Azərbaycandan festivala kimlər gedir?
“Bu ilki festival Azərbaycan üçün əlamətdar ola bilər”.
Bunu Teleqraf.com-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib. Qeyd edək ki, festivalın qısametrajlı film üzrə əsas müsabiqə proqlarından biri “Qısa metr”də “Sonuncu” adlı filmimiz yarışacaq. Eyni zamanda bu il Azərbaycan növbəti dəfə festivalda öz pavilyonu ilə təmsil olunacaq. Müşfiq Hətəmov bu il festivalda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibini açıqlayıb:
“ Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin “Kino yaradıcılığı” sektorunun müdiri Yusif Şeyxov, kinorejissor Ayaz Salayev, “Ultra” şirkətinin nümayəndələri, “Sonuncu”nun digər istehsalçı şirkəti “BUTAFİLM” –in nümayəndələri, kinostudiyanın xarici əlaqələr şöbəsindən Kəmalə Quliyeva və mən. Mən bir az gec qatılacam festivala. Bildiyiniz kimi kino pavilyon tanınmış kino şirkətləri, ayrı-ayrı rejissor və prodüserlərlə işgüzar münasibətlər qurmaq, başqa ölkələrin uğurlu əsərləri ilə tanış olmaq və təcrübələrindən faydalanmaq məqsədi daşıyır”.
Qeyd edək ki, bu il 67-ci dəfədir ki, baş tutacaq Kann Kino Festivalı may ayının 14-dən 25-nə kimi davam edəcək. Festivalda “Sonuncu” filmi ilə barəbər azərbaycanlı rejissor Elmar İmanovun türk rejissor Engin Kundaqla birgə çəkdiyi “The Torn” filmi də nümayiş olunacaq. Film festivalın müsabiqədən kənar proqramında göstəriləcək. Bununla əlaqədar olaraq filmdə çəkilən Rasim Cəfər, Zülfiyyə Qurbanova və filmin prodüserlərindən biri Teymur Hacıyev festivalda iştirak edəcək.
Nərmin