Türkiyədə və Azərbaycanda məşhur olan aktrisa Nəsrin Cavadzadə “Son məktub” filminin qala gecəsində iştirak etmək üçün Bakıya gəlib. Onunla söhbətimiz Bakıya gəlişi, filmləri ilə əldə etdiyi uğuru, şəxsi və iş planları barədə oldu.
- Nəsrin xanım, Bakıya xoş gəlmisiniz. Özünüzü Vətəndə necə hiss edirsiniz?
- Bu gün burada “Son məktub” filmini təqdim etdiyimə görə çox sevincliyəm. Film eyni vaxtda 100 ölkədə ekranlara çıxdı. Türkiyədə kifayət qədər uğur qazandı, tamaşaçılar tərəfindən sevildi. Amma soruşsanız ki, bu 100 ölkədən hansında filmi daha qürurla təqdim etdiniz, ürəyinizə yaxın bildiniz? Əlbəttə ki, doğulub böyüdüyüm Bakının, Azərbaycanın adını çəkərdim. Belə bir gözəl filmi sizinlə paylaşdığıma görə çox sevincliyəm. Çünki burada doğuldum, 11 yaşına kimi Bakıda yaşadım, sonra isə anamla bərabər Türkiyəyə köçdüm.
- Və orada aktrisa olmaq qərarına gəldiniz. Türk mətbuatına müsahibələrinizdə hər zaman deyirsiniz ki, orada gec qəbul olundunuz, çox çətinliklər çəkdiniz? Ümumiyyətlə, o köç dönəmini və çətinliklərinizi necə xatırlayırsınız?
- Vətənimi tərk edəndə çox üzülmüşdüm. Çətinliklərim çox oldu. 1992-ci illər sovetlərin təzə-təzə dağıldığı dövrlər idi və Türkiyədə də rus qadınları başqa cür qəbul olunurdu. Hətta mən rus dilində danışdığıma görə mənə “Nataşa” da deyirdilər. Bilmədiyim bir dil, tanımadığım bir mədəniyyət, yalnızlıq, özünü sübut etmə ehtiyacı... Bütün bunlarla mübarizə aparmaq və uyğunlaşmaq üçün çox balaca idim.
- Yəqin, tez-tez Azərbaycana gəlirdiniz.
- Əlbəttə ki, gəlirdim. Ən son keçən il Bakıda olmuşam. Bütün qohumlarım burada yaşayır. Anamdan başqa hər kəs buradadır: xalalarım, əmilərim, bibilərim, dayılarım, onların övladları. Bura üçün çox darıxıram. Uşaqlığım, nənəmgilin evi, təamlar, adamlarla dolu olan ailə yığıncaqları, oyunlar, rənglər, yeni ili qarşıladığımız günləri heç vaxt unutmuram. Ailə üzvlərimin hamısı, yəni həm atamın, həm də anamın qohumlarının əksəriyyəti həkimdir. Nənəm 36 il baş həkim olub, anam isə uşaq həkimidir. Babam Mirməmməd Cavadzadə çox tanınmış bir cərrah olub. Nənəm isə əsgərlikdə tibb bacısı kimi fəaliyyət göstərib. Eynən mənim “Son məktub” filmində canlandırdığım Nihal tibb bacısı kimi. Uşaqlıqda mənə deyirdilər ki, Nəsrin, hər bir sənəti seçə bilərsən, amma həkim ola bilməzsən. Xüsusən də bu sözləri anam deyirdi. Çünki həkimlik çox çətin bir peşədir. Anam deyirdi ki, sənin sənətlə əlaqədar bir iş görməyini istəyirəm. Həyatda mənim ən böyük dəstəkçim anamdır. O da mənim sənətin hər hansı bir sahə, ilə məşğul olmağımı arzulayırdı. İlk əvvəl rəssam olacağımı düşünürdüm və çox uzun illər rəssamlıqdan dərs aldım, hətta rəsm üçün qabiliyyət sınağına getdim. Amma sonra fikrimi dəyişdim.
- Ananız, qohumlarınız sizinlə qürur duyur?
- Yəqin. Çünki qürur duyulacaq bir çox işlər gördüm.
- Azərbaycanlı aktrisa kimi Türkiyədə hansı çətinlikləri çəkdiniz və bunlarla necə mübarizə apardınız?
- Həyatımın bir dönəmində, daha doğrusu, Mərmərə Universitetinin Kino və Televiziya fakültəsində təhsil alarkən aktrisa olmaq qərarına gəldim. Filmlərdə çəkilmək istədim və bu istəyimi gerçəkləşdirdim. Şahika Tekand Studionun aktyorluq kursuna yazıldım. Tələbə olarkən ilk dəfə “Yersiz, yurtsuz” serialına çəkildim və birinci baş rolumu orada canlandırdım. Mənə bu rolu həvalə etdikləri üçün özümü böyük məsuliyyət altında hiss edirdim. Əlimdən gələnin ən yaxşısını etməyə çalışırdım. Və təcrübəsizliyimə rəğmən Dubayda Sultan mükafatına namizəd olmağım məni, doğrudan da, çox təəccübləndirdi. Bu, insanı həm çox sevindirir, həm də çox qürurlandırır. Türkiyədə uzun illərdir ki, çox gözəl bir karyera qurmuşam. Artıq 10 filmi arxada qoymuşam. “Son məktub” filmi mənim 10-cu filmimdir.
Çətinliklərə gəlincə, hər insan kimi mübarizə aparıram və ayaqda qalmağa çalışıram. Yaşadığınız çətinliklər sizi hər zaman möhkəm edir. Belə bir söz var: “Bizi öldürməyən şey bizi gücləndirir”. Çətinliklər insanı daha dərin, daha anlamlı bir aktrisa və yaxud da insan edir. Mən də hər insan kimi bir çox çətinliklərlə rastlaşıram və insanlığımı itirmədən onlarla mübarizə aparmağa çalışıram. Ən önəmlisi, bir aktrisa kimi özümü təkrarlamamağa və tamaşaçını təəccübləndirməyə səy göstərirəm. Bununla bərabər özüm üçün də yeni nələrsə öyrənmək istəyirəm.
- Mükafatlı və uğurlu aktrisasınız. Uğurunuzun səbəbi nədədir? Sizi digərlərindən fərqləndirən cəhətlər hansılardır?
- Bu suala cavab vermək çətindir. Fikir bildirdiyim anda sanki özümü digərlərindən ayıracaq kimi hiss edirəm və bu, mənə yaxşı təsir bağışlamır. Sadəcə, hər zaman səmimi olmağa çalışıram. Hər zaman oynadığım obrazın həqiqi görünməsini arzu edirəm. Canlandırdığım obrazın tamaşaçılarımın qəlbinə toxunmasını, baxdıqları hər hansı bir xarakteri özlərində görmələrini istəyirəm. Yəni “bu, bizim qızdır”, deyib özlərinə yaxın hiss etmələrini istəyirəm. Hər zaman bu hədəflə, məqsədlə hərəkət edib rolumu oynamağa çalışıram. Bu günə qədər Türkiyədə bir çox filmlərdə oynadım. 10 mükafat aldım və iki dəfə Antalya Film Festivalında “Altın portağal” mükafatına layiq görüldüm. Türkiyədə iki dəfə “Altın portağal” almış tək qadın aktrisayam və mənim yaşımda o mükafatı alan başqa bir aktrisa yoxdur. Bu da Türkiyənin məni çox yaxşı qarşılaması anlamına gəlir. Xüsusən də festival tamaşaçıları ilə münasibətim çox yaxşıdır. Çünki daha çox sənət filmlərində oynayan bir aktrisayam. Amma digər aktrisalardan nə ilə fərqləndiyimi deyə bilmirəm. Bu suala tamaşaçılar cavab versə, yaxşı olar.
- Türkiyədə film sektorunda kimlərlə dostluq edirsiniz? Dəstəkçiləriniz kimlərdir?
- Özüm-özümə dəstək oluram. Bir menecerim var, bütün layihələri birlikdə məsləhətləşib qəbul edirik. Bu günə qədər də çox yaxşı yaradıcı kollektivlərlə işlədim və ümid edirəm ki, inşallah, bundan sonra da belə olacaq.
- Bir az da “Son məktub”dan danışaq... Rejissor bir qədər öncə mətbuat konfransında sizi çox təriflədi...
- Filmin ssenaristi və rejissoru Özhan Erendir. Filmlə bağlı Özhan bəylə çox sıx əməkdaşlığımız oldu. Həqiqətən, uzun bir yol qət etdik. Bu, çox zəhmətli, duyğulu bir yolçuluq oldu. Filmdə çox böyük kollektivlə çalışdıq. Məncə, bunu demək kifayətdir ki, adicə kamera arxasında 150 nəfər insan çalışırdı. Özhan bəy ssenarini yazarkən, film haqqında danışarkən göz yaşlarını saxlaya bilmirdi və bizi də kövrəldirdi. İzlədikdə nə qədər dərin bir film olduğunu gördünüz. Amma bu axşam mənim üçün xüsusi bir gün oldu. Bakıda doğulub-böyümüş, bu torpaqların suyunu içmiş bir insan kimi özümü burada çox yaxşı hiss edirəm və təcrübəmə rəğmən, böyük həyəcan yaşayıram. İlk dəfə bura çəkildiyim filmlə gəlmişəm və xalqım məni bu ekran əsəri vasitəsilə görmüş olacaq. Film kinoteatrlarda nümayiş olunacaq, xalqımız gəlib baxacaq və inanıram ki, bəyənəcəklər.
- Gələcək planlarınız nələrdir?
- Yaradıcılığımı daha çox filmlərdə çəkilməklə davam etmək istəyirəm. Çünki kino daha qalıcı sənətdir. Serialın məşhurluğu qısamüddətli olur. Belə ki, serial bitdikdən bir müddət sonra unudulursan. Amma kino elə deyil. Seriala çəkilmişəm və təkliflər də alıram. Lakin bundan sonra daha çox filmlərə çəkilməyə üstünlük verəcəm.
- Əcnəbi ölkələrdə filmlərə çəkilmək təklifi alsanız, qəbul edərsiniz?
- Bəli. Mən müxtəlif ölkələrin ortaq istehsalı olan filmlərə də çəkilməyi çox istərdim. Çünki türk, rus, ingilis və fransız dillərini yaxşı bilirəm və buna görə də ortaq işlərdə axtarılan bir aktrisa olduğumu düşünürəm. Azərbaycanda, eləcə də, Avropa ölkələrilə birgə ortaq film istehsalatının içərisində olmaq çox gözəl olardı. Artıq bu il Avropa təmsilçim də var. Bu kimi işlər qismətlə bağlıdır. Ümid edirəm ki, bacararam.
- Bu gün Nihal obrazınızla bizi çox kövrəltdiniz. Filmdə sevdiyiniz insan Çanaqqala döyüşündə rəhmətə gedir və siz ona sadiq qalaraq ailə qurmursunuz. Bəs, həyatda ailə qurmağa, övlad sahibi olmağa necə baxırsınız?
- Vaxtı gəlində ailə qurmaq haqda düşünəcəm. Ailə, övlad sahibi olmaq dünyada ən gözəl duyğulardır.
- Türk, yoxsa azərbaycanlı biriylə ailə qurmaq istərdiniz?
- Bu, qəlbin istəyinə bağlıdır (gülür). Qəlbin kimi sevəcəyini bilmək olmaz.
Nərmin Muradova