadığı üçün bunu zəif şəkildə edirik.

- Emil bəy, biz xarici ölkədə musiqimizin təbliğatından danışdıq, amma ən əvvəl öz ölkəmizdə əsl musiqinin yerini, rolunu müəyyən etməliyik. Bu gün bayağı musiqilər baş alıb gedir. Peşəkarlar sanki öz hücrəsinə çəkilib və "sənət sənət üçündür" devizi ilə yaşayıb yaradır, peşəkar ifaların kütləviləşməsinə səy göstərmir. Məncə, bayağı musiqinin geniş vüsət almasında siz peşəkarların da “rolu” var.

- Sizinlə razıyam. Mənim narahat olduğum məsələ də elə budur. Biz bu gün görürük ki, sosial şəbəkələrdə, müxtəlif radioplatformalarda, mədəniyyət sektorunda bayağılıq faizi artıb. Düşünürəm ki, bunun qarşısını almaq üçün biz bacardığımız qədər keyfiyyətli məhsulu sosial şəbəkəyə yerləşdirməli və insanları "tərbiyələndirməliyik".

Bu sözümü pis qəbul etməsinlər. Hər hansı bir insan sosial şəbəkəni açır, ilk qarşısına çıxan musiqini dinləyir və elə düşünür ki, bu əsl musiqidir. Amma ona başa salmaq, anlatmaq lazımdır.

Biz peşəkar musiqiçilər də müəyyən mənada günahkarıq. Bunu etiraf edirəm. Burdan musiqiçilərə üz tuturam ki, hər hansı məhsul ortaya çıxaranda keyfiyyət baxımından dəyərləndirsinlər. Dərhal musiqini ortaya çıxarmasınlar, mütəxəssislərdən məsləhət alsınlar. Burda müxtəlif punktlar var. Musiqinin mövzusu, düzgün yazılması, harmoniyası, sözləri, mətni, studiya işləri... Bunlar hamısı şərtdir.

Bayağılıq həmişə olub. Sadəcə o vaxt sosial şəbəkələr, internet yox idi. Və bayağılıq böyük meydanlara, ekranlara yol tapmırdı. Sovet dövründə senzura var idi. Məsələn, Şövkət Ələkbərova royal qarşısında mahnı ifa edərkən birdən əlini, tutalım, yuxarı qaldıranda rejissor onu dərhal saxlayırdı və onunla birlikdə böyük orkestr də təzədən ifaya başlayırdı. Baxın, bu iş nə qədər əzab-əziyyətlə başa gəlirdi.

Müasir dünyada kompüter vasitəsilə hər bir iş görmək olar. Necə ki səhiyyədə xəstəliklərin müalicəsi tapılıb, eləcə də musiqidə. İndi 50-60 nəfərlik orkestrin yenidən ifa etməsinə ehtiyac yoxdur. İmkanlar var. Amma təəssüf ki, sosial şəbəkədə heç kimin əlindən tutub deyə bilmərik ki, keyfiyyətsiz musiqini ortaya çıxarma. Musiqiçi özü bunun məsuliyyətini anlamalıdır.

Mən peşəkar musiqiçilərə müraciət edirəm ki, keyfiyyətli nümunələrin sosial şəbəkələrdə yerləşdirilməsi və təbliğatı ilə bacardığımız qədər məşğul olaq.

- Bayağı musiqi ifaçıları populyarlığın yolunu tez tapırlar. Əslində indi reklama peşəkar musiqiçilərin daha çox ehtiyacı var. Televiziya proqramlarında daha çox görünmək, insanların musiqi zövqünə təsir göstərmək sizcə də vacib deyilmi?

- Televiziya proqramları deyir ki, mən kanalı saxlamaq üçün reklama müraciət etməliyəm. Bu, düzgün yol deyil. Musiqi zövqü hər şeydən öndə gəlməlidir.

- Sizə Berkli Universitetində dərs demək də təklif edilib. Amerikada qalmağı heç düşünmədiniz?

- Adını çəkməyəcəyəm, bir məşhur adam var. Ona bir dəfə deyiblər ki, məni xarici ölkəyə işləməyə dəvət ediblər. O adam deyib ki, sən də get. O birisi də getsin. Üçüncüsü, dördüncüsü də getsin. Hamınız çıxıb gedin. Bəs Azərbaycan mədəniyyəti necə olsun? Azərbaycanın musiqi xəzinəsini kimlərə əmanət edək?

Mən Berkli Musiqi Kollecində təhsil aldığım üçün ölkə rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Təhsil haqqı çox yüksək idi. Bir semestr oxumaq üçün 36 min ABŞ dolları ödəmək lazım gəlirdi. Və bu yalnız təhsil haqqının qiymətidir. Evlərin kirayə qiyməti 3 min dollardan başlayır. Bunun qidalanma, nəqliyyat xərcləri də var.

Əgər məni məqsədyönlü şəkildə ora göndərib oxudublarsa, deməli, mənim bilavasitə vətəndaş borcum Azərbaycan xalqına xidmət etməkdir. Mənim məqsədim gənc musiqiçiləri maarifləndirmək, onları əsl peşəkar kimi yetişdirməkdir. İstəyirəm gənc cazmenlər dünya miqyasında tanınıb dünyanı heyrətdə qoysunlar. Yəni baxın, bizdə caz məktəbi olmaya-olmaya belə uğurlara imza atmışıq.

- Caz məktəbinin olmaması Vaqif Mustafazadəni bir cəngavər kimi savaşmağa sövq etdi. Sovet vaxtı caza qoyulan qadağalar Bakıda daha çox öz təsirini göstərirdi. Məsələn, Vaqif Mustafazadə bu qadağalardan bezib Tiflisə getdi və orda populyar oldu.

- Keçmiş sovet dövründə Bakı caz şəhəri sayılırdı. Amma Gürcüstanda cazla bağlı tədbirlər daha yayğın idi. Bizdə ildə bir dəfə keçirilirdisə, orda ayda bir dəfə keçirilirdi. Vaqif Mustafazadə tez-tez oraya gedirdi və bildiyimiz kimi onu Gürcüstana bağlayan bir səbəb də həyat yoldaşının gürcü olması idi.

Sonra Vaqif Mustafazadə Bakıya qayıtdı və burda caz inqilabı etdi. Sevinirəm ki, yaşlı nəslin yaddaşında "Bakı caz şəhəridir" adlı lozunq qalıb.

- Caz cəngavərinin davamçısı Əzizə Mustafazadə Azərbaycan cazına nə kimi töhfələr verir?

- Əzizə Mustafazadə çox istedadlı xanımdır. Şəxsən də tanıyıram onu. Deyərdim ki, xanımlar arasında caz kraliçası adına layiqdir.

- Sizin bir bəstəniz də Əzizə xanımla bağlıdır, bu əsərdə caz şahzadəsinə öz heyranlığınızı bildirmisiniz. Əzizə xanım özü Azərbaycan musiqiçilərilə ürəklə işbirliyi qururmu?

- Düşünürəm ki, Əzizə xanım Azərbaycanımızı bundan da artıq təbliğ edə bilərdi...

- Çoxu Vaqif Mustafazadənin yalnız bir qızı olduğunu düşünür. Ancaq əfsanəvi cazmenin istedadda heç də Əzizədən geri qalmayan başqa bir qızı da var: Lalə Mustafazadə. Onunla əlaqələriniz varmı?

- Mən Vaqif Mustafazadə muzeyinin və fondunun direktor müavini kimi (keçən il hörmətli Afaq xanım Əliyeva məni bu vəzifəyə təyin etdi) imkanlarımızdan istifadə edərək Lalə xanımla əlaqə yaratmağa çalışdım, amma heç bir nəticə əldə etmədim.

Biz onun Böyük Britaniyada yaşadığını düşünürdük. Amma konkret bir bilgi ala bilmədik və belə bir informasiya da eşitdik ki, Lalə xanım ağır, sağalmaz xəstəliyə tutulub. Düzü, bu xəbərin nə qədər doğru olub-olmadığını deyə bilmərəm. Əgər bu xəbər doğrudursa, ona tezliklə şəfa tapmağı arzulayıram.

- Mən oxudum ki, Lalə Mustafazadəyə bir neçə il qabaq Azərbaycanda çıxış etmək təklif edilib, o isə böyük miqdarda qonorar istəyib.

- Biz vəziyyətin əslində necə olduğunu bilmirik. Bəlkə ola bilsin ki, bilet baha olduğuna görə Lalə xanım yüksək qonorar istəyib. Hazırda Lalə xanımla bağlı heç bir məlumatım olmadığına görə bu barədə heç nə deyə bilmərəm.

- Bəlkə də təbliğat düzgün getməyib, Laləni cəmiyyətimizə qazandıra bilməmişik.

- Bəli, bu da çox önəmlidir. Bundan sonra bu yöndə işlərimizi daha aktiv şəkildə qurmalıyıq. Hər musiqiçi özünə cavabdehdir. Mən böyük sevgi və vətəndaşlıq borcumla bütün beynəlxalq festivallarda Azərbaycanımızın bayrağıyla çıxış edirəm. Ulu öndərin sözünə qüvvət, mən fəxr edirəm ki, azərbaycanlıyam. Biz əl-ələ verib mədəniyyətimizi qorumalı, təbliğ etməliyik.

- Emil bəy, sizin "Xoşbəxtlik" melodiyanızı dinləyəndə xeyli vaxtdan bəri belə pozitiv melodiya dinləmədiyimi düşündüm. Maraqlıdır, bu melodiya hansı düşüncələrdən ərsəyə gəldi?

- Bu əsəri on bir il bundan öncə yazmışam. Sifariş əsasında yazılıb. Bu, bir nəfərin öz həyat yoldaşına sevgi etirafı idi. Biz həmin adamla görüşdük və o öz ailəsindən, həyat yoldaşından, xoşbəxtliyindən danışdı. Bu zaman mən özlüyümdə Yupiter kimi bir planet yaratdım. Və düşündüm ki, orda bütün insanlar xoşbəxtdir.

Musiqi başlayanda elə bir hiss yaranır ki, sanki yuxarıdan bir işıq saçır. Bir uşaq dünyaya gəlir. Həyatındakı gözəlliklər, təbəssüm, sevinc... Melodiyanın ortasında gözəl nemətləri narahatlıq əvəz edir. Bu hisslər insanın çətinliklərlə üzləşməsidir. Mən bu hissləri yaşatmağa çalışmışam. O məqamda ki insan məyus olur, sanki ona bir qüvvə deyir ki, bu gözəllikləri gördükdən, bu çətinlikləri keçdikdən sonra sənin xoşbəxt olmağın vacibdir. Sən buna layiqsən.

- Təsvir etdiyiniz bu xoşbəxtlik realdırmı, yoxsa ancaq təsəvvürümüzdə canlandıra bilərik?

- Əlbəttə, realdır. Mən düşünürəm ki, hər bir insan öz xoşbəxtliyini özü qura bilər. Allahın bizə ən böyük lütfü bizi yer üzünə gətirməkdir. Bundan sonrası insanın öz əlindədir. İnsanın özünə elədiyini ona heç kim edə bilməz. Pisi də insan özünə edir, yaxşını da.

Mən insanlar tanıyıram, həyatları alınmayanda şikayət edirlər, kimisə günahlandırırlar. İnsan öz həyatında etdikləri və etmədikləri üçün kimisə günahlandırmamalıdır. Əgər həyatın alınıbsa, səbəbkar özünsən. Əgər alınmayıbsa, yenə özün günahkarsan. Mən düşünürəm ki, hər bir insan ilk növbədə özündən hesabat almalıdır.

Bəzən şikayət edirlər ki, filankəs mənim yolumu bağladı. Əgər sənin yolunu bağladısa, sən ondan da böyük yol çəkməlisən. Öz xoşbəxtliyini tələb etməlisən.

Həyatın öz qanunları var. Çayın qabağına daş qoysalar, yenə istər-istəməz hardansa axıb gedəcək.

Mənim yazdığım "Xoşbəxtlik" əsərinin mahiyyəti də ondan ibarətdir ki, insan həyatdan zərbə alsa belə yenə irəli getməlidir. İnsan ümumiyyətlə inkişaf üçün gəlib dünyaya. Hər birimizin özünəməxsus missiyamız var. Bu missiya həyata keçəndən sonra dövrə qapanır...

Foto: Elnur Muxtar


Müəllif: Günel Natiq

Oxşar xəbərlər