Bu gün Beynəlxalq Muğam Mərkəzində “Nizami: Daxili Aləm” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, mədəniyyət xadimləri, Türkiyədən olan nümayəndələr və sənətsevərlər iştirak ediblər.
Azərbaycan mədəniyyətinin dahi simalarından biri olan Nizami Gəncəviyə həsr olunan film Mədəniyyət Nazirliyinin və Kino Agentliyinin sifarişi ilə türk kinematoqrafçılar tərəfindən istehsal edilib.
Bildirilib ki, sənədli filmin nümayişi Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlıq çərçivəsində həyata keçirilən strateji bir layihənin parlaq nümunəsi olaraq xüsusi əhəmiyyət kəsb edir.
Sənədli film Nizaminin fəlsəfi baxışlarını, düşüncə dərinliyini və nadir intellektual zəngin irsini müasir təqdimat üslubu ilə tamaşaçılara çatdırmağı hədəfləyir.
Filmin rejissoru və prodüseri Atakan Kerküklü bildirib ki, ekran işi iki-üç ilə dünyanın 10-dan çox ölkəsində çəkilib.
"Məqsədimiz böyük şair Nizamini dünyaya tanıtmaq idi. Düşünürəm ki, Nizami haqda bu səpkili yəni dünyanın müxtəlif ölkələrində yaşayan və böyük şairin əsərlərindən güc alan insanların fikir və düşüncələrinin əks olunduğu ilk filmdir. Bu işi ərsəyə gətirə bildiyimizə görə yaradıcı heyət olaraq çox xoşbəxtik. Bizim sənədli filmdə ana xətt Nizaminin insanlığa verdiyi mesajlar, əxlaqi dəyərlər, sevgi, mərhəmət, xeyirxahlıqla yanaşı onun şeirlərindən təsirlənən insanların varlığını göstərmək idi".
Filmin ssenari müəllifi Kristina Lin Morelli, operatorları Miya Lusia Keyhli Padcet, Ceremi Stefan Fut, köməkçi prodüserləri Beşir Alp Elkutup, Yolana Sami, məsləhətçi Maksin Hyugedir.