29 Noyabr 19:38
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə Tbilisidəki “Axundov Qalereyası”nda Qarabağ və Borçalı xalçalarının sərgisi açılıb.

Teleqraf.com xəbər verir ki, sərgi beş gün ərzində ziyarətçilər üçün açıq olacaq.

Sərgilənən xalçalar arasında ən qədimi 100-dən çox yaşı olan “Əyan məclisi” adlı Qarabağ xalçasıdır.

Tədbir çərçivəsində yeni toxunan “Borçalı” adlı xalçanın dəzgahdan təntənəli kəsimi mərasimi də olub. Xalça Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində həyata keçirilən “Əllə toxunan xalçalar-ənənənin qorunması” layihəsi çərçivəsində toxunub.

Tədbirdə layihə iştirakçılarının ərsəyə gətirdiyi əl işləri də sərgilənib.

Toxunmaqda olan “Şuşa” xalçası da nümayiş etdirilib, tamamlanandan sonra onun da dəzgahdan kəsimi mərasimi təşkil olunacaq.

Muzeyin direktor müavini Leyla Əliyeva çıxış edərək xalçaların toxunmasında əməyi olanlara təşəkkürünü bildirib. O, xalçanın dəzgahdan kəsilməsi ənənəsinin qadim tarixə malik olduğunu qeyd edib, tədbirin keçirilməsində əsas məqsədin Azərbaycan xalçaçılığı ənənələrinin Gürcüstanda yaşadılması və tanıdılması olduğunu deyib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacıyev çıxış edərək tədbirin təşkilinə görə muzeyə və Gürcüstanın Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. Onun sözlərinə görə, “Şuşa” xalçası səfirliyin təklifi əsasında toxunur, belə ki, Şuşa şəhəri bu il “İslam dünyasının mədəniyyəti paytaxtı” elan edilib.

Tədbir iştirakçıları xalçanın dəzgahdan kəsilməsində iştirak ediblər, daha sonra “Melita” rəqs qrupunun ifasında “Bəri bax” mahnısına qoyulan rəqs təqdim olunub.

Tədbirdə Azərbaycan, Qazaxıstanın Gürcüstandakı səfiriliklərinin nümayəndələri, azərbaycanlı icmanın üzvləri, azərbaycanlı və türk iş adamları iştirak ediblər.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər