11 Mart 2015 15:54
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sənətə məşhur olmaq üçün gəlməmişdim”

Bu gün dünyaşöhrətli musiqiçi Sami Yusif Bakıda verəcəyi “Sarı gəlin” konserti ilə bağlı mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, martın 14-15-də Heydər Əliyev Sarayında Sami Yusif azərbaycanlı tamaşaçıların önündə geniş, rəngərəng konsert proqramı ilə çıxış edəcək. O bildirib ki, konsertdə 19 mahnı ifa edəcək: “İki gün baş tutacaq konsertimdə yeni albomumda yer alan mahnılarımı eşidəcəksiniz. Albomda xüsusi ilə sevilən Azərbaycan xalq mahnısı olan “Sarı Gəlin”i də sizlər üçün ifa edəcəyəm. Yeri gəlmişkən, albomda bu mahnı həm azərbaycanca, həm də ingiliscə səsləndirmişəm. Bu mahnını uşaqlıqdan sevmişəm. Azərbaycan mədəniyyətini çox sevdiyim üçün çalışdım ki, bu musiqini albomuma daxil edim. Albomdakı mahnıların ifası zamanı Azərbaycan milli musiqi aləti olan tardan da istifadə olunub”. Azərbaycanda böyük sənətkarların olduğunu deyən Sami Yusif onları çox sevdiyini deyib: “Rəşid Behbudov, Şövkət Ələkbərova kimi sənətkarlarınız olub və mən onları çox sevmişəm. Amma təəssüf ki, yeni sənətçilərin adını çəkə bilməyəcəyəm. Çünki onları tanımıram. Amma musiqiləriniz barədə məlumatlıyam. “Küçələrə su səpmişəm” mənim uşaqlığımın musiqisidir, hələ də qulaqlarımda səslənir”.

Doqquz il bundan öncə Azərbaycana gəldiyini xatırladan müğənni yenidən Bakıya gəldiyi üçün özünü xoşbəxt saydığını bildirib: “Bakı çox dəyişib, çox gözəlləşib. Hündürmərtəbəli binalar, yeni tikililər çox əzəmətlidir. Amma şəxsi fikrimi soruşursunuzsa, deməliyəm ki, mən qədimi Bakını görməyi çox üstünlük verərdim, çünki qədimiliyi sevən biriyəm. Köhnə çayxanaları xatırlayıram. İstərdim indi də o köhnə çayxanaları görüm və orada oturub çay içim”.

Sami Yusif şəxsi həyatından da söz açıb: “Həyatda ən vacib olan insanın ikinci yarısını tapmaqdır. Mən də yarımı tapmışam. Uşaqlarıma da,

həyat yoldaşıma da olan sevgim bərabər bölünüb. Çalışıram balansı qoruyub saxlayım”.

Müğənni jurnalistlərin dini mənsubiyyətlə bağlı suallarını da cavablandırıb: “Hər bir dinə hörmətlə yanaşıram. Amma ailəmdə hər kəs həm həm Şərq, həm də Qərb ənənələrinə hörmətlə yanaşır. İslam hər bir insanın qəlbində olur, heç bir siyasət yürütmür”.

Müğənni sənətə gəlişində atasının da rolunu qiymətləndirib. “Atamı çox sevirəm”-, deyən sənətçi gələcəkdə ataya həsr olunmuş musiqi də ifa edəcəyinə də söz verib.

Sənətçi məşhurluğun onun üçün məqsəd olmadığını da vurğulayıb: “Mənim üçün vacib olan məşhurluq deyil, sənətə gələndə bunu nəzərə almamışdım. Əsas olan ruhumun ifadəsi və rahatlığıdır. Mən mahnı oxuyanda mənən sakitlik tapıram. 14 yaşımdan musiqi bəstələyirdim və oxumaq həvəsi də o vaxtdan yarandı. 6-17 yaşımda musiqi ilə vidalaşmaq istəyirdim. Günlərin bir günü dostlarımdan biri dedi ki, niyə bir albom hazırlamırsan? Albom işıq üzü görəndən sonra hər şey öz axarı ilə getdi. Ailə qurbum və musiqi karyeramı davam etdirdim. Artıq 12 ildir ki, musiqi mənim həyatımın mənasına çevrilib”.

Nərmin

Foto: Rəşad Abbasov


Müəllif:

Oxşar xəbərlər