17 May 2014 19:06
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İşğal faktoru yaradıcılığa böyük təsir edir"

Mayın 17-i Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 21 il ötür. İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.

Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

Yazıçılarımızla Laçının işğalının onlara təsirindən danışdıq. Ümumilikdə ədəbiyyatımızda Laçın mövzusunun formalaşıb-formalaşmadığını soruşduq.

"Yazıçının yaradıcılığında bu mərələ-mərhələ öz əksini tapır"

Şair İlham Qəhrəman şeirlərində yurd həsrəti olduğunu deyir:"Bu mövzunu təkcə Laçın olaraq yox, Qarabağ kontekstində götürmək lazımdır. Laçında böyük sufi şairi Seyid Nigari və Sarı Aşıq yetişib. Bu iki müəllif də geniş oxucu kütləsinə məlum deyildi. Mən Sarı Aşığın bayatılarını toplu şəkildə çap etdirdim. Seyid Nigari haqqında da kitab çap olundu. İşğala qədər Laçında Ağa Laçınlı, Adil Şirin kimi tanınmış şairlərimiz olub. Onların yaradıcılığında yer, yurd, vətən amilləri daha çox yer tutub. Laçının kəndlərindən, insanlarından öz əsərlərində geniş bəhs ediblər. İşğaldan sonra müxtəlif insanlar tanınmağa başladı. Şərif Ağayarın "Kərpickəsən kişinin dastanı" romanında köçkün-qaçqın həyatı gözəl təsvir olunurdu. Mənim şeirlərimdə daha çox yurd həsrəti öz əksini tapıb. Laçın haqqında daha yaxşı nəsr yazılması üçün gərək müəyyən bir dövr keçsin. Düşünürəm ki, bu mövzuda gələcəkdə gözəl əsərlər ərsəyə gələcək. Ola bilər oxucu narazı qalır ki, daha çox yazılmır bu mövzuda. Ancaq şairin, yazıçının yaradıcılığında bu mərhələ-mərhələ öz əksini tapır".

"Əsərlərimdə insanın ruhi vəziyyəti əks olunur"

Yazıçı Şərif Ağayar yaradıcılığında adətən insanın ruhi vəziyyətini əks etdirdiyini dedi:"90-cı illərin əvvəllərindən yazmağa başlamışam. İlk olaraq şeirlər yazmışam. O vaxtlar aşıq şeirlərinin təsirindən Laçın mövzusuna yer ayırmışam. Ancaq mənim yaradıcılığımda daha çox insanın ruhi vəziyyəti əks olunur. "Kərpic kəsən kişinin dastanı"nda da qaçqınlıq dövründə insanların ümumi vəziyyətini əks etdirmişəm. Bu əsərdə siz hansısa Afrika ölkəsində yaşayan qaçqının hissləri ilə bağlı paralellər görə bilərsiniz".

"Mən özümü məğlub yazıçı hesab etmirəm"

Yazıçı-publisist Fəxri Uğurlu məsələyə başqa konseptdən yanaşmağın doğru olacağını düşünür:"Laçın mövzusu daha çox publisist yazıların mövzusudur. Ayrı-ayrılıqda hər bir bölgənin özünün ədəbiyyatı olmur. Mən düşünmürəm ki, mən məğlub yazıçıyam. Çünki mən məğlubiyyətin anatomiyasını bildiyimə görə bu cür düşünmürəm. Biz erməni xalqı ilə vuruşmamışıq, Rusiya ilə müharibə aparmışıq. Bu gün görə bilərik ki, Ukrayna Krımı qoruya bilmir. İndi biz onları qınaya bilərik ki, nəyə görə torpaqlarını qoruya bilmir. Ancaq bu düzgün deyil. Bütün bu hadisələr qlobal hadisələrin bir hissəsidir. Bizim torpaqlarımızı da Rusiya işğal edib".

"Bu itkinin təsirindən kənarda nəyisə təsəvvür etmək mümkün deyil"

Jurnalist Azər Qaraçənli işğal faktorunun yaradıcılığında böyük rol oynadığını deyir:"Nəinki ayrı-ayrı rayonlardan hətta oradakı dağdan, torpaqdan yazanda ümumilikdə işğalın taleyindən yazmaq deməkdir. Bu mənada Laçından yazılan yazı həm də, Şuşadan, Zəngilandan yazılmış yazıdır. Bizim işğal taleyimiz ümumidir. Bu heç bir şəkildə rayon-rayon, kənd-kənd yazıla bilməz. Müharibənin yaranışından, döyüşən əsgərdən olan ədəbiyyat nümunəsi ümumillikdə Azərbaycanın dərdindən yazmış sayılır.

Bu elə böyük bir itkidir ki, onun təsirindən kənarda nəyisə təsəvvür etmək mümkün deyil. Bütünlükdə yaradıcı hər kəsin düşüncəsinə, ovqatına təsir göstərir. Laçının işğalı bizim nəslin bütünlükdə yaradıcılığında öz təsirini göstərib. Yəqin ki, torpağımız işğal olunmasaydı yazı-pozumuzun formatı başqa cür olardı".

Rövşən


Müəllif: