15 Aprel 2015 16:28
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com yeni layihəyə başlayır.

Hər dəfə bir müəllifin şeiri müxtəlif qələm adamları ilə müzakirə olunacaq.

Saday Şəkərlinin şeirini Zakir Məmməd və Kəramət Böyükçöl müzakirə edirlər.

Bu da gözəlliyin yaz xəritəsi,
nəğmə xəritəsi, söz xəritəsi,
bir ona bəllidir üz xəritəsi,
inkar olunası, danmalı deyil.

Qışda müşk ətirli gülə dönürsən,
yay günü quruyub gölə dönürsən,
göz var ki, bir anda külə dönürsən,
eşqiylə alışıb, yanmalı deyil.

Dünya sevənlərlə doludu bəlkə,
bu yol ona görə uludur bəlkə,
bu dərd məhəbbətin quludu bəlkə,
bu dərd məhəbbətin hanbalı deyil.

Bu eşqdir, üsyanı bir ac eyliyən,
yeri kündə-kündə merac eyliyən,
bu eşqdir, gözəllik ixrac eyliyən,
şah malı, bəy malı, xan malı deyil.

Aşiqsən, aşiqin ədəbi dərddi,
piri, qibləgahı, məbədi dərddi,
sevgilər tükənir, əbədi dərddi,
bu sevgi bu dərdin xammalı deyil.

– Zakir bəy, mən tənqidçi deyiləm. Sadəcə, Saday Şəkərlinin bu şeiri barədə təəssuratlarımı bölüşmək istəyirəm.
– Buyurun.

– Şeir ən çox təfəkkürlə bağlıdır. Bu şeirdə belə düşünürəm ki, əyalət düşüncəsinin qoxusu gəlir. Nədənsə, mənə çox bayağı gəldi. Məncə, bu şeir heç müzakirə predimnetinə çevrilməyə belə layiq deyil. Əsl toyxana şeir təsiri bağışlayır.
– Kəramət bəy, belə söhbətlərdə "əyalət" ifadəsinin işlədilməsinin tərəfdarı deyiləm. Ona görə ki, bu kəlmə ilə insanların əyalətdə yaşamağı barədə rəy bildirilmiş olur. Hesab edirəm ki, şeir yazmağın bu da bir yoludur. Xatırladım ki, Saday bəyin çox maraqlı sərbəst şeirləri var. Ola bilsin, bir dəfə də onun başqa ölçülü yazıları barədə söhbət açarıq.

– Layihəmizin şərtinə uyğun olaraq, bu şeiri müzakirə etmək üçün siz seçdiniz. Ona görə bilmək istəyirəm, Saday Şəkərlinin şeiri hansı xüsusiyyətinə görə sizing üçün maraqlıdır?
– İnsan həyatında sözdən gözəl şey yoxdur. Ədəbiyyat da söz sənətidir. Bu sənətin sayəsində şeir yaranırsa, o şeiri oxuyub zövq alırıq, elə bil, gözəlliyi seyr edirik. Sözün düzülüşü də, orada ifadə olunmuş fikrin, düşüncənin mahiyyəti də insanın şüurunda əks-səda yaradır. Şeiri mütaliə edərkən bir anlıq o sözün, misranın etizazı nəticəsində səmtini az da olsa dəyişən dünyanın bir parçasına çevrilirsən. Fikir verirsiniz, qoşma janrında yazılmış bu şeirdə heç bir yamaq yeri yoxdur.

– Aha…
– Qəribə bir halı müşahidə etmişəm, hecanın konkret bir qəlibinə alışmış şairlərin bir qismi yazdıqca üzə çıxır, elə şairlər var ki, onlar işlədikcə dərinə baş vururlar. Sadayın bir əlamətdar cəhəti onun misrasının bir-neçə mənada anlaşılmasındadır.

– Məsələn, bu şeirdə hansı misralar bir neçə mənada anlaşılır?
– Şeir bütövlükdə ikili planda öz varlığını bəyan edir. İnsan və onun yer üzündəki mövqeyi bir tərəfdən, elə yer üzünün kanonları ilə təqdim olunur, digər halda ilahi varlığın qayda-qanunları nəzərə çatdırılır. Məsələ belədir ki, bu şeirin hər misrası geniş şərh, izahat tələb edir. Birinci iki misrada bahar fəslində təbiətdəki oyanmadan danışıldığı məlum olur. Üç, dördüncü misraların yazılması məzmunca ilk bəndin statusunu dəyişir. "Bir Ona bəllidir" Allahı yada salır və "üz xəritəsi" həm əvvəlki misralara aid olaraq, yer üzündə baş verənləri, həm də insan üzünü bildirir.

– Sonra…
– Burada bir qədər hürufilikdən gəlmə ovqatın ifadəsi də var. Allahın qüdrəti, birliyi və digər əlamətləri şeirdə əksini tapır.

– Şeirin konkret iki misrasından danışaq.

Bu dərd məhəbbətin quludu bəlkə,
bu dərd məhəbbətin hanbalı deyil.

– İlahi məhəbbətdən söz açılır. Allaha bəndəlik etməkdən bəhs edilir. Dini anlamda "qul" müqəddəs dəyərlərə bağlıdır. "Allahın qulu" deyimi var və ya "ağa", "qul" dini səciyyəli kəlmələr hesab olunur.

– Şair bu misralarla nə demək istəyir?
– Şair demək istəyir ki, sonuncu bənddə də qeyd olunduğu kimi, əbədi dərd Allahın qulu olmaqla bağlıdır. Fikir verirsiz, "məhəbbətin qulu" olmaqdan söhbət gedir. Allaha məhəbbət və o məhəbbətin qulu olmaq insanın əsil və yeganə mahiyyətidir. "Hanbalı deyil" ona görə yazır ki, allah sevgisində təmənnasızlıq var.

– Şeir həmişə yeniliyi ilə diqqət çəkir, yeniliyi ilə maraqlıdır. Bəs bu şeirdə yeni nə var ki, sizing marağınıza səbəb oldu? Sizə elə gəlmirmi ki, min ildi poeziyada deyilən fikirlər Saday Şəkərlinin alababat bu qoşmasında da təkrar olunur? Məsələn:

Aşiqsən, aşiqin ədəbi dərddi,
piri, qibləgahı, məbədi dərddi

– Əvvəl qeyd etdiyim ki, şeir qoşma janrında olsa da, deyim tərzi fərqlidir. Müxtəlif şairlərin dünya və onun fəlsəfi təsəvvürlərdəki əksi ilə bağlantıları müxtəlif şəkildə alınır. Doğrudur, "dərd" (əbədi, böyük kədərdən söhbət gedir) barədə çox yazıblar. Klassiklər bunu qəzəldə yazıblar və s. Amma Saday Şəkərlinin söz düzümü yenidir. Yəni köhnə qəlibdə tərkibi yeni olan məmulatın olduğunu görürük. "Ədəb" çoxmənalı sözdür. Ən maraqlı fikir sonuncu misralarda deyilib. Sevgilərin tükənməsinin əbədi dərd olması bu günün də reallığıdır. Yəni insan yolunu azır, Allahdan üz döndərənlər çoxdur.

– Deyirsiniz, şeir qoşma janrında olsa da, deyim tərzi fərqlidir. Fərqli olan nədir burda?
– Məsələn, "söz xəritəsi", "üz xəritəsi" təzə ifadədir. Bu, elə bir eşqdir ki, üsyanı "ac" eyləyir. İnsan nəyin acıdır, nəyə üsyan edir? İrfan poeziyasıdır.

– Bəs bu misrları necə izah edərsiniz? Gözəllik ixrac eləmək nə deməkdir?

Bu eşqdir, gözəllik ixrac eyliyən,
şah malı, bəy malı, xan malı deyil.

– Düzdür, ayrılıqda "ixrac" heç adamın ağlına gəlmir ki, şeirə yararlı olsun. Ancaq sözü yerinə qoyduqda, onun kələ-kötürü görünmür. "Mal ixrac eləmək" təkcə şeirin misrası fonunda yox, şeirin ümumi ahəngi içində dəyərləndirilməlidir. Hamımız deyirik, "gözəllik". Gözəllikdən danışmayan yoxdur. Ən çox "satılan əmtəədir" də gözəllik. Amma bunu yiyəsi var, o da Allahdır. O gözəlliyi xırıd edən insandır. Belə fikir deyilir ki, tək gözəlliyə hər yetənin əli çatmaz. "Şah malı, bəy malı, xan malı deyil"in mənası budur. Bütün bu dediklərimizlə bərabər, bir dil faktoru kimi şeirin gözəlliyi meydandadır.

– Bu sevgi bu dərdin xammalı deyil. Misra çox quramadır, Zakir bəy, hiss edirsiniz?
– Kəramət bəy, ilk baxışda elə görünür. Amma diqqət edin, müəllifin cəsarətini müşahidə edirsinizmi? Yəni çəkinmədən o "xammal" sözünü lap gətirib şeirin axırında yazmaq nə deməkdir? Şeirin bir özəlliyi elə terminlərin bolluğu deyilmi? Sizcə bu, şairin özünə güvənməsi kimi qiymətləndirilə bilməzmi? Bu da, bəlkə, bir mesajdı ki, "baxın, nədən nə düzəldirəm". Qafiyə sisteminə diqqət yetirin, buradakı improvizə hallarını da nəzərdən qaçırmaq olmaz.

– Ümumiyyətlə, bu şeirin ideyası nədir?
– Şeirin ideyası belədir ki, varlığın nizamı, ölçüsü bizdən kənarda, bizim iradəmizdən kənarda qurulub, təsdiqlənib, ona görə də daha ləyaqətli ömür yaşamağa məhkum olunmuşlarıq. Əsil dərdimiz budur. Cılız sevgilərimizdən fatıya tuman olmaz.


Müəllif:

Oxşar xəbərlər