16 Fevral 2015 14:01
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran filmindən danışanda ağıla ilk növbədə Abbas Kiarostami və Məcid Məcidi gəlir. Lakin İran kinematoqrafiyasının “yeni dalğası” da var. Onun ən bariz təmsilçilərindən biri soydaşımız Cəfər Pənahidir.

Publika.az “Bizim tərcümə” layihəsində Berlin kino festivalında “Qızıl Ayı” mükafatına layiq görülən Azərbaycan əsilli İran rejissorunun həyat tarixçəsini təqdim edir.

Cəfər Pənahi “Qızıl Şir” (Venesiya kino festivalı), “Qızıl Ayı” və “Gümüş Şir” kino mükafatına layiq görülüb. Həmçinin o, tənqidi məqalələri ilə də məşhurdur.

C. Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycanın Miyanə şəhərində dünyaya göz açıb. Pənahinin 10 yaşı olarkən özünün ilk kitabını yazıb. Məhz həmin əsər ədəbiyyat müsabiqəsində baş mükafata layiq görülüb. Elə həmin yaşda da, Pənahi rejissor olmağı qarşısına məqsəd kimi qoyub. Gənclik çağlarında Pənahi həvəskar filmlər çəkib, foto işləriylə maraqlanıb. Cəfər Pənahi İran-İraq müharibəsi (1980-1988) illərində orduda iştirak edərək, gördükləri əsasında sənədli film yaradıb.

Tehranın kino və televiziya institutunu bitirdikdən sonra Pənahi İran televiziyası üçün bir neçə film çəkib. O, məşhur Abbas Kiarostaminin “Zeytun ağacları arasından” (1994) filmində rejissorun köməkçisi kimi çalışıb. Televiziyada çalışan Pənahi kinoarxivə daxil ola bildiyi üçün məxfi şəkildə xarici filmləri də izləməyə fürsət tapıb.

Tezliklə Pənahi sərbəst fəaliyyət göstərən rejissor karyerasına qədəm qoyub. Onun heç bir işi diqqətdən yayınmayıb. Cəfər Pənahinin tammetrajlı “Ağ şar” (1995) debüt filmi Kann kinofestivalında “Qızıl kamera” müsabiqəsində qalib gəlib. Onun “Güzgü” (1997) ikinci filmi Lokarno festivalında “Qızıl Bəbir” mükafatına layiq görülüb.

“Sözün düzü, “Güzgü” indiyədək çəkdiyim ən fərqli filmlərdən biri olub. Çünki bu filmdə sürrealizmdən realizmə dəyişən sənədli film çəkmişik. Bu vaxta kimi həmişə əksi olub”

Rejissorun şah əsəri isə “Dairə” (2000) filmidir. Filmdə İranda qadınlara qarşı olan diskriminasiyadan danışılır. “Dairə” Venesiyanın “Qızıl Şir” mükafatına, San-Sebastyan festivalında isə “ilin filmi” adına layiq görülüb.

Pənahi ilk dəfə 2009-cu ilin iyulunda, ailə üzvləri ilə birgə Tehran şəhərində həbs edilib. Rejissor ailəsi ilə birgə prezident seçkilərindən sonra baş verən qarışıqlıqda həlak olan müxalifətçi silahdaşlarının qəbrini ziyarət edən zaman tutulub. Lakin tezliklə Pənahi və onun ailə üzvləri azad ediliblər.

Pənahi Fransaya yola düşərkən onun pasportu elə hava limanında əlindən alınlb və o, ikinci dəfə həbs olunub. Bu zaman da Pənahi tezliklə azadlığa çıxa bilib. Rejissor 2010-cu il martın 1-də üçüncü dəfə saxlanılıb. İranın mədəniyyət naziri onu “rejim əleyhinə film çəkdiyi üçün” ittiham edib. İranın bir sıra görkəmli rejissorları və kino xadimləri onun həbsinə qarşı çıxıb.

2010-cu il dekabrın 20-də uzun sürən məhkəmə təhqiqatından sonra Pənahi növbəti dəfə həbs edilib. O, 20 il ərzində kino çəkə, ssenari yaza, yerli, xarici mətbuata müsahibə verə və ölkədən kənara çıxa bilməz. Rejissorun müdafiəsinə qalxan Stiven Spilberq, Robert de Niro, Şon Penn, Oliver Stoun, Koen qardaşları, Martin Skorseze kimi məşhurlar isə hələ də onun azad olunması üçün səy göstərirlər.

“Mən özümü yalnız rejissor kimi təsəvvür edirəm, başqa işlər məni maraqlandırmır. Görəsən, mən heç 20 il yaşaya biləcəyəmmi? Bu müddət ərzində boş qala bilmərəm. Onların nə istədiklərini isə yaxşı bilirəm. Əvvəl kiçik həbsxanada saxlanılırdım. Hər addımım izlənilirdi. Lakin sonra böyük təcridxanaya keçirildim. Böyük həbsxanada daha “azadam” və həyatımın boşuna keçməməsi üçün yazıb-yaratmalıyam. Onlar 20, 30, lap 50 il də film çəkməyimə qadağa qoysalar belə, mən dayanmayacağam.

Problem ondadır ki, filmləri mənzərəli yerdə deyil, həbsxana otağında yaradıram. Bununla belə, film süjetini heç zaman dəyişmərəm.

Xatırlayıram, bir vaxtlar məni ev dustağı edib, evdən çıxmağa qoymurdular. O zaman pəncərəni açıb səmanı çəkməyə başladım. 12 ədəd gözəl şəkil çəkdikdən sonra, onları çıxarmaq üçün fotostudiyaya göndərdim. Lakin studiya hökumətdən təlimat aldığı üçün çəkdiyim fotoları belə neqativdən çıxarmağa izn vermədi”

Pənahi 2010-cu ildə Berlin kinofestivalında iştirak edə bilməyib.

Pənahi açıqlamalarının birində deyib: “Əgər rejissor film çəkə bilmirsə, bu, onun məhkum olunması ilə əlaqədardır. Və hətta o, kiçik kameradan çıxdıqda belə, özünü geniş həbsxanada azmış kimi hiss edir”. 2011-ci ildə çəkdiyi “Bu film deyil” kinolentində Pənahi bu sözlərini sübuta yetirib.

56-cı Berlin kinofestivalının “Jüri qran prisi”nə layiq görülmüş “Ofsayd” filmi haqqında Cəfər Pənahi belə deyib:

“Kinonu çəkmək uçun qeyri-peşəkar aktyorların axtarışına çıxmışdıq. Filmdə əsgər rolunu oynamaq üçün aktyoru Təbrizdən tapdım. Universitetlərin biri ilə əlaqəm olduğu üçün qızları da universitet tələbələri arasından seçdim. Bilirsiniz, film futbol haqqındadır və heç bir aktyor və aktrisa belə bir filmə çəkilməklə özünə problem yaratmaq istəməzdi. Lakin mən onları aktyorları Şərqi Azərbaycandan tapa bildim”

2015-ci ildə Berlində keçirilən kino festivalında Cəfər Pənahi “Taksi” filminə görə “Qızıl Ayı” mükafatına layiq görülüb. “İranın Vudi Alleni” hesab olunan dissident rejissorun “Taksi” filminin süjeti belədir: taksi sürücüsü Tehran küçələri ilə gedərək sərnişinlə söhbət edir. Mükafatı Pənahi şəxsən özü ala bilmədiyindən onu rejissorun kiçikyaşlı qız qohumuna – Hana Səidiyə təqdim ediblər.

Filmdə çəkilən qız uşağı mükafatı alarkən mərasimə toplaşanlar qarşısında göz yaşları içində həddindən artıq duyğulandığını bildirib.


Müəllif: