Kəramət Böyükçöl şair Qəşəm Nəcəfzadənin şeirini onun özü ilə müzakirə edir.
Çay təsnifi
Sular gedər heca- heca, ləpə-ləpə,dəvə-dəvə,
Sinə-sinə, yata-ata, qalxa-qalxa
Ağır-ağır, qorxa-qorxa
Gülüşə-gülüşə,
Qucaqlaşa-qucaqlaşa
Çiçəkləyə-çiçəkləyə
ləngərlənə-ləngərlənə
Yanlarını basa-basa
O sahili,
Bu sahili
Pusa-pusa...
Daşa dəyib çiliklənər əəəəə-lər
Daşa dəyib diyirlənər şşşş-lar
Aş
Əş
Laş,
Ləş
Mış
Miş
Muş
Müş
Şəkilçilər
Şa, şa şəlalər
Aş, aş aşırımlar
Uç, uç uçurumlar
Qal, qal qaldırımlar
En-en endirimlər
Sıl,sıl sıldırımlar
Daş dibləri mır, mır
Sahilləri qur, qur
Daşın altı lıq-lik
Luk
Lük
Balıq
Xalıq
Daş arası fış-fış
Daşın yanı xış-xış
Daşın başı şa, şa
Daşın beli şı şı
Ləpələr quş-quş
Ləpələr duş, duş
Ləpələr düş, düş
Yağışlar diş-diş
Sular dişlənər diş-diş
Sular əyilər qıj-qıj
Sular yıxılar daş-daş
Ə hərfidi üzə qalxan ləpələr
Quzu mələr “əəə”-yə
Ləpə baxar “məəə”-yə
“Mə” birləşər əəə-ilə
“Ə” öpüşər “məə” ilə
– Ata, bu şeiri niyə yazmısan? Belə şeir yazmaq hardan ağlına gəldi?
– Əvvəl səs yarandı, sonra əşya, sonra söz. Sözlər məni aldatdı. Amma səs adamı aldatmır, mən ilkinliyə, yəni səsə qayıtdım və bu şeiri yazdım.
– Maraqlıdır, şeirin adı niyə “Çay təsnifi”dir?
– Mənim çox təsniflərim var: payız təsnifi, segah təsnifi, cahargah, İlyas Tapdıq təsnifi və s. Axı təsnif səslə bağlıdır.
– Məsələn, şeirdə belə yer var. Bu, nə deməkdir?
Daşa dəyib çiliklənər əəəəə-lər
Daşa dəyib diyirlənər şşşş-lar
Aş
Əş
Laş,
Ləş
Mış
Miş
Muş
Müş
– Bu, suyun səsləridir, çiliklənən suların. Alleterasiyadır. Suyun çırpıntıları şəkilçilərdir. Suyun rast gəldiyi maniələr şəkilçiləri xatırladır.
– İzah eləyirsən, maraqlı gəlir. Bəs şeiri oxuyanda niyə adamı gülmək tutur?
– İnan ki, mən özüm belə istəmişəm. Mən gülməkdə ağlamağı, ağlamaqda gülməyi tapıram. Ciddi şeyləri qeyri-ciddi şeylərdə deyirəm. Şeir adamı ağlatmaq üçün deyil axı. Mənim şeirlərim birbaşa deyil. Mən hadisələr şairiyəm.
– Bu şeirdə hansı hadisə var ki?
– Burda təbiət hadisəsi var. Bu şeiri Elçin Əlibəyli də vaxtı ilə aprıcılıq elədiyi "El İçində" verilişində müzakirəyə çıxardıb. Sağ olsun. Elçin Əlibəyli əsl ədəbiyyat adamıdır. Hətta şeiri özü oxudu. Hamı gülüşdü. Elə sən gülən kimi. Elçin də bu şeirə gülürdü. Gülməsəydi, poetik həqiqət üzə çıxmazdı. Onların gülməyi ilə mənim sakit duruşumun parelelliyi həqiqəti ortaya qoydu.
– Elçin Əlibəyli əsl ədəbiyyat adamıdı?
– Hə, doğrudan deyirəm. O, ədəbiyyatı çox yaxşı bilir. Elçin ədəbiyyatı şouya çervirməkdə haqlı idi.
– Yaxşı, sənin bu şeirin də şoudur?
– Hə, bir az şoudur. Bunun televiziya variantını tapmaq artıq rejisorun işidir. Bəlkə şeiri səhnələşdirmək olar. Bu şeirlə bağlı Elçinin həmin şeir şosusundan sonra artıq hamı bu şeiri az qala əzbər bilirdi.
– Bu şeiri əzbərləmək mümkündür ki?
– Tam olmasa da, ritmini tuta bilirlər, vəznini tuta bilirlər. Yəni şeir fikir şəklində yadda qalır.
– Ata, ümumi danışırsan.
– Bilirsən, oğlum, bir azdan hamı səsə qayıdacaq. Səs Allahın dilidir. Bütün millətlərin bir dili olacaq. Səs dili. İnsan təbiəti yamsılayır artıq.
– Buna bəzi tənqidçilər eksperiment deyirlər, şeir yox. Bu fikirlə razısan?
– Eksperimentlər yaxşı şeirlərin, maraqı dövrün başlağıcıdır. Xeyli vaxt keçəndən sonra eksperimentlər həqiqət olur. Bu mənada bu tipli şeirlərimi yeni şeir dövrünün başlanğıcı hesab edirəm. Özün bilirsən ki, heca şeirini çox sevirəm. Amma mən həm də heca şeirini dəyişmək istəyirəm. Əgər bacarsam...
– Heça şeirini dəyişmək istəyirəm. Bu, nə deməkdir? Min illik heca şeirini necə dəyişmək olar ki?
– Dərindən fikir versən, görərsən ki, bu şeirdəki fikirlər heca şeirin materialıdır.
– Deyirsən ki, eksperimentlər yaxşı şeirlərin, maraqlı dövrün başlanğıcıdır. Amma sən bu tipli şeirlərini davam etdirmədin. Bir silsilə yazdın, vəssalam. Qaldı. Yaxşı idisə, bu yolu niyə davam elətdirmədim?
– Mən bir ədəbiyyat dövrünün adamıyam. Söhbət məndən getmir. Kim üçünsə bir abzas qoydum ki, gəlib o, başlasın, o, davam etdirsin. Mənim belə absazlarım çoxdur. Biri elə sən, bu azasların birini başla yaz.
– Mən heç öz abzaslarımı davam elətdirə bilmirəm, sənin abzasını necə davam elətdirim?
– Orası öz işindi.
– Deyirsən, dərindən fikir versən, görərsən ki, bu şeirdəki fikirlər heca şeirinin materialıdır. Bu fiki adama gəlişigözəl söz təsiri bağışlayır. Bu fikir şeirdəki əndrabadiliyi ifadə eləyə bilmir. Məsələn, konkret olaraq müzakirə etdiyimiz şeirdən bir nümunə götür və izah elə ki, bu, heca şeirinin materialıdır, amma mən sərbəstdə yazmışam.
– Oğlum, bax, bu heca şeirinin içidir.
Sular gedər heca- heca, ləpə-ləpə,dəvə-dəvə,
Sinə-sinə, yata-ata, qalxa-qalxa
Ağır-ağır, qorxa-qorxa
Gülüşə-gülüşə,
Qucaqlaşa-qucaqlaşa
Çiçəkləyə-çiçəkləyə
ləngərlənə-ləngərlənə
Yanlarını basa-basa
O sahili,
Bu sahili
Pusa-pusa...
Daşa dəyib çiliklənər əəəəə-lər
Daşa dəyib diyirlənər şşşş-lar
– Necə yəni heca şeirinin içidir? Nə deməkdir bu?
– Bu parçada heca vəzni çoxdur. Amma bu, sərbəst heca vəznidir.
– Bu tip şeirlərinə münasibət necə oldu? Tənqid eləyənlər çox oldu, bilirəm. Bəs təqdir eləyənlər necə, heç olmasa, şeiri bəyənənlər sənin nə demək istədiyini başa düşdülər?
– Mənə adamların başa düşməyi lazım deyil. Hiss etmək gərək. Bir neçə il bundan əvvəl 35 dənə hələ indiyə kimi çap olunmamış bu tipli şeiri Natavən klubunda ekspront olaraq oxudum. Aparıcı tanınmış tənqidçi və şair Əsəd Cahangir idi.
– Aha...
– Xeyli adam var idi. Ədəbiyyatşünas alimlər, tənqidçilər, şairlər və başqaları tənqid etdilər məni. Çox sevindim. Sərt reaksiyalar, acıq eləyənlər, küsənlər və dalaşanlar oldu. Tanınmış tənqidçi Rüstəm Kamal çıxışında dedi ki, Qəşəm təhlükəli şairdir. O mənada deyirdi ki, yəni Qəşəm intihar edir, tükənir və s.
– Ata, doğrudan, tükənirsən? Bəlkə, doğrudan da, daha şeir yaza bilmirsən.
– Düzdü, mənim silsilə təşkil edən ovqat şeirlərimi oxuyanlar hiss edir ki, bu Qəşəmin sonudur. Elə sən özün də bu fikirdəsən. Amma hər dəfə son mənim üçün yeni başğanğıc olur.
– Mənim üçün də maraqlıdır. Yəqin, oxucular üçün də maraqlıdır ki, bu şeirlə Qəşəm Nəcəfzadə nə deyir?
Ə hərfidi üzə qalxan ləpələr
Quzu mələr “əəə”-yə
Ləpə baxar “məəə”-yə
“Mə” birləşər əəə-ilə
“Ə” öpüşər “məə” ilə...
– Mən kənd adamıyam, şəhərdə yaşamağıma baxma. Misal gətirdiyin və sənə gülməli gələn bu bənddən elə ağlamalı bir heca şeiri "düzəldərdim"ki, səni ağlamaq tutardı. Belə istəmədim. Suların ləpələri “ə” hərifinə bənzəyir. Hər quzunun ağzında bir "mə" səsi var. Quzunun ağzındəkı bu “mə” səsi “ə” hərfi ilə öpüşür və görüşür. Deməli, quzu sudan “ə” hərfini, bir ləpəni içir. Əslində, “ə” səsi quzunun dilindəki “mə” səsinə görə özünü yuxarı qaldırmışdı. Və ona qovuşur. Bu bədii bir lövhədir. Başa düşən də sağ olsun, başa düşməyən də.
Kəramət Böyükçöl