19 May 2014 17:11
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc rejissorun “Ruhlar”ı

17 may tarixində Lənkəran Dövlət Dram Teatrında E. de Filipponun “Ruhlar” əsəri əsasında hazırlanan yeni tamaşaya ictimai baxış keçirilib.

Teleqraf.com xəbər verir ki, ictimai baxışda Lənkəran şəhərinin teatr ictimaiyyəti ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Nahidə İsmayılzadə, baş məsləhətçi Vəfa Novruzova, Bakı teatrlarının nümayəndələri iştirak ediblər.

Mehman Musabəylinin tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Telman Qəniyevdir.

Tamaşada Əməkdar artist Adil Zeynalov (Alfredo), aktyorlar Əbülfəz Axundov (Paskuale Loyakone), Tərlan Abdullayev (Raffaele) və başqaları oynayır.

Tamaşa insanın həyatda yerini tapmaq uğrunda mübarizəsini əks etdirir. Səhnə əsəri çox sadə, amma eyni zamanda maraqlı və ibrətamiz süjetə malikdir. Böyük, cazibədar bir malikanənin sahibi ruhlar barədə dolaşan şaiyələr ucbatından bu imarəti heç cür icarəyə verə bilmir.

Nəhayət, o, bütün bu şaiyələrə son qoymaqdan ötrü evi yeni evlənmiş cütlüyə pulsuz kirayə verməyi qərara alır. Ruhların dolaşdığı ev kimi məşhur olan bu sarayda həyat yoldaşı Mariya ilə birlikdə yaşamaqla əsərin baş qəhrəmanı Paskuale şəhər sakinlərini inandırmalıdır ki, evdə heç bir ruh yoxdur. Paskuale Alfredo ilə bağladığı “saziş” barədə arvadına xəbər vermir. Amma nəticə etibarı ilə o, arvadının məşuqunu ruh hesab etməklə özü də gülünc vəziyyətə düşür.

Tamaşanın premyerası 22 may tarixində keçiriləcək.

Nərmin


Müəllif: