Rejissor Şahin Qəhrəman “Telefon söhbəti” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.
- Şahin bəy, siz “Toy gecəsi”, “Dəfnə ağacı”, “Laləli saray”, “Günəşim ol”, “Son nəfəs”, uzun zamandır efirdə yayımlanan “Bir qadın” və adını sadalamadığım digər serialların rejissorusunuz. Bu gündən isə “İyirmi birinci möcüzə” adlı filminiz kinoteatrlarda yayıma başlayır. İlk filminiz də deyil, bilirəm. Bu film nədən bəhs edir?
- Filmdə baş rolu daun sindromlu Nicat Mehdi oynayır. Nicat ilk dəfə rejissoru olduğum “Bir qadın” serialının 30-40 bölümündə xırda epizodlara çəkilib. Çox istedadlı uşaqdır.
- İstedadını necə kəşf edib seriala çəkdiniz?
- Serialın aktyorlarından biri bir gün mənə yaxınlaşıb dedi ki, bir tanış uşaq var, “Bir qadın” serialının izləyicisidir, aktyorlarla görüşmək istəyir. Etiraz etmədim, dedim gəlsin. Gəldi, çəkiliş meydançasında oldu, aktyorlarla görüşdü.
Ondan sonra belə bir fikir yarandı ki, bəlkə Nicata serialda kiçik bir rol verək. Bəzi epizodlarla sözlü, bəzilərində sözsüz çəkilməli idi. Heç danışmadığı səhnələr oyun tələb edirdi və mən ona situasiyanı izah edəndə o, bunun öhdəsindən çox yaxşı gəlir, hadisələrə düzgün yanaşa bilirdi. Açığı, məni heyrətləndirmişdi.
Onun bacarıqlarını gördükcə bizdə daun sindromlu uşaq haqda bir film çəkmək ideyası yarandı. Azərbaycanda indiyə qədər bu mövzu ilə bağlı film çəkilməyib. Biz bu mövzunu sosiallaşdırıb, daun sindromlu uşaqların heç də cəmiyyətdən kənar olmadığını göstərmək istəyirdik.
Nicat çox aktiv uşaqdır. Onun aktivliyi, enerjisi, həyata tutumu digər uşaqlara, onların valideynlərinə güc, motivasiya verəcək. Bizim hədəfimiz budur. Daun sindromlu uşaqlar heç də digər uşaqlardan geri qalmır, əksinə onların üstün cəhətləri daha çoxdur. Çox mehribandırlar, istiqanlıdırlar.
Filmin çəkilişləri ötən ilin mayında oldu. Aktyor heyətini kastinqlə seçdik. Baş qəhrəman obrazına iki-üç aktyor və aktrisa düşünmüşdük. Nəhayət, Kəmalə Piriyeva və İbrahim Çingizin üzərində qərarlaşdıq. Filmdə peşəkar aktyor heyəti toplanıb.
- Film çəkilişinin həm çətin, həm də maraqlı tərəfləri olur. Bir az bu barədə danışın.
- Maraqlı tərəfi Nicatla bağlı idi. Onun çox şirin sözləri, məzəli zarafatları var. Çəkilişin ortasında ağır səhnə çəkiləndə Nicat elə zarafatlar edirdi ki, çəkiliş dayanırdı. Nicat verilən hər bir tapşırığı bir dubla oynayırdı. Məhəmməd müəllim, Kəmalə xanım, Fidan Axundova da Nicatın bu bacarığına heyrət edirdilər.
Çətin tərəfi də elə Nicatla bağlı idi...
- Niyə?
- Nicatın yaman "kapriz"ləri var. Bu cür uşaqlarda belə "kapriz"lər olur və başa düşüləndir. Günümün üç saatı onun nazı ilə oynamaqla keçib. Təsəvvür edin, 25 gün çəkiliş müddətində hər günün üç saatını uşaq kimi Nicatın arxasınca düşüb, nazını çəkirdim.
Bəzən elə anlar olurdu ki, Nicat çəkilmək istəmirdi. Bilirsiniz ki, çəkiliş prosesi çox ağır keçir, səhərdən axşama kimi…O da təbii olaraq yorulurdu. Nicatın yaşam tərzinə görə günorta iki saat mütləq yatmalıdır. Artıq buna vərdiş edib. Həmin saatlarda Nicat çəkilməkdən imtina edirdi, lap əvvəl hələ xasiyyətinə tam bələd olmadığım dönəmlərdə yanına gedib nisbətən ciddi tonla danışanda o “yığışın gedin burdan, sizi görəndə gözüm ağrıyır” deyirdi, biz də gülürdük…
Amma ürəyi çox yumşaqdır, kimsə ondan küsəndə çox pis olurdu. Gəlib həmin adamı qucaqlayar “Sən şirinsən” deyib, könlünü alır. Onunla iş prosesində valideynləri, bacıları bizə çox dəstək olurdular.
- Nicat həqiqətən həm serialda, həm də filmin treylerində çox yaxşı təsir bağışlayır.
- Filmdə üç sentimental səhnə var, filmin rejissoru olaraq yalan olmasın, ən azı 40 dəfə materiala baxmışam, amma bununla belə keçən dəfə kinoteatrda filmin yoxlama nümayişində o səhnələrdə etiraf edirəm ki, çox kövrəldim, hətta ağladım da.
O səhnələrdən biri filmdəki Nicatın valideynləri ilə səhnəsi idi. Biz həmin səhnəni çəkəndə Nicatın öz valideynləri də bizimləydilər. Atası dözməyib otaqdan çıxdı, anası çox ağladı.
Ətrafımızda belə ailələr, belə uşaqlar çoxdur. Valideynlər ruhdan düşürlər, bəziləri hətta imtina etmək dərəcəsinə qədər gəlib çıxır. Bu film o insanlara yeni baxış bucağı təqdim edəcək, onları ruhlandıracaq, tək olmadıqlarını və uşaqlarının cəmiyyətdənkənar deyil, cəmiyyət içində böyüməsinə təşviqləndirəcək. Onlar Allahın verdiyi paydır və onlardan imtina etmək olmaz.
- Filmə maliyyə tapmaq çətin olmadı ki?
- Bu film sosialyönümlüdür. Təklifi sponsora irəli sürəndə və sonrasında da onun kassa gəlirini düşünmədik. Baş sponsora müraciət edəndə də bildirdim ki, bu filmdən maliyyə gözləntimiz yoxdur.
Sponsorumuza təşəkkür edirik, heç bir maliyyə sıxıntımız olmadan filmi çəkə bildik. Adətən, komediya çəkəndə maliyyəni maksimum azaltmağa çalışırlar, amma bu filmdə nə lazım olubsa onu da etmişik. Bilirsiniz ki, peşəkar aktyorlar, texnika bu xeyli pul tələb edir.
Onu da deyim ki, filmi festivallara da göndərməyi nəzərdə tutmuşuq.