18 Fevral 2015 13:20
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnanın, yaxşı kino çəkə bilirik. Bunun üçün istedadlı rejissorlarımız, operatorlarımız var. Amma bunun üçün gənclərə şərait yaratmaq, azadlıq vermək lazımdır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında aparıcı, şoumen İlkin Həsəni deyib. “Ay brilliant” filminin baş prodüseri kimi özünü sınayan İlkin Həsəninin sözlərinə görə, Azərbaycanda film çəkmək riskli işdir:

“Mən Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisası üzrə təhsil almışam. Bu yaxınlarda “İlkmedia” adlı bir şirkət də yaratdım. Bu audiovizual məhsulları istehsal etmək məqsədilə yaradılan bir şirkətdir. Yeni çəkdiyimiz “Ay brilliant” filmində mən özümü baş prodüser kimi sınadım. Eyni zaman da filmdə hər zamankı obrazımı yaratdım. Amma gələcəkdə ola bilər ki, heç filmlərdə çəkilməyim sadəcə öz şirkətimin istehsalı filmlərdə baş prodüser kimi çıxış edim. Azərbaycan gerçəkliyində film çəkmək üçün bəzi nüasnları bilmək lazımdır. Öncə deyim ki, bizdə çəkilən hər hansı bir filmi, serialı Türkiyə, Rusiya yaxud Amerika istehsalı olan filmlərlə, serialarla müqayisə etmək düzgün deyil. Çünki bizim kommersiya filmlərimiz yeni yaranır. Bilirsiniz ki, uzun müddət Azərbaycanın özəl kino sektoru ölü sektor idi. 2014-cü ildən etibarən o sektor dirçəlməyə başladı. Burada bizim də, “Xoxan”ın da, “My name is İntiqam”ın da rolu var. Riskli bir işdir. Çünki filmə qoyduğunuz pulu qazanmaya da bilərsiniz. Və nəticədə pis vəziyyətdə də qalacaqsınız. Mən tamaşaçılara sağ ol demək istəyirəm ki, onlar 5, 6, 7 manatlarını verib Azərbaycanın özəl kino industriyasına dəstək olublar. Məhz onların sayəsində biz ikinci filmlərimizə ürəklə başlaya bilərik. “Bozbash pictures” istehsal etdiyi ekran işləri ilə tamaşaçıların nəyi sevdiyini, nələrə güldüyünü qismən də olsa yaxşı bilir. İkinci bir gerçəkliyi dəfələrlə dostlarımızla, həmkarlarımızla söhbət əsnasında gəldiyimiz nəticəyə əsasən deyirəm. Əgər özəl film sektordasınızsa və istehsal etdiyiniz filmin kinoteatrdakı nümayişindən nəsə qazanmaq istəyirsinizsə o zaman filmə 150 -200 mindən yuxarı pul qoymağa dəyməz”.

Nərmin


Müəllif: