Xalq şairi Vaqif Səmədoğlu I Fəxri Xiyabanda dəfn olunub.
Vida mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Yazıçılar İttifaqının sədri Anar çıxış edərək şairlə bağlı xatirələrini bölüşüblər.
Vida mərasimindən sonra şairin cənazəsi dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.
****
“Allah məni yarı öldür, yarı saxla ağlamağa…”
Bu gün xalq şairi Vaqif Səmədoğlunun yoxluğuna təkcə yarı Nüşabə xanım deyil, bütün sevənləri ağlayır. Akademik Milli Dram Teatrına şairlə son dəfə görüşə gələnlərin ardı-arası kəsilmir.
Vida mərasiminə gələnlər sırasında millət vəkili Fəttah Heydərov, gənclər və idman naziri Azad Rəhimov, rejissor Oqtay Mirqasımov, millət vəkili Sabir Rüstəmxanlı, bəstəkar Cavanşir Quluyev, xalq artisti Fuad Poladov və başqaları da var.
Millət vəkili, şair Sabir Rüstəmxanlı şairlə bağlı xatirələrini Publika.az-la paylaşır:
Vaqif sevgi dolu insan idi. Onun qədər həyatı sevən ikinci bir adam tanımıram. Oturuşunda-duruşunda nə qədər ciddi olsa da, daxilən o qədər yumoru sevən, zarafatcıl bir insan idi. Ömrünün son günlərində tez-tez ölümdən danışırdı, ağrısını-acısını dilə gətirirdi. Bu da təbii idi, çünki ağır xəstəliyə düçar olmuşdu. Onunla sonucu dəfə təyyarədə qarşılaşmışdıq. O, müalicəyə gedirdi. Dedi ki, Sabir çox ağrıyıram. Mən də ona təsəlli verdim. Əslində ölümdən qorxan adam deyildi. Çünkü ölümsüzlüyünü hamıdan gözəl bilirdi. Elə buna görə də ölümdən çox danışırdı, çox yazırdı.
Vaqif Səmədoğlu 20-ci əsrin üç böyük nəhəng şairlərindən biri idi. Səməd Vurğun, Yusif Səmədoğlu və son yüzilin ən fərqli düşüncələrini özündə birləşdirən adam idi Vaqif. Milliyyətçi idi və əsl vətənpərvər idi. Səməd Vurğunun yadigarını və ədəbiyyatımızda böyük bir söz adamını bu gün itirdik. Əslində fiziki mənada itirdik, Vaqif hər zaman bizimlədir.
Yazıçı Seyran Səxavət Vaqif Səmədoğlunu göz yaşları içində xatırladı: Əslində mən Vaqifi məclislərdə görməyəcəyəm, bir də bizimlə birgə tost deməyəcək, danışıb-gülüb, yumorları ilə bizigüldürməyəcək. Amma vaqif həmişə yanımızda olacaq. Əlbəttə gözəl ruhu ilə. Vaqif ədəbiyyatda böyük insan idi. Vaqif sağlığında sevgi qazanan və adını əbədiyyətə yazan adam idi. Onnu bütün yazıları özünə oxşayır. Hamısı təbii, səmimidir, özüdür. Bayatılarımıza bənzəyir onun şeirləri, sanki saf bir su damlasıdır. Vaqif yenə yaşayacaq, yenə danışacaq, yenə ürəkləri fəth edəcək. Məni incidən onun həm də fiziki yoxluğudur. Bu yoxluq məni çox göynədir. Xəstə vaxtlarında onnula görüşmək istədim, amma alınmadı. Əslində bu görüş məni çox incidəcəkdi, çünkü Vaqifi o vəziyyətdə görmək mənə asan olmayacaqdı.
Bəstəkar Cavanşir Quluyev Vaqif Səmədoğlunun timsalında həm böyük ədəbiyyat adamını, həm də yaxın dostunu itirdiyini deyir: Vaqiflə dost idik. Onunla birgə əməkdaşlığımız da çox olub. Keçən il onun Generalın sonu pyesinə bir musiqi bəstələdim. Yeni bir şeirinə musiqi yazdım. Ömrü biraz da uzun ola bilərdi. Çünki həkimlər hələ onun bir neçə il də yaşayacağını demişdilər. Özü ərköyünlük etdi. Bu da tale işidir, əcəl gələndə heç kimlə hesablaşmır. Vaqif əsil dost idi, gözəl insan idi. O qədər xatirələrimiz var ki… Çətindir, çox çətindir. Mən onun ölüm xəbərini eşidəndə inanmadım.
Xanəndə Canəli Əkbərov deyir ki, Vaqif Səmədoğlunun timsalında böyük ədəbiyyat adamını itirdik: Səməd Vurğunun yadigarını bu gün son mənzilə yola salacağıq. Vaqif Səmədoğlu ədəbiyyatımızda sonuncu mogikanlardan idi. Bu ağrını hələ uzun müddət unuda bilməyəcəyik. Amma təsəllimiz də var ki, onun poeziyası əsrlərboyu yaşayacaq.
Nərmin
Foto: İsmi Şahzadə