8 Aprel 2015 12:25

“Qorxu altında” digər filmlərdən nə ilə fərqlənir?

Azərbaycanda mutantların insanlara qarşı olan münasibətlərindən bəhs edən “Qorxu altında” filmi çəkilir.

Filmin istehsalçı şirkəti “N.A Group of Media” ekran işinin Azərbaycanda kino sahəsinə yenilik gətirəcəyinə əmindir. Şirkətin moderatoru Nigar Şamilbəylinin verdiyi məlumata görə, film tərbiyəvi və maarifləndirici xarakter daşıyır: “Film gənclərin narkomaniyadan çəkindirilməsi və bu bəlanın yaratdığı fəsadlardan törəyən mutantların insanlara qarşı olan münasibətlərindən bəhs edir. Filmdə iştirak edəcək gənclər iki seçim turundan keçiblər. İlk seçim turu 19-22 mart tarixlərində baş tutub. Seçimə 450 nəfərdən artıq iştirakçı qatılıb və münsiflər heyəti iştirakçıların arasından 97 nəfəri seçərək aprel ayının 4-nə nəzərdə tutulan 2-ci seçim tura dəvət ediblər. 2-ci tur seçimindən sonra 97 nəfər iştirakçıdan yalnız 50 nəfər filmdə rol alma şansını qazana bilib”.

Filmin ssenari müəllifi və quruluşcu rejissoru Namiq Əlioğlu filmin süjet xətti barədə bunları deyib: “Təbiətin qoynuna ad günü qeyd etməyə gələn bir neçə gənc həmin meşədə yaşayan kannibal mutantların təcavüzünə məruz qalaraq yaşamaq üçün mübarizə aparmağa başlayırlar. Həyatda əyləncə üçün yaşayan gənclər sağ qalmaq uğrunda mübarizə apararkən son anda həyatı dərk etdiklərini anlayırlar. Bu filmin maarifləndirici və tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki, insanlar yaşadıqları həyatın dəyərini anlamalıdırlar”.

N.Şamilbəyli onu da qeyd edib ki, filmin Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində çəkilməsi planlaşdırılıb: “Çəkimlər may və iyun ayları üçün nəzərdə tutulub. Sentyabr və ya oktyabr aylarında isə artıq bir çox kinoteatr ekranlarında film izləyicilərin ixtiyarına veriləcək”.

Nərmin


Müəllif:
Загрузка...