Sabah Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkov Bakıya səfərə gələcək.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, qısamüddətli səfər zamanı Rusiya kinosunun ən böyük simalarından olan, “Beş gecə”, “Piano üçün yarımçıq qalmış pyes” “Oblomovun həyatından bir neçə gün", “Şahidlərsiz”, “Qara gözlər”, ”Urqa”, “Günəşdən usanmışlar", "Sibir bərbəri", "12", “Günvurma” və bir çox başqa filmlərin müəllifi Nikita Mixalkov azərbaycanlı həmkarları ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparacaq, paytaxtımızla tanış olacaq.
Səfər çərçivəsində Kann, Venesiya kimi dünyanın ən nüfuzlu kino festivallarının qalibi, “Oskar” mükafatı laureatı Nikita Mixalkovun gənc kinematoqrafçılar üçün ustad dərsi təşkil olunacaq.