“Müharibənin uşaqları” adlı tammetrajlı film çəkiləcək. Fevral ayının 5-dən çəkilişlərə start veriləcək.
Bunu Teleqraf.com-a filmin rejissoru Saida Haqverdiyeva deyib.
“Köhnə çamadanlar” filmimdə mən daha çox müharibədən əziyyət çəkən qadınları ön plana gətirmişdim. Müharibə və qadın. Müharibənin qorxunc üzü ilə qadınların həyatının 360 dərəcə dəyişməsi və bəlkə də ömürlərinin sonuna kimi bu acı ilə yaşamasına işıq tutmağa çalışmışdım. Bu qədər əzab-əziyyətin fonunda onların nə qədər mərd, cəsur, qorxmaz olduğu da üzə çıxır. Amma bu dəfə əsas mövzumuz uşaqlar və xüsusilə müharibə uşaqlarıdır”, - deyə rejissor bildirib.
O əlavə edib ki, quruluş verdiyi “Qırxdan sonra ...” qısametrajlı filmin silsilə şəkildə ikinci və üçüncü hissəsi də çəkiləcək:
“Qırxdan sonra...” filmi ekrana çıxan ilk qısametraj filmimdir. Amma biz bu filmi çəkəndən sonra qərara aldıq ki, ardını da çəkməliyik. Filmin ikinci hissəsini yanvar ayında ekranlaşdıracağıq, ardınca üçüncü hissəni çəkəcəyik. Hər iki film aktrisaların həyatından bəhs edəcək”.