16 May 2014 14:50
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrı Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçirilmiş Dənizli 30-cu Beynəlxalq Teatr Festivaldan qayıdıb. Bu barədə Teleqraf.com-a teatrın mətbuat xidmətindən məlumat verilib. Festival may ayının 4-dən - 11-dək davam edib. Festival 30 il ərzində 10 min teatr aktyoru, 600 səhnə əsəri və 300 min tamaşaçıya ev sahibliyi edib.

Bu il festivalda Türkiyənin ayrı-ayrı bölgələrinin kollektivləri və ölkəmizlə yanaşı, İran, Tunis, Hollandiya teatrları öz tamaşaları ilə çıxış ediblər. Festivalda 18 teatr kollektivi ümumilikdə 29 tamaşa nümayiş etdirib. May ayının 9-da Çatalçeşmə Oda Teatrında kollektiv dramaturq-aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası ilə çıxış edib. Quruluşçu rejissoru Əməkdar Artist Nofəl Vəliyev olan tamaşa festivalın mükafatına layiq görülüb.

Məlumat üçün bildirək ki, festival Dənizli bələdiyyəsinin Mədəniyyət və sosial işlər müdirliyinin təşkilatçılığı ilə 1984-cü ildən etibarən hər il ənənəvi olaraq keçirilir. Ötən il P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa sözügedən festivalda iştirak edərək mükafata layiq görülüb.

Nərmin


Müəllif: