17:13
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) post-prodakşn mərhələsində olan filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan edir.

Bu barədə Teleqraf.com-a ARKA-dan məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə Mədəniyyət Nazirliyi və ARKA kino sənayesinin inkişafı istiqamətində bir neçə müsabiqənin keçirilməsini planlaşdırır. Elan olunan müsabiqənin şərtlərinə görə, çəkilişləri başa çatmış filmlərin postprodakşn mərhələsinin işlərini tamamlamaq üçün maliyyə vəsaiti ayrılacaq.
Müsabiqənin keçirilməsində əsas məqsəd film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsidir.
Bir film üçün nəzərdə tutulan maksimal dəstək məbləği tammetrajlı bədii filmlər üzrə 30 000 (otuz min) AZN, tammetrajlı sənədli filmlər üzrə 20 000 (iyirmi min) AZN, qısametrajlı bədii və sənədli filmlər üzrə 15 000 (on beş min) AZN, qısametrajlı animasiya filmləri üzrə isə 13 000 (on üç min) AZN müəyyən olunub. Yeni şərtlərə əsasən, yerli şirkətlərin tərəfdaş olduğu beynəlxalq layihələrə ayrılacaq vəsaitin maksimal həddi göstərilən məbləğlərdən 50 faiz çox olacaq.
Qeyd edək ki, ötən il keçirilən birinci müsabiqədə qalib gələn 6 filmə (“Geri dönüş”, “Sən haralısan, durna?”, “Tərsinə kölgələr”, “Səssiz zaman”, “Qara pişik, ağ şanı”, “Yaddaş sarayları”) 111 113 (yüz on bir min yüz on üç) AZN maliyyə dəstəyi ayrılmışdı.
Müsabiqədə iştirak istəyənlər www.arka.culture.az saytına müraciət edə bilərlər.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər