Azərbaycan Dövlət Kukla Teatrı hər il olduğu kimi qarşıdakı bayram günlərində də balaca tamaşaçılarının əyləncəsi üçün əlindən gələni edib.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, bu dəfə yaradıcı heyət uşaqlara qoşularaq “Şaxta Baba haradadır?” sualına cavab tapmağa çalışıb.
Dekabrın 27-də premyera nümayişi ilə balacaların ixtiyarına veriləcək səhnə işi hər gün 4 seans olmaqla (12, 14, 16 və 18:00) 5 yanvar 2025-ci il tarixinədək nümayiş olunacaq.
Birhissəli uşaq tamaşasının (azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.
Tamaşada personajları (kukla və canlı plan olmaqla) teatrın aktyorları Aygül Ağayeva, Səriyyə Mansurova, Cavid Telman, Elnur Xəlilov, Araz Həsənli, Elxan İsmayılov, Könül Nəsibova, Vüqar İsmayılov, Səbinə Məmmədova canlandıracaqlar.
Musiqi tərtibatlı tamaşanın əsas ideyası uşaqları nağıllar aləminə aparmaqla onların bu sehr dolu dünya ilə təmasına nail olmaqdır.
Səhnə əsərində cərəyan edən hadisələr ümumilikdə əyləncəli məzmun kəsb etsə də burada əsas mahiyyət balaca tamaşaçılara xeyirxahlıq, dürüstlük, özünə inam və ətrafa sevgi aşılamaqla onları bəd əməllərdən, pislik və paxıllıqdan uzaq saxlamaqdır.