16 May 2014 12:42
1 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədidə yaşayan gən şairə Məhsəti Musa yazıçılara müraciət edib. O, rayonda ədəbi mühiti canlandırmaq, kitaba olan marağı artırmaq üçün yazıçılardan Ağcabədiyə müəllifi olduqları kitablardan göndərmələrini xahiş edib:“ Kitabları Ağcabədidə, Heydər Əliyev Mərkəzinin binasında otaqlardan birində və yaxud Mədəniyyət evində cəm etmək fikrindəyik.

Ümumiyyətlə, rayonda ədəbi mühiti dirçəltmək,oxucuları yeni ədəbiyyatla tanış etmək üçün yanvar ayından etibarən bir ədəbi məclis yaratmışıq ki,burada yerlilərin yazı-pozuları müzakirə olunduqdan sonra yeni ədəbiyyat nümunələri oxuyur, müzakirə edir, fikirləri öyrənirik. Acınacaqlısı odur ki, yalnız internetdən istifadə edən üzvlər bu müəllifləri tanıyır, yazılarını oxuyurlar. Digərləri hələ də sovet ədəbiyyatının təsiri altındadırlar. Bununla yanaşı sözə dəyər verməyi bacaran, yeniliklərə meyilli oxucular da var ki, onlar üçün də bu kitabları əldə etmək çətin olur.

Odur ki, mən istədim ki, rayonda belə bir məkan olsun ki, daimi yeni kitablarla oranı zənginləşdirək, oxucu cəlb edək, kitab müzakirələri, sərgilər təşkil edək, həmin müəllifləri oxucuların seçimi ilə Ağcabədiyə dəvət edib görüşlər keçirək. Çünki, bildiyiniz kimi, çap olunan yeni kitablar əsasən paytaxtda satılır, bölgələrə göndərilmir. Bu isə oxucunun kitab oxumamasına bəhanə yaradır. Eyni problem həm də qələm əhlini narahat etməlidir ki, ədəbiyyat yalnız paytaxtda yaşayanlar üçün yaranmır. Bunun üçün yazarlar da zəhmət çəkməli, bölgələrimizdə yaşayan oxucunu cəlb etməlidirlər.

Bunu özlərini reklam kimi qiymətləndirməməli, oxucunu yetişdirmək xatirinə əllərindən gələni etməlidirlər.İnanıram ki, əlində qələm olanlar bu təklifə biganə qalmayacaqlar. Kitab götürməyimi təklif edənlər də var, göndərmək üçün ünvanımı soruşanlar da var, amma ədəbiyyat adamlarının daha fəal olacağını düşünürdüm. "Ədəbiyyat", "oxucu" deyib haray çəkənlərdən bəziləri açıxı heç münasibət də bildirməyiblər.Mən nəyin bahasına olur olsun bu işi həyata keçirəcəm. Amma bir kitabı qıymayıb da ədəbiyyatdan danışan bir sıra insanlara isə sonda deyəcək bir neçə kəlmə sözüm olacaq”.


Müəllif: Teleqraf.com