“Uşaqları möcüzəyə inandırmaq çox çətindir”
Azərbaycanda 27 dövlət teatrı fəaliyyət göstərir. Bunların içərisində Bakıda və bölgələrdə fəaliyyət göstərən dövlət teatrları da var. Demək olar ki, onların hər birində uşaqlar üçün tamaşalar hazırlanır. Amma uşaqların kiçik yaşlarından çox sevdiyi kuklalarla oynanılan tamaşalar əsasən Kukla Teatrlarında hazırlanır. Kiçik araşdırma aparıb, Azərbaycanda fəaliyyət göstərən Kukla Teatrlarının sayını, fəaliyyətini araşdırdıq. Görəsən, bu teatrlar öz fəaliyyətlərini necə və hansı şərtlərlə qururlar?
“Müasir dövrdə yeni vasitələr tapılmalıdır”
Başlayaq, paytaxt Bakıda fəaliyyət göstərən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından. Teatrın baş rejissoru Qurban Məsimov deyir ki, sözügedən teatrın qədim ənənələri var: “Kukla teatrı uşaqlar üçün çox önəmli rol oynayır. Belə ki, uşaqlar teatr məkanı ilə ilk dəfə olaraq məhz Kukla teatrı vasitəsilə tanış olurlar. Ona görə də hansı personajın təsvir edilməsindən asılı olmayaraq, uşaqlarla işləyən rejissor və aktyor bütün jestlərin yumşaq olmasına fikir verməlidir. Teatrda hər kəs möcüzə görmək istəyir, amma unutmaq lazım deyil ki, indiki uşaqları möcüzəyə inandırmaq çox çətindir. Ona görə ən əsası bu tamaşaları hazırlayarkən səmimi olmaq lazımdır. Bundan başqa, kukla teatrının aktyorları vokal bacarıqlara malik olmalıdır. Bizim teatrda səhnə arxasında fonoqramla səslənən musiqinin mahnılarını çox vaxt aktyorlar özləri oxuyur. Kukla tamaşalarının hazırlanması üçün müasir dövrdə yeni vasitələr tapılmalıdır. Amma bu zaman əsərin orijinalını pozmamaq şərtdir. Repertuarımız isə zəngindir”.
“Kadr yoxdur”
Qax Dövlət Kukla Teatrı ilk olaraq 1973-cü ildə Qax rayon S.Vurğun adına Mədəniyyət evinin nəzdində İsako Zeynalaşvilinin rəhbərliyi ilə dərnək kimi fəaliyyətə başlayıb. 1976-1992-ci illərdə Xalq Kukla Teatrı adı altında fəaliyyətini davam etdirib. 1992-ci ildə əldə etdikləri uğurlara görə dövlət teatrı statusu alıb. Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov deyir ki, nazirlik, həm də digər teatr cameəsi tərəfindən Qax Kukla Teatrının tanınması, özünü təsdiqləməsi 2005-ci ildən sonra başlayıb: “Teatr özünün xoşməramlı fəaliyyətilə uşaq dünyasına rəng qatmaq, balacaları səhnəyə, böyük sənətə bağlamaq üçün fəaliyyət göztərir. Həmçinin öz tamaşalarımızla biz balacalara estetik zövq aşılayırıq. İstər sovetlər dövründə, istərsə də ölkəmiz müstəqillik əldə etdikdən sonra iştirakçısı olduğumuz beynəlxalq teatr festivalları, əldə etdiyimiz uğurlar buna əyani sübutdur. Teatr, həqiqətən də, inkişaf edir. Həm tamaşaçı, həm də tamaşa baxımından. Hazırda teatrın binası şəhərin mərkəzində, parkın içində yerləşir. Bina teatrın özünün balansındadır. Bakı teatrları ilə müqayisədə əsaslı təmirə ehtiyacı var. Prezidentin sərəncamına görə 2009-2019" teatrların inkişafına dair dövlət proqramına əsasən bizim teatr da təmir olunmalıdır. Ümid edirik ki, bəlkə, bu, gələn il baş tutar”.
Onun sözlərinə görə, teatrda ən böyük problem təhsilli aktyor və aktrisaların olmamasıdır. Hazırda teatrda çalışan aktyorlar orta məktəb təhsili olanlardır. Orta məktəbdən sonra onlar bizdə kurs keçib, işə başlayıblar. Ümumiyyətlə, bizdə kadr yoxdur".
Repertuar məsələsinə gəlincə, direktor bildirib ki, bunu balanslaşdıra bilir: “Hər bir teatrın özünəməxsus repertuar siyasəti var. Repertuar siyasətimiz yaşadığımız dövrün tələbi, klassik tamaşaların təbliği, beynəlmiləlçilik ideyalarının tərənnümü, vətənpərvərlik və əsas millilik bizim üçün əsas, meyardır”.
“Həvəskarlar studiyası yaratmışıq”
1949-cu ildə bir sıra əyalət teatrları ilə yanaşı Salyan teatrının öz fəaliyyətini dayandırması rayonun mədəni dünyasını Salyan Dövlət Kukla Teatrına bağladı. Sözügedən teatr 1973-cü ildə yaradılıb. Salyan Dövlət Kukla Teatrının direktoru Yavər Cəbrayılov deyir ki, teatrda təqdim olunan tamaşalar uşaqların mənəvi tərbiyəsində, onların mədəni səviyyəsinin, dünyagörüşlərinin formalaşmasında böyük rol oynayır: “Bu günə qədər teatrın repertuarında 60-dan çox tamaşa oynanılıb. Biz mədəni hadisələrdən geri qalmırıq. Belə ki, Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar olaraq dövlət sifarişi ilə ”Xırs quldurbasan" tamaşasını hazırlamışıq".
O bildirib ki, teatrın özünün kukla sexi var və daim fəaliyyətdədir. Direktor deyir ki, tamaşalar təkcə Salyanda deyil, ətraf bütün rayonlarda nümayiş etdirilir. Bura Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Biləsuvar, Cəlilabad, Masallı rayonları aiddir: “Teatrın aktyorları yerli sənət adamlarından təşkil olunub. Kollektivimizdə 14 nəfərdən ibarət yaradıcı heyət çalışır. Çox yaxşı, işgüzar və sənətini sevən kollektivdir. Aktyorlarımızın hamısı istedadlıdırlar. Teatrımızda işləmək üçün çoxlu insan bizə müraciət edir. Biz kadr qıtlığı ilə üzləşməmək üçün həvəskarlar studiyası yaratmışıq”.
O bildirib ki, teatrın ən böyük problemi tamaşaçı ilə bağlıdır: “Amma bu, tək bizim deyil, bütün teatrların qarşılaşdığı problemdir”.
Nərmin