Fevralın 24-dən 27-dək Danimarkanın paytaxtı Kopenhagen şəhərində Dünya Səhiyyə Təşkilatının mikroorqanizmlərin antimikrob preparatlara davamlılığı probleminə həsr edilən beynəlxalq forumu çərçivəsində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevaya həsr edilən “İnfeksiya nəzarətinin əsasları” kitabının təqdimatı keçirilib.
Kitabın müəllifi həmvətənimiz, Kiyevdə Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, P.L.Şupik adına Ukrayna Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa bürosu yanında Ukrayna milli əlaqələndiricisi, professor Aydın Salmanovdur. Beynəlxalq forumda ABŞ, Avropa və MDB ölkələrindən, o cümlədən Azərbaycandan nümayəndələr iştirak ediblər.
Həmvətənimiz Dünya Səhiyyə Təşkilatının himayəsi altında keçirilən bu tədbirdə Ukrayna nümayəndə heyətinin rəhbəri və bu ölkənin antibiotiklərə və infeksiya nəzarətinə rezistentlik məsələləri üzrə milli əlaqələndiricisi kimi iştirak edib. Professor A.Salmanov AZƏRTAC-a müsahibəsində bildirib ki, beynəlxalq forumda “İnfeksiya nəzarətinin əsasları” kitabının nüsxələri Dünya Səhiyyə Təşkilatının kitabxanasına hədiyyə edilib. Kitab təşkilatın antimikrob davamlılığı nəzarəti üzrə Avropa bürosunun rəhbəri Danilo Lo Fo Vonq tərəfindən də məmnuniyyətlə qəbul edilib.
Danilo Lo Fo Vonq nəşrin aktuallığını yüksək qiymətləndirərək bildirib ki, bu kitab Avropa regionunun digər ölkələrinə praktik dərslik kimi də tövsiyə olunacaq. Qeyd etmək lazımdır ki, kitabda pasiyentlərin infeksiya təhlükəsizliyi və keyfiyyətli tibbi yardım göstərilməsinin optimal şərtlərinin təmin edilməsi üsulları, habelə müalicəvi-diaqnostik prosedurların həyata keçirilməsində risklərin idarə edilməsi haqqında mühüm elmi-praktik informasiya cəmlənib.
Dərs vəsaiti səhiyyə təşkilatçıları və menecerləri, müxtəlif ixtisaslar üzrə həkimlər, əczaçılar, epidemioloqlar, habelə I-IV səviyyəli tibbi profilli ali məktəblərin müəllimləri və tələbələri üçün nəzərdə tutulub. Professor A.Salmanov 220-dən çox elmi işin, o cümlədən 10 monoqrafiyanın, ali tibb məktəblərinin tələbələri üçün üç dərsliyin və bir tədris vəsaitinin müəllifidir. Bundan əlavə, o, Ukraynanın səhiyyə sahəsində üç qanunun və Ukraynada xəstəxanadaxili infeksiyalara fəal epidemioloji nəzarət milli konsepsiyasının müəllifidir.
Ukrayna Nazirlər Kabinetinin və Səhiyyə Nazirliyinin Fəxri fərmanları ilə təltif edilib.Qeyd edək ki, A.Salmanova görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın rəhbərliyi altında həkimlik peşəsini təkmilləşdirmək xoşbəxtliyi də nəsib olub. A.Salmanov Azərbaycan xalqının şanlı qızı, akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr olunan “Cərrahiyyədə risklərin idarə edilməsi”, “İnfeksiya nəzarəti standartları” və “İnfeksiya nəzarətinin əsasları” kitablarının müəllifidir.