30 Yanvar 2015 17:09
2 885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmsöhbətimiz ötən il 70 yaşı tamam olduğuna görə Sumqayıt Teatrından çıxarılan aktyor, xalq artisti Məzahir Süleymanovdur. O, Teleqraf.com-a müsahibəsində 70 yaşı tamam olan aktyorların teatrdan uzaqlaşdırılması məsələsinə münasibət bildirərək, teatrda baş verənlərə aydınlıq gətirib.

İlk olaraq deyək ki, Məzahir Süleymanov 28 yanvar 1944-cü ildə anadan olub. M.A.Əliyev adına İncəsənət institutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, 1972-ci ilin noyabr ayından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında işləməyə başlayıb. Ötən il isə 70 yaşı tamam olduğuna görə teatrdan ştatdan çıxarılıb. Teatrda çalışdığı müddətdə 100-dən artıq müxtəlif xarakterli obrazlar oynamağa nail olub. C.B.Molyerin "Skapenin kələkləri" tamaşasında Oktav, E.Rannetin "Azmış oğul" tamaşasında Lembin, gürcü dramturqu M.Beradzenin "Gecikən sərnişinlər üçün iki bilet" tamaşasında Bidzina, Qoqolun "Müfəttiş" komediyasında Podkolyosin, M.Lermantovun "Maskarad" tamaşasında Naməlum adam, Azərbaycan klassiklərindən: C.Cabbarlının "Solğun çiçəklər" əsərinin tamaşasında Axund, "Oqtay Eloğlu" tamaşasında Aslan bəy, "Vəfalı Səriyyə" tamaşasında Rüstəm, Ü.Hacıbəyovun "Arşın mal alan" tamaşasında Soltan bəy, J.Məmmədquluzadənin "Ölülər" tamaşasında Hacı Həsən rollarını ifa edib. Bütün bunlardan başqa M.Süleymanov hər il "Yeni il" şənliklərində Şaxta baba, "Novruz" şənliklərində isə Novruz baba rollarının ifaçısı olur. 2005, 2006 və 2012-ci illərdə M.Süleymanov Prezident mükafatına layiq görülüb.

- Niyə məhz Sumqayıt Teatrını seçdiniz?
- İnstitutun axşam şöbəsində təhsil almışam, ona görə də bizi təyinatla harasa göndərə bilmirdilər. O zamankı qaydalara görə, axşam şöbələrində oxuyanlara təyinat verilmirdi. Tələbələr özləri teatrlara müraciət edib, iş tapmalı idi. Həmin vaxt mən institutun rektoru, böyük ziyalı, yüksək təşkilatçı insan, sənətşünaslıq elmləri doktoru Rahib Hüseynova müraciət etdim. O, məni təyinatla Naxçıvan Dövlət Musiqili-Dram Teatrına göndərdi. Həmin teatra cavan aktyorlar lazım idi. Naxçıvana getdim, amma teatr qastrolda olduğuna görə rəhbərliklə görüşə bilmədim və yenidən Bakıya qayıtdım. Əhvalatı olduğu kimi Rahib müəllimə dedim. Onlar da məsləhət bildilər ki, Sumqayıt teatrına gedim. Çünki bu teatr üç il idi ki, açılmışdı və aktyor kadrlarına ehtiyac vardı. Həmin vaxt teatrın direktoru Salman Dadaşov və baş rejissor isə Ağakişi Kazımov idi. Ağakişi müəllim kurs rəhbərim, əməkdar incəsənət xadim Əşrəf Quliyevlə söhbət edəndən və müəllimim də məni tərifləyəndən sonra məni ən aşağı dərəcə ilə işə götürdülər. Bu da 1972-ci ilin noyabr aylarına təsadüf edirdi.

- Həmkarınız Valeh Kərimov bu yaxınlarda teatrdan uzaqlaşdırıldı. Ötən il Siz də eyni taleyi yaşamışınız. Bu qərara münasibətinizi bilmək istərdim.
- Bir neçə gün bundan əvvəl xalq artisti Valeh Kərimovun yaş həddinə görə teatrdan işdən çıxarılması barədə xəbəri, müxtəlif qəzetlərə verdiyi müsahibəni oxudum. Bu barədə mənim də öz fikrim var. 2014-cü ilin yanvar ayın 29-da 70 illik yubileyim günü məni, bundan iki il əvvəl isə Respublikanın xalq artisti Svetlana Həkimovanı da Valeh Kərimov kimi təqaüdə göndərdilər. Bu hal aktyorlar üçün, xüsusən 40 ildən artıq teatrda işləyən aktyorlar üçün bu çox ağrılıdır. Mənə belə gəlir ki, bir çox incəsənət xadimlərinin fikirlərini təsdiq etmiş olaram ki, çiynində bir çox illərin teatr təcrübəsi olan, onlarla obrazlara səhnədə həyat vermiş, ağlı, dərrakəsi, bütünlükdə sağlamlığı yerində olan hər bir aktyor yaşına baxmayaraq teatrda işləməlidir. Teatrda nəsillərin dəyişməsi öz-özlüyündə baş verməlidir. Gənc aktyorlar səhnə təcrübəsini, səhnə mədəniyyətini, teatrda özünü necə aparmağı yaşlı aktyordan götürməli və ona baxaraq püxtələşməlidirlər. Çox təəssüf ki, bizdə bu ənənə pozulur. Rus teatrlarına diqqət edin - bütün aktyorlar ömürlərinin axırına kimi teatrda işləyirlər. Orada hətta teatrın foyesində dünyasını dəyişmiş bütün aktyorların, rejissorların , direktorların portretləri asılır. Onlar teatrın simalarıdır, tarixidir. Bəs bizdə nə baş verir? Elə ki aktyorun 70 yaşı tamam olur, onu həmin gün əmrini verib, işdən çıxardırlar. Portretlərini belə divardan götürürlər. Bir sözlə, teatrın tarixindən silməyə çalışırlar. O, hörmətli sayılan bir aktyordan, sanki düşmənə çevrilir. Yaşlı aktyorlara bu cür münasibət yolverilməzdir, alçaldıcıdır. Gənc aktyorlar onların bu vəziyyətini görüb gələcəyə qorxu ilə baxırlar, işləmək həvəsindən düşürlər. Mən öz taleyimə təşəkkür edirəm ki, hələ gəncliyimizdə biz - cavan aktyorlar, xalq artistləri, səhnəmizin korifeyləri olan Rza Əfqanlı, Əliağa Ağayev, Barat Şəkinskaya, Məlik Dadaşov kimi müqtədir aktyorlarla bir səhnəyə çıxmışıq. Biz gənc olanda onlardan çox şeyi əxz etmişik.

Aktyor sənəti çox incə, kövrək sənətdir. Aktyor, səhnəyə çıxarkən, öz daxili ilə əsəbləri və ruhu ilə işləyir. Onları bütün bunlardan məhrum etmək çox böyük insafsızlıqdır. Teatr - böyük yaradıcı kollektivdir. Əgər kollektivdə gənclərə kömək, yaşlılara diqqət yoxdursa, teatr incəsənət məbədi kimi öz əhəmiyyətini itirir.
Mən Mədəniyyət və Turizm Nazirliyinə, teatra aid olan bütün qurumlara müraciət edirəm: nə qədər gec deyil bu problemə diqqət yetirin.

- Keçmiş direktor Mehman Şükürovun rəhbərliyi zamanı teatrın adı çox qalmaqallarda hallandı. Sizin o zaman teatrda bir probleminiz oldumu?
- Mən həmişə teatrda olan çatışmazlıqlara, ədalətsizliklərə qarşı mübarizə aparmışam. Təkcə aktyorluqla işimi bitmiş hesab etməmişəm. Mehman Şükürovla əsas mübarizə aparan mənim oğlum Anar Süleymanov olub. Hazırda o da teatrda işləyir.

- Oğlunuz keçmiş direktora qarşı çox ciddi ittihamlar irəli sürürdü. Anar bəyin Mehman Şükürovla məhkəmə çəkişmələri sizin teatrdakı fəaliyyətinizə necə təsir edirdi?
- O mənada təsir etdi ki, mənim 70 illik yubileyimdə teatrın ştatından çıxarılmaqla bağlı əmrim verildi. Bayaq da dediyim kimi həmin qanuna görə 70 yaşı olan aktyor və aktrisa teatrda işləyə bilməz. Belə ki, aktyorlar 65-dən 70 yaşa kimi müqavilə ilə, 70-dən sonra isə işdən çıxarılırlar. Bu qayda Azərbaycanda iki cür tətbiq olunur. Məsələn, "Azdrama" da yaşlı aktyorun hamısı ştatdadırlar. Onlara toxunmurlar. Amma əyalət teatrlarının aktyorlarına bu qanun tətbiq olunur. Axı qanun hamı üçün eyni olmalıdır. Niyə belə ayrıseçkilik olur? Bir də ki, teatrlarda işdən çıxarılan biz yaşlı aktyorlara qarşı laqeydlik var. Yəqin gələcəkdə fərqinə varacaqlar ki, belə bir hal teatrlara pis təsir edir.

- Oğlunuzun və sizin yeni direktor İslam Həsənovla münasibətləriniz necədir?
- Oğlum hazırda teatrda səs rejissoru kimi çalışır. Yeni direktor İslam Həsənovla da münasibəti yaxşıdır. Mən də həmçinin, Sumqayıt Teatrına gedib, məşqlərində oluram, tamaşalara baxıram.

- İslam müəllimin direktor kimi fəaliyyətini necə qiymətləndirirsiniz?
- Demək olar ki, teatrda heç nə dəyişməyib. Çox ümid edirdim ki, İslam müəllimin gəlişi ilə teatrda dəyişikliklər olacaq. Amma hələ ki, heç nə dəyişməyib. O da suyun axarı ilə gedir. Həmin teatrdır, zəif pyeslər yenə də teatra yol açır.

- Hazırda teatrda rollar ifa edirsinizmi?
- Öz tamaşalarım olanda oynayıram. Amma təzə tamaşalarda mənə rol verilməyib. Demək olar ki, bir ildir ki, tamaşalarda rol almıram.

- Teatrda ən çox nələrdən narazısınız?
- Mənim narazılığım şəraitsizlikdən deyil. Şəraitimiz yaxşıdır, teatrın öz binası var. Biz neçə illər bunun arzusunda olmuşduq. İndi binamız var, amma teatr binasız vaxtlarımızdan da pis işləyir. Əvvəl daha böyük işlər gedirdi teatrda, nəinki indi. Narazılığım zəif pyeslərin səhnələşdirilməsi, rejissoranın olmamasıdır. Teatrda baş rejissor Firudin Məhərrəmovdan başqa üç rejissor da var. Amma həmin üç rejissor zəifdir və buna görə də hazırladıqları tamaşalar da keyfiyyətsiz olur.

- Bu illər ərzində başqa teatrlardan dəvətlər almamısınız?
- Bu yaxınlarda İrəvan Teatrında "Burdan bir atlı keçdi" tamaşasında rol almışam. Teatrın direktoru İftixar müəllim dəvət etmişdi. Tamaşanın rejissoru Firudin Məhərrəmov idi. İrəvan Teatrının binası olmadığına görə başqa teatrların səhnəsində tamaşanı təqdim etmişik.

- Səhv etmirəmsə, seriallarda da çəkilmisiniz...
- Əvvəllər çəkilmişəm. Məsələn, "Yanmış körpülər" də əsas rollardan biri Səmədağanı oynayırdım. Amma son zamanlar seriallara da dəvət almıram. Ola bilsin bunda mənim də günahım var. Bakıya getmirəm, özümü göstərmirəm. Mən elə oturub gözləyirəm ki, dəvət olsun ondan sonra gedim.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər